"Naxçıvan məni necə qarşılayacaq?"

Naxçıvan Fotonun müəllifi Chai-Khana

Bakı-Naxçıvan təyyarəsinə minəndə gözlədiyimizin əksinə olaraq keçidlərdə dayanan sərnişinlər görmədik. Heç insanların zarafatla dediyi kimi təyyarədə qoyun aparan da yox idi.

2013-cü ildə Braziliyadan gətirilən yeni jetlərdə uçmaq səyahəti Azərbaycan şəraiti üçün olduqca dəbdəbəli edir.

Naxçıvana Azərbaycandan birbaşa gediş ancaq təyyarə ilə mümkündür, digər alternativ vasitələr ilə getmək istəyirsinizsə İran və Türkiyə ərazisindən keçməlisiniz.

Hətta bir saatlıq təyyarə ilə getdikdə belə Ermənistanın yox, İran hava sahəsi üzərindən uçulur. Milli birlik nümayiş etdirmək, muxtar respublika ilə digər regionlar arasında əlaqəni sıx tutmaq məqsədi ilə Azərbaycan əhalisi üçün təyyarə biletləri 2-3 dəfə güzəştlə satılır.

Təyyarə buludların arasından yerə enərkən düzənliklərin arasından İlan dağının yüksəldiyi ziddiyətli landşaft yavaş yavaş görünməyə başlayır. Rəvayətə görə dağın üzərindəki yarıq Nuhun gəmisinin dağa toqquşmasından sonra yaranıb.

Naxçıvan elə təcrid olunmuş vəziyyətdədir ki, bütün Azərbaycanı gəzib bu regionu yaddan çıxartsanız, sizi bağışlamaq olar.

Naxçıvanla bağlı mənə məlum olanlar prezident və limonlar ilə məhdudlaşırdı. Maraqlı idi, görəsən Naxçıvan məni necə qarşılayacaq?

"Gələcəyini niyə demədin?"

Fotonun müəllifi Chai-Khana
Image caption Azərbaycanın üç prezidenti bu regiondandır

Naxçıvan həm coğrafi həm də sosial siyasi baxımdan qəribə yerdir. Azərbaycanın bir parçası olan bu ərazi Şimaldan düşmən Ermənistan (Dağlıq Qarabağ ərazisi ilə bağlı hər iki ölkə arasında müharibə hələ də davam edir), cənubdan isə Azərbaycan üçün dost ölkə sayılmayacaq İran ilə sərhəddir.

Digər bölgələrdən olanlar üçün Naxçıvanın təbiəti ilə yanaşı oranın insanları da qeyri-adidir. Tətildə Naxçıvana getmək istədiyimi deyədə hər kəs çox təəcüblədi.

Kənardan gələnlər üçün Naxçıvan anlaşılmaz, qəribə və sanki hər şeyin nəzarətdə olduğu bir yer kimi gələ bilər.

Bakıdan olan bir tanışım danışır ki, bir dəfə Naxçıvana gedib, təyyarədən düşən kimi ona dostu zəng edib ki, "niyə gələcəyini əvvəlcədən mənə deməmisən".

Dövlət orqanında işləyən biri öz dostunu CCTV kameralarının birinində axtarıb. Naxçıvana səfər edən azsaylı turistlərə rəsmi dövlət binalarının qarşısında kameralarını çantalarına qoymaq barədə xəbərdarlıq edilib.

Lakin stereotiplər bununla da bitmir. Bakıda tez-tez söhbətlərdə sən haralısan sualı verilir. Bu isə çox zaman hətta Bakıda doğulub böyüyən insanların da köklərinə bağlı olması ilə əlaqədar ola bilər.

"Mən Naxçıvanlıyam" cavabı tanış üz ifadəsi ilə qarşılanır- hakimiyyət, avtoritet və Bakıdakı nazirliklərin qapısını aça biləcək əlaqələr.

Həqiqətən də Azərbaycanın üç prezidenti bu regiondandır. İndiki dövlət başçısı, onun atası və ölkənin türkçü prezidenti Əbülfəz Elçibəy.

Elçibəy 1938-ci ildə Ordubad şəhərindən kənarda yerləşən Kələki kəndində anadan olmuşdur. Qeyd edim ki, Ordubad olduqca gözəl şəhərdir və turistlərin marağına səbəb ola bilər.

Lakin, həqiqətdə isə Naxçıvan əhalisi kənd təsərrüfatı ilə məşğul olan çalışqan əhalidir. Onlar sərhədlərinin 50%-nin blokada şəraitində olduğu ərazidə yaşayırlar.

Bu mehriban insanların həyat bağlarından biri də 15 km uzanan Türkiyə sərhədidir.

Çıxılmaz şəraitdə həyat

Fotonun müəllifi Chai-Khana
Image caption Ordubadın ən məşhur insanlarından biri Səid Ordubadidir

Naxçıvan ona gəlməli olan sərhəd ticarətindən heç bir fayda etmir. Naxçıvanda istehsal azdır, ixracat isə demək olar ki yoxdur. Möhtəşəm ictimai binalar, qədim qalaların təmiri, şosse yollar sanki Bakının neft gəlirlərinin təsdiqidir.

Duzdağ yatağından çıxarılan duz Naxçıvanın azsaylı istehsalatından biridir. Əhali duzun astma xəstəliyinin müalicə etdiyini deyir.

İqtisadiyatin digər aktiv sahələri dağ -mədən və kənd təsərrüfatıdır. Naxçıvan şəhərinin cənub-şərqinə, Ordubad şəhəri tərəfə getdikçə landşaft dəyişir: qayaları meyvə bağları əvəz etməyə başlayır.

Yerli sakin Naxçıvanla İranın Savalan dağ silsiləsini ayıran Araz çayını göstərir. O, sahil boyu uzanan sərhəd şəhərləri göstərir və İran ticarətçilərinin blokadada olan Naxçıvana necə mal satdıqlarından danışır.

Blokada mədəniyyətdə də özünü biruzə verir. Naxçıvan digər regionlara görə daha mühafizəkardır. Qonaqpərvər Naxçıvana gələn müsafir yemək vaxtı qadınlarla kişilərin ayrı oturduğunu görə bilər.

Bu isə təəccüblü deyil, Naxçıvanın yerləşdiyi coğrafi ərazi və hazırkı şərait, patriarxal ənənələri zəiflədə biləcək yeni ideyaların qarşısını alır.

Şəhərə kənardan gələnlər əsasən İrandan olan və dini şəhərləri ziyarətə gedən, qara çadraya bürünmüş turistlər idi. Müstəqil QHT-lərin sorğuları da Naxçıvanın "sərhədinə" daxil ola bilmir, bu isə öz növbəsində regionda böyük məlumat boşluğu yaradır.

Lakin Naxçıvan həmişə belə olmayıb. İndiki durğunluq dövründən fərqli olaraq, hal-hazırda Ermənistan və İran sərhədinə yaxın olan Ordubad şəhəri bir zamanar qədim ticarət yolunun əsas şəhərlərindən biri idi.

Ordubadın ən məşhur insanlarından biri - Səid Ordubadinin hazırkı müti Naxçıvanın tam əksi olduğunu demək olar. O satirik Molla Nəsrəddin jurnalının publisistlərindən biri idi və öz yazılarında o dövrün ən nüfüzlu şəxslərindən olan mollaları tənqid atəşinə tuturdu.

İndi Ordubadın çinar ağaclarından birinin kölgəsi altında öz doğma şəhərinin regionun siyasi və ərazi cəhətdən ən zəifinə döndüyündən narahat olan Ordubadini təsəvvür eləmək elə də çətin deyil.

Əlaqəli mövzular

Bu barədə daha geniş