Mətbuat icmalı: 19 təşkilat Azərbaycanda söz azadlığına basqıları dayandırmağa çağırır

Fotonun müəllifi Getty Images

"Azadlıq": Beynəlxalq koalisiya Azərbaycanda söz azadlığına basqıları dayandırmağa çağırır

19 beynəlxalq hüquq müdafiə təşkilatının birgə bəyanatında deyilir ki, Azərbaycan hökuməti söz azadlığına çoxməqsədli hücum həyata keçirir, o cümlədən İnternetdə tənqidi ifadələrə görə sərt cəzalar tətbiq edir, qraffitiyə görə gəncləri həbs edir, müstəqil kütləvi informasiya vasitələrinin veb-saytlarına çıxışı bağlayır, habelə jurnalistləri və blogerləri sıxışdırır və onların hüquqlarını pozur.

Azərbaycan hakimiyyətini bu təhlükəli tendensiyanın qarşısını almağa və əsas insan hüquq və azadlıqlarına hörmət etməyə çağıran bu qurumlar beynəlxalq tərəfdaşları Bakıdan Avropa İnsan Hüquqlarının Müdafiəsi Konvensiyasının və Vətəndaş Hüquqları və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın iştirakçısı kimi öz öhdəliklərini yerinə yetirməsini tələb etməyə çağırıblar.

"Sumqayıtda jurnalist İkram Rəhimov və sıravi şəxs Rəhman Novruzov yerli hakimiyyətin rüşvətxorluğu haqqında məlumatdan sonra böhtana görə mühakimə olunublar.

Rəhimov iddia edir ki, yerli polis bölməsində şəhər merindən üzr istəməkdən imtina etdiyinə görə üç gün ona işgəncə veriblər.

...Amma noyabrın sonlarında parlament gizli hesablardan "onlayn diffamasiyaya və ya prezident İlham Əliyevin şərəf və ləyaqətinin təhqir edilməsinə görə" cinayət məsuliyyəti müəyyən edən qanunlar qəbul edib," deyə yazıda qeyd edilir.

"...Biz həmçinin Mədən Sənayesində Şəffaflığın təmin edilməsi Təşəbbüsünü Azərbaycanın təşkilata üzvlüyü haqqında qərar qəbul edərkən əsas insan hüquqlarının bu pozuntularını diqqətə almağa çağırırıq", deyə Article 19, International Media Support, International Partnership for Human Rights, MYMEDIA, Netherlands Helsinki Committee, Norwegian Helsinki Committee, PEN America, PEN International, People in Need, Platform, Reporters Without Borders, World Organisation Against Torture və digərlərinin imzaladığı bəyanatda deyilir.

"Azadlıq": Bayram Məmmədova da 10 il həbs verildi; hakimlər son sözə dözməyib zaldan qaçdı

Mayın 10-da Heydər Əliyevin heykəlinə "Qul bayramınız mübarək! şüarını yazandan sonra narkotik ittihamı ilə həbs olunan gənc fəal Bayram Məmmədov 10 il azadlıqdan məhrum edilib.

Hökmü dekabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində Eynulla Vəliyevin sədrlik etdiyi, İradə Həsənzadə və Əhməd Quliyevdən ibarət hakimlər heyəti çıxarıb.

Fotonun müəllifi RAMİN DEKO

Bayram Məmmədov öz son sözündə belə deyib:

"Vəliyev, siz mənə demişdiniz ki, "sən əqidənə görə yox, verilən ittihama görə mühakimə olunursan". Amma hamı kimi siz də yaxşı bilirsiniz ki, mən əqidəmə görə həbs olunmuşam. Mənim burada olmamaq şansım var idi. Bundan sonra polislər haqqında ancaq dırnaq arasında "adamlar" ifadəsini işlədəcəm. O adamlar həbsimin ilk günlərində dəfələrlə mənə təklif edilər ki, heykəlin qarşısına gül qoyum, baş əyib üzr istəyim, AzTV-yə çıxım. Bu cür azadlıqdansa, həbsdə olmaq daha şərəflidir. Həbs desəm də, özümü dustaq hiss eləmirəm. Mən fanatik və azadlıq aşiqiyəm, həmişə də azad insan olmuşam.

Təklifdən imtina edəndə işgəncələr başladı. Bu "adamlar" özləri üçün saxta vətən məfhumu yaradıblar ki, Heydər Əliyev və onun davamçısı İlham Əliyevi sevirsənsə, onlara biət edirsənsə, deməli vətənpərvərsən. Onlara etiraz edirsənsə, deməli, vətən xainisən. Sonra telekanallarda məlum olur ki, guya, hansısa Qərb təşkilatları ilə əlaqən var, o təşkilatları erməni lobbisi maliyyələşdirir və s. Əgər Vətən Heydər Əliyev Fondu, Heydər Əliyev adına hava limanı, Heydər Əliyev Sarayı, Heydər Əliyev Məktəbi, Heydər Əliyev Mərkəzi, Heydər Əliyev Muzeyi, Heydər Əliyev prospekti, ölkənin bütün şəhər və rayonlarındakı Heydər Əliyev parkları, küçələri, Heydər Əliyevin heykəllərindən ibarətdirsə, o zaman, bəli mən vətənə xəyanət edirəm, bununla da fəxr edirəm…"

"Həbs boş şeydir. Əsas odur ki, biz bütü dağıtdıq. Xalqın içindən çıxan iki gənc olaraq, göstərdik ki, Heydər Əliyev büt deyil…"

Bu zaman hakimlər qəfildən müşavirəyə gedib.

"Məhkəmənin hökmündən sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin binası qarşısında gənclər aksiya keçiriblər. Aksiyada "Azadlıq!", "Bayrama azadlıq!", "Qiyasa azadlıq!", "Bayram, Qiyas!" kimi şüarlar səsləndiriblər," - yazıda deyilir.

fins.az: Azərbaycan Gürcüstan iqtisadiyyatına ən çox investisiya qoyan ölkədir

Gürcüstan Milli Statistika Ofisinin yaydığı məlumata görə, bu ilin III rübündə Azərbaycan Gürcüstan iqtisadiyyatına 151 milyon dollar həcmində birbaşa xarici investisiya (FDI) yatırıb. "Qurumun məlumatına görə, bu, ötən rüb qonşu ölkənin iqtisadiyyatına yatırılan məcmu investisiyanın 33%-nə bərabərdir...

Statistika İdarəsinin məlumatına əsasən, Azərbaycandan sonra ilk üçlükdə 111 mln. dollarla (24%) Türkiyə, 52 mln. dollarla (11%) Lüksemburq da qərarlaşıb.

Qeyd edək ki, Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı birbaşa investisiyanın həcmi 2015-ci ilin iyun-oktyabr ayları ilə müqayisədə 27 mln. dollar yaxud 15,17% azalıb.

Ölkə iqtisadiyyatına yatırılan xarici sərmayənin (463 mln. dollar) əsas hissəsi (30,24% və ya 140 mln. dollar) nəqliyyat və rabitə sektoruna yönəldilib," deyə məlumatda bildirilir.

"Azərbaycan": Bakıda Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunan konfrans keçirilir

Dekabrın 9-da Bakıda Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunan "Hər bir kəsin insan hüquq və azadlıqlarının təmin edilməsi: qanunvericilik və Azərbaycan təcrübəsi" mövzusunda konfrans keçirilir.

"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili və BMT-nin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ombudsman Elmira Süleymanova, Milli Məclis sədrinin müavini Bahar Muradova, Milli Məclisin deputatları, BMT-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşları, ictimaiyyat nümayəndələri iştirak edirlər.

Tədbirdə çıxış edən E.Süleymanova ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində görülən işlərdən danışıb.

Bahar Muradova məsələ ilə bağlı mövcud qanunvericilikdən, Milli Məclis və Ombudsman Aparatı tərəfindən bu istiqamətdə birgə görülən işlərdən bəhs edib," - xəbərdə deyilir.

"Xalq qəzeti": Hamburqda Azərbaycan və Almaniya xarici işlər nazirlərinin görüşü keçirilib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Nazirlər Şurasının 23-cü iclası çərçivəsində Almaniya Federativ Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer ilə görüşüb.

Görüşdə Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesi haqqında həmkarına ətraflı məlumat verib.

"Nazir Elmar Məmmədyarov etimad ¬quruculuğu tədbirləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi kimi məsələlərin müzakirəsinin münaqişənin həlli ilə bağlı aparılan substantiv danışıqlar prosesi ilə sinxronlaşdırılmasının və onun tərkib hissəsi olmasının vacibliyini vurğulayıb," - xəbərdə qeyd edilir.

"Xalq qəzeti": Prezident Aqil Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev sərəncamda "əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, iqtisad elmləri doktoru, professor Aqil Əlirza oğlu Əliyevin anadan olmasının 90 illiyinin tamam olduğunu qeyd edir.

Sənəddə daha sonra deyilir:

"1. Azərbaycan Milli Elmlər "Akademiyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə Aqil Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin."

Əlaqəli mövzular