Mətbuat icmalı: "Qara bazarda dollar bahalaşıb"

Fotonun müəllifi Getty Images

"Azadlıq": Axşam saatlarında "qara bazar" dolları qaldırıb

Dekabrın 11-i axşam saatlarında Bakıda bəzi ərazilərdəki "qara bazar"da dolların bir qədər də bahalaşaraq 1,83 manata alındığı və 1,8450 manata satıldığı bildirilir.

"Bundan əvvəl "qara bazar"da dolları 1,82 manata satmaq, 1,83 - 1,8350 manata almaq olurdu.

Dolların bahalaşması "qara bazara" qarşı aparılan mübarizə ilə bağlı ola bilər. Hökumət "qara bazara" dollar ötürən bankirləri aşkar etmək üçün hərəkətə keçib. Bu da bankların işləmədiyi gündə qanunsuz bazara verilən dolları azaldıb. Dolların az məbləğlərdə də olsa banklarda satılmasına nail olmağa çalışılır," - qəzet yazır.

"Azadlıq": Suyun da qiyməti bahalaşdı

Tarif (qiymət) Şurası növbəti qərarını verib. Şura "Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə" 2016-cı il 13 may tarixli 6 nömrəli Qərarına dəyişiklik edib.

"Dəyişikliklərə əsasən, "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti üzrə 1 kub metr su təchizatına görə (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) tarif ƏDV ilə birlikdə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 0,50 manat, digər inzibati ərazi vahidləri üçün isə 0,45 manat təsdiq edilib," - məlumatda deyilir.

Daha öncə bu qiymətlərin müvafiq olaraq 35 və 30 qəpik olduğu, beləliklə, bu yeni qərarla qiymətin 1 kubmetr su təchizatına görə 15 qəpik artırıldığı bildirilir.

Tarif Şurası: Su təchizatı və tullantı sularının axıdılması tarifləri artırılmayıb

Azərbaycanda su təchizatı və tullantı sularının axıdılması tarifləri artırılmayıb. Bu barədə Trend-ə Tarif (qiymət) Şurasının Katibliyindən məlumat verilib.

Şuradan bildiriblər ki, su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin artırılması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılır, tariflərin birləşdirilməklə vahid tarif sisteminə keçilməsi tarif artımı kimi təqdim olunur. Bu cür yanlış məlumatlar isə əhali arasında çaşqınlıq yaradır.

Tarif (qiymət) Şurası bir daha xatırladır ki, "Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə" 13 may 2016-cı il tarixli Qərarla "Azəristiliktəchizat" ASC üzrə 1 kubmetr su təchizatına görə tariflər Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 0,35 manat, digər inzibati ərazi vahidləri üçün isə 0,30 manat, tullantı sularının axıdılması xidmətinə görə isə 0,15 manat təsdiq edilmişdi.

Şuranın 28 noyabr 2016-cı il tarixli iclasında müvafiq qərara dəyişiklik olunub, "Azəristiliktəchizat" ASC-nin "Azərsu" ASC-dən aldığı su təchizatı və tullantı sularının axıdılması xidmətləri üzrə tariflər birləşdirilərək vahid tarif təsdiq edilib. Belə ki, adıçəkilən bu iki subyekt arasında 1 kubmetr su təchizatı və tullantı sularının axıdılması tarifləri Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 0,50 manat (0,35 manat + 0,15 manat), digər inzibati ərazi vahidləri üçün isə 0,45 manat (0,30 manat + 0,15 manat) olmaqla dəyişdirilməyib, birləşdirilərək əvvəlki səviyyədə saxlanılıb.

"Azərbaycan": Azərbaycan XİN: İstanbulda törədilən qanlı terror aktını qəti şəkildə pisləyirik

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi İstanbul şəhərində törədilmiş terror aktı ilə əlaqədar mətbuata açıqlama yayıb.

Açıqlamada deyilir: "Biz, İstanbulun Beşiktaş rayonunda törədilən, çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan qanlı terror aktını qəti şəkildə pisləyirik. Bu xain terror aktı nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, kədərini bölüşür və yaralananların tezliklə şəfa tapmasını diləyirik. Qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha vurğulayırıq".

...Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini dəstəkləyir."

"Azərbaycan": MDB-yə üzv ölkələrin Azərbaycandakı səfirləri Heydər Əliyevin məzarını ziyarət ediblər

"Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Azərbaycandakı səfirləri Ulu Öndərin anım günü ilə əlaqədar dekabrın 11-də Fəxri xiyabana gələrək ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də tər çiçəklər düzülüb," deyə xəbərdə bildirilir.

Lent.az: Özəl universitetlərin inkişafı stimullaşdırılacaq

Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə deyilir ki, Azərbaycanda özəl universitetlərin müstəqilliyinin artırılması və inkişafı üçün stimullaşdırıcı tədbirlər görüləcək.

Sənəddə qeyd olunur ki, hazırda Azərbaycanda gənclərin ali təhsillə əhatə olunma səviyyəsi aşağıdır. "Bu da uzaq perspektivdə ölkənin rəqabət qabiliyyətli və dayanıqlı inkişafına maneə yarada bilər. Yüksəkixtisaslı kadr hazırlığının əmək bazarının tələbinə və beynəlxalq ixtisas təsnifatına uyğunlaşdırılması, uzunmüddətli proqnozlaşdırma mexanizminin hazırlanması istiqamətində fəaliyyətlər, əmək bazarında diferensiallaşmış əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması üzrə mexanizmlərin hazırlanması dəstəklənəcək.

....Ölkədə ilk növbədə,bəzi ixtisaslaşmış universitetlərdə klasterlərin yaradılması təşviq ediləcək. Ali təhsil sisteminin keyfiyyətinin yüksəldilməsi nəticəsində daha keyfiyyətli insan kapitalı və intellektual potensial formalaşacaq, əmək məhsuldarlığı artacaq.

Ali təhsil haqqında qanunun və dövlət proqramının qəbul edilməsi məsələsi nəzərdən keçiriləcək," deyə məlumatda bildirilir.