#100Qadın: Döyülməklə necə mübarizə aparmalı - ailə zorakılığı

Göz Fotonun müəllifi THINKSTOCK
Image caption Ailə zorakılığı qurbanları tərəfindən polisə müraciətlərin sayı artmaqdadır.

Qaşındakı çapığı göstərərək "ilk dəfə məni döyəndə bədənimdə bu işarə qalıb" deyir. Onun sözlərinə görə 6 illik ailə həyatının 5 ilini həyat yoldaşı tərəfindən mütəmadi fiziki zorakılığa məruz qalıb. Hazırda paytaxt Bakıda yerləşən Qeyri Hökumət Təşkilatının nəzdində olan sığınacaqlardan birində yaşayan Röyalə (ad şərtidir) BBC Azərbaycancaya öz hekayəsini və zorakılıqdan necə qaçmasını danışıb.

Hər gün zorakılıq

25 yaşı olan Röyalə "tez ailə qurdum 19 yaşımı yoldaşımın evində qeyd etmişəm" deyir. Evləndiyi şəxsdən öz ailəsinin narazı olduğunu bildiyi üçün onların icazəsi olmadan gələcək həyat yoldaşı ilə qaçıb. Amma məlum olub ki, heç oğlanın ailəsi də bu evliliyi dəstəkləmir.

Evliliyin ilk ilindən razılığını bildirən Röyalə, əsas problemin bundan sonra başlamasından söz açır.

Nə baş verdi sualına "....yola gedə bilmədik, hər gün zorakılığa məruz qaldım", deyə qısa cavab verir.

Daha sonra izah edir ki, həyat yoldaşı çox əsəbi adam olub və ailə qurduqdan sonra xanımının ehtiyacları ilə maraqlanmayıb. Röyalə bunun səbəbini soruşmağa başladıqda isə onu döyüb.

"Əsasən başıma vururdu. Yumruqla, təpiklə, (sağ qabırğasını göstərərək) bir dəfə bura elə yumruq vurdu ki, bir neçə gün nə uzana bildim, yə yeriyə. Böyrəklərimə də yumruqla vurub", müsahibimiz deyir.

Röyalənin sözlərinə görə, mütəmadi döyülmələr onda görmə zəifliyi yaradıb.

"Dodağımda qan yığılıb, burnumu sındırıb, qulaqlarıma vurub, neçə gün eşitməmişəm. Bir dəfə telefonla vura-vura başımı deşib", deyən Röyalə "hər dəfə döyəndə bir xəsarət alırdım" deyə əlavə edir.

"Deyirdi ki, qan çıxana qədər döyməlidir ki, rahatlaşsın", deyən müsahibimiz həyat yoldaşının "əsəb problemi" olduğunu təkrarlayır.

Söyüş, təhqir

"Döyəndə məni götürürdü qucağına yerə çırpırdı, ailəsi də qarışanda onlara hücum edirdi, evi dağıdırdı", deyən müsahibimiz öz çəkisinin 46, həyat yoldaşının isə 70-75 kiloqram olduğunu xatırladır.

O deyir ki, özünü heç vaxt müdafiə edə bilməyib, çünki "həyat yoldaşı onu otağın küncünə sıxaraq zərbələr endirib".

Röyalə bu hadisələri təəssüflə xatırlayır. O deyir ki, ailə quranda qayğı, hörmət, məsuliyyət gözləyib, ancaq həyat yoldaşı onunla "əşya kimi davranıb".

"Deyirdi heç bir işimə qarışma, məndən hesabat sorma. Söyüşlə, təhqirlə mənə çox psixoloji təsir etdi bu 6 ildə. Sevib ailə qurmuşam, indi hisslərim dəyişib, ailə həyatından soyutdu məni", deyən Röyalə 5 yaşında bir oğlunun olduğunu da qeyd edir.

Röyalə deyir ki, həyat yoldaşının ailəsində də fiziki zorakılıq çox olub, yəni həyat yoldaşı uşaqlıqdan anasının atası tərəfindən döyülməsinə şahid olub.

"...beynində belə formalaşıb ki , qadını döymək lazımdır", o deyir.

Röyalənin sözlərinə görə, ailə həyatı qurmamışdan əvvəl gələcək həyat yoldaşı ona keçmiş sevgililərini döydüyüynü etiraf edib.

Bunu bilə-bilə niyə onunla evlənməyə razı oldun sualına isə "...mən uşaq idim, qanmırdım. Xoş gəlirdi, elə bilirdim döyürsə demək sevir, çünki mənə elə aşılayırdı" deyə cavab verir.

Röyalə həyat yoldaşından ayrılmağı anasının ölümündən sonra qərarlaşdırdığını deyir. O, bir il boyunca yataq xəstəsi olan anasının qeydinə qalıb. Bu səbəblə anasının evinə köçən Röyalənin ardınca həyat yoldaşı da gəlib.

Amma problemlər burda da davam edib. Röyalə deyir ki, özü ilə yanaşı, xəstə anasını da təhqir etməyə başlayandan sonra həyat yoldaşından ayrılmağa qərar verib. O, axırıncı dəfə anası ölüm yatağında olarkən həyat yoldaşının istədiyi köynəyi hazır etmədiyi üçün döyülüb.

Fotonun müəllifi Getty Images

Röyalə hələ də həyat yoldaşından qorxduğunu və onun tərəfindən ölümlə hədələndiyini deyir. Lakin müsahibimiz yeni həyat qurmaqda qərarlıdır və boşanma prosesinin başlandığını xəbər verirr.

29 il davam edən döyülmə

Sığınacaqda yerləşdirilən digər fiziki zorakılıq qurbanı Sevdanın (ad şərtidir) 46 yaşı var. O, 29 il evli olub və bütün bu illər ərzində həyat yoldaşı tərəfindən düyüldüyünü deyir.

Səbəbi isə, həyat yoldaşının spirtli içki qəbul etdikdən sonra hərəkətlərinə cavabdeh olmamasıdır.

Sevda Azərbaycanın şimal rayonlarından birində doğulub və böyüyüb. 18 yaşı tamam olmamış ailəsi tərəfindən evləndirilib. Deyir ki, ailə qurduğu şəxsə qarşı istəyi olub. Təhsili olmayan Sevda rayonu barəsində " orda qızların ərə verilməsi vacib idi, oxudulması yox" deyir.

"Pəncərələri, qapıları bağlayıb döyürdü. Ən çox başıma vururdu, yumruqlayırdı, təpik vururdu. İki ayağı ilə başımın üstünə də çıxmışdı", yaşadıqlarını təsvir edən müsahibimiz həyat yoldaşının onu döymə tərzini "vəhşilik" adlandırır.

"Neçə dəfə ayrılmaq istəsəm də böyüklər imkan vermədilər, dedilər yaxşı olacaq", deyən Sevda 21 ildən sonra boşanmağı bacarıb. Lakin həyat yoldaşının yalvarışları və verdiyi sözlərdən sonra yenidən onun yanına qayıdıb.

"İl yarım içmədi, amma sonra yenə başladı", deyən Sevda həyat yoldaşı barəsində "içməsə yaxşı idi" deyir.

Zorakılıq törətmiş insanın yanına geri qayıtmasına haqq qazandıran müsahibim "...qayıtdım. Dedim ki, bura qədər gəlmişəm, nə bilmək olar nə qədər yaşayacam" deyir. Sevda deyir ki, əri olmayan qadınlara olan münasibətdən və dedi - qodudan da qorxub.

"Getməyə yerim yox"

Sevda deyir ki, döyüldüyü zaman "heç kim səsinə səs verməyib".

Ata evinə də qayıtmağı da özü istəməyib, səbəbi isə anasının dünyasını dəyişməyi və Sevdanın qardaşının evinə sığınmaq istəməməsi olub.

"Gedəsi yerim yox idi deyə dözürdüm", o əlavə edir.

Sevda döyülmə zamanı özünü müdafiə edə bilməməsindən danışır və deyir ki, bir dəfə həyat yoldaşı onu 5-ci mərtəbədən yerə atmaq istəyib. Müqavimət göstərən müsahibmiz xilas ola bilib.

Həyat yoldaşının zorakılığından qaçmağa isə Sevdanı yeni doğulmuş körpəsi vadar edib.

"Məni döyəndə əlimdə uşaq olduğuna belə baxmırdı, qorxdum ki, uşağı da öldürər", deyən Sevda "...uşaq olmasaydı (zorakılığa) dözəcəkdim", o deyir.

Hazırda Sevdanın qalmağa yeri yoxdur, dediyinə görə həyat yoldaşı evi, mülkü satıb və indi "harda olduğu da bilinmir".

Sevdanın çox şən bir qızı var. Bir neçə ay sonra 2 yaşı tamam olacaq. Sevda deyir ki, tez -tez telefonu qulağına aparıb atasını səsləyir.

"Qızım üçün ən yaxşı həyatı istərdim, xoşbəxt olsun", deyən müsahibim ağlayaraq qızının təhsil almasını arzuladığını bildirir.

Qadınlar niyə döyülür?

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, sığınacaqda bu il müxtəlif vaxtlarda 228 qadın yerləşdirilib və onların 45 faizi fiziki zorakılığa məruz qalıb. Bu qadınlar arasında ölümlə hədələnən, döyülən, boğulan qadınlar var. Bir qadın isə bıçaq xəsarəti aldıqdan sonra bura gətirilib.

1998-ci ildən fəaliyyət göstərən təşkilatın nəzdində qadın sığınacağı 2002-ci ildə fəaliyyətə başlayıb və hazırda burada 27 qadın var.

Mehriban Zeynalova deyir ki, qadınlara hər şeyə görə döyülə bilər. "Ötən il bir qadın çayı gec gətirdiyi üçün öldürülüb", deyən müsahibimiz qadınların həmçinin "dünyanın bütün bəlalarına görə, kişilərin uğursuzluğuna görə" də döyülə biləcəyini qeyd edir.

"Mühit şərait yaradır, qonşu döyürsə, sən də döyməlisən. Döyməsən qadın yolunu azar" xanım Zeynalova əhali arasında gəzən sterotiplərdən bəhs edir. O, həmçinin, qeyd edir ki, "aciz kişilər" fiziki şiddətə baş vuranlardır.

"Qadını daha güclü gördükdə onu qorxu altında idarə etmək istəyirlər", o deyir.

Mehriban Zeynalova onlara müraciət etmiş çox qorxan bir xanımın hüquq mühafizə orqanları tərəfindən bölməyə çağrılmış həyat yoldaşını xatırlayaraq qeyd edir ki, "qarşımızda çox aciz insan gördük, bu qorxunu yaratmağı necə bacarmışdı sual altında qaldı".

Hara vururlar?

Fotonun müəllifi BBC World Service

QHT sədrinin sözlərinə görə, qadınlar əsasən ərləri tərəfindən döyülür. Amma qardaşları, ataları, hətta anaları tərəfindən fiziki şiddətə məruz qalanlar da var.

"Adətən baş nahiyəsinə, göz altına, dodaq üstünə, başın yan hissələrinə vururlar. Buna əsasən döyülən qadınlar zəif eşidir", o deyir.

Xanım Zeynalovanın sözlərinə görə, bir çox qadınlarda döyülmənin nəticəsi olaraq sinir sistemi, hipertoniya, ürək-damar, mədə xəstəlikləri ortaya çıxır.

O, qadınların öz hüquqlarını bilməməsini əsas problemlərdən biri kimi görür və deyir ki, fiziki zorakılığa məruz qalmış qadınlar təhlükə və təhdid anında dərhal 102 qaynar xəttinə zəng vurmalıdırlar.

Ənənədən irəli gələn adi hal

Psixoloq Azad İsazadə deyir ki, BMT-nin məlumatına görə, dünyadakı qadınların 80 faizi müxtəlif ailə zorakılığına məruz qalıb. Burada söhbət, həm iqtisadi, həm psixoloji, həm fiziki, həm də cinsi zorakılıqdan gedir.

O deyir ki, döyən, zor tətbiq edən cürbəcür inan tipi mövcuddur.

"Dünyada kişi hegemonluğu var, bu ailə çərçivəsində də baş verir və qadın fikrini eşitməyib öz bildiklərini edirlər", o deyir.

Psixoloqun sözlərinə görə, döyülmənin səbəbləri bəzən "heç nədir".

"...cəmiyyətdə aqressiya ilə çox rastlaşırıq. Küçədə işdə nəqliyyatda bu aqressiyanı nəzarət edə biliriksə, gün ərzində yığılan aqressiya evdə ailə üzvlərinin üzərinə tökülür".

Müsahibimizin sözlərinə görə, döyülmə halları bir çox hallarda adi qarşılanır.

"Ana deyir, nənən də döyülüb, mən də, döz. Səni ərə vermişik, ancaq meyidin qayıtsın. Şüuraltı qadına yeridilir ki, bu hal normadır", o qeyd edir.

Azad İsazadə problemli ailələrdə ailə böyüklərinin məsələni həll etməyəcəyi təqdirdə, psixoloqa müraciət edilməsini məsləhət görür.

30 ildir hüquqşünaslıq fəaliyyəti ilə məşğul olan Müzəffər Baxışov deyir ki, qarşılaşdığı proseslərdə əsasən qadınlar həyat yoldaşları tərəfindən döyülüb.

"Az hallarda qaynata, qaynata tərəfindən döyülür. Belə hallar mövcuddur", o qeyd edir.

Onun sözlərinə görə, son dövrlərdə ailələr münaqişədən sonra daha çox hüquq-mühafizə orqanlarına müraciət etdiyi üçün, belə hadisələrə daha tez-tez rast gəlinir.

Cinayət və cəza

Ailə daxilində baş verən fiziki şiddət Azərbaycan Respublikası Cinayət Məcəlləsi və İnzibati xətalar məcəlləsi ilə tənzimlənir.

Cinayət Məcəlləsində bu hallar qəsdən sağlamlığa ağır zərər vurma, qəsdən sağlamlığa az ağır zərər vurma, qəsdən sağlamlığa yüngül zərər vurma, əzab vermə maddələri ilə qeyd olunub.

Qəsdən sağlamlığa ağır zərər vurma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qəsdən sağlamlığa az ağır zərər vurma iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır

Qəsdən sağlamlığa yüngül zərər vurma beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Əzab vermə iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə isə iki yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İnzibati xətalar məcəlləsinə görə isə, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

Bu barədə daha geniş