Şəkidə günə 130 ədəd piti qabı hazırlayan dulusçu: şəkillərdə

Fotonun müəllifi Gülər Abbasova

Şəkidə dulusçuluq sənətini yaşadan ustalardan söz düşəndə Məmmədovlar ailəsinin adı xüsusi qeyd olunur. 26 yaşlı gənc usta Rəhman Məmmədov da bu nəslin davamçısıdır. Onun barəsində foto reportajı BBC Azərbaycanca üçün Gülər Abbasova hazırlayıb.

Fotonun müəllifi Gülər Abbasova

"Dulusçuluğu atamdan öyrənmişəm. Yeddi ildir, bu işlə məşğulam. İndi atam işləmir, əmimlə birgə hazırlayırıq. Dörd gün işləyirik, bir-iki gün istirahət edirik. Günə 130-150 ədəd piti qabı hazırlayırıq. Çətin, səbr tələb edən sənətdir."- Rəhman usta bildirir.

Fotonun müəllifi Gülər Abbasova

Emalatxanada ən çox piti qabları, saxsı kuzələr, tavalar hazırlanır. Yaxşı bişirilən qablar uzun müddət istifadə oluna bilir.

Fotonun müəllifi Gülər Abbasova

Qışda emalatxanada qızdırıcı işə düşsə də, otaq nəmişlik olur. Amma gənc usta deyir ki, çörək pulu qazanmaq üçün işləmək lazımdır.

Fotonun müəllifi Gülər Abbasova

Qabların hazırlanması üçün gil Qəbələdən gətirilir. Gil və sudan palçıq yoğrulandan sonra xüsusi dəzgahda qablar düzəldilir.

Fotonun müəllifi Gülər Abbasova

İsitmə piltələri qoyulan xüsusi otaqlarda təxminən on gün quruduqdan sonra, qablar kürədə bişirilir. Bişirilmə prosesi isə səhərdən gecə yarısına kimi davam edir.

Fotonun müəllifi Gülər Abbasova

Kürəni qalamaq üçün çoxlu odundan istifadə olunur. Gənc usta bildirir ki, odun almaq imkanları yetməyəndə qohum-qonşunun evinin damlarından çıxarıb verdikləri köhnə taxtalardan yararlanırlar.

Fotonun müəllifi Gülər Abbasova

Saxsı qabların qiyməti ölçüsünə görə dəyişir, ən kiçik qablar 4 manata, daha böyükləri isə 5-6 manata satılır. Ustanın sözlərinə görə, Şəki bazarında Masallıdan, Gürcüstandan gətirilən dobı (Şəki dialektinə saxsı qablar deməkdir) da satılır. Onların qiymətləri nisbətən ucuz, 2-3 manata olur. Amma Şəkidə istehsal edilənlərlə müqayisədə bu saxsı qablar daha aşağı kefiyyətlidir. Həm hazırlanma materialı davamlı deyil, həm də saxsılar yaxşı bişirmədiyinə görə tez sınır.

Fotonun müəllifi Gülər Abbasova

"Bura xarici turistlər də gəlir, qablardan alıb aparırlar. Amma suvenir kimi alırlar, o da az olur. Əsas alıcılarımız elə öz xalqımızdır. Kafelər, restoranlar üçün çox sifariş edirlər. "

Fotonun müəllifi Gülər Abbasova

Rəhman usta deyir ki, kafe və restoranlar birdəfəyə 100-200 ədəd saxsı qab, xüsusilə də piti qabları alırlar. Saxsı qablar həm Şəki bazarlarına çıxarılır, həm də ayrıca müştərilər də sifariş edirlər. Amerika, Fransa və Rusiyada yaşayan azərbaycanlılar da alıb aparırlar, o əlavə edir.