Mətbuat icmalı: İsmayıllıda daha bir zəlzələ qeydə alınıb

Fotonun müəllifi Getty Images

"Azərbaycan": "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Milli Məclisi 2016-cı il oktyabrın 28-də "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik edib. Bu addım sözügedən qanunu "Dini ekstremizmə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə atılıb.

Qəzetin bugünkü buraxılışında dərc edilmiş sənəddə deyilir:

"...11-1.1. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında kütləvi informasiya vasitələri işçilərinin fəaliyyəti əməliyyat aparan orqan tərəfindən müəyyən edilir.

11-1.2. Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat barədə ictimaiyyətə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilir.

11-1.3. "Dini ekstremizmə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yayılmasına yol verilmir."

"Yeni Müsavat": Azərbaycan Beynəlxalq Bankı öz ipoteka proqramı çərçivəsində layihələri yenidən qiymətləndirəcək

Bankın mətbuat xidmətindən "Trend"ə verilmiş məlumatda bildirilir ki, hazırki ipoteka layihələri səmərəlilik baxımından onların yenidən qiymətləndirilməsindən sonra bərpa edilə bilər.

"Hal-hazırda biz 20 illik ipoteka verilişini nəzərdə tutan layihələri yenidən qiymətləndiririk, ona görə də bu layihələr çərçivəsində mənzillərin alınmasının maliyyələşdirilməsi dayandırılıb. Proses yekunlaşdıqdan sonra biz bank üçün daha əlverişli şərtlərlə layihələri bərpa edə bilərik", deyə bank rəsmisi bildirib.

Beynəlxalq Bankın Kristal Abşeron, Bakı Ağ Şəhər, Renessans Palace, Yeni Həyat və digər tikinti şirkətləri ilə əməkdaşlıq etdiyi bildirilir.

"Azadlıq": SOCAR-ın ziyanla işləməsinin sirri

İqtisadçı Zöhrab İsmayıl SOCAR-ın ziyanla işləməsi barədə iddialara şərh verərkən bildirib ki, "ortada aşkar bir yalan var". Ekspert devalvasiyanın təsirini istisna etmir.

"Devalvasiya da maya dəyərinə təsir göstərib. Amma birincisi, devalvasiyalar elə 2015-ci ildə baş verib. Birinci devalvasiya 2015-ci il üzrə maya dəyərində öz əksini tapıb. İstənilən halda devalvasiyanın təsiri bu qədər ola bilməz. Tutaq ki, xaricdən alınan mal-material bahalaşıb, amma qalan komponentlərin qiyməti qalxmayıb, vergi dərəcəsi artmayıb. Bir sözlə 3.6 dəfə bahalaşma heç cür mümkün ola bilməz", ekspert qeyd edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli isə SOCAR-ı korrupsiyada ittiham etmişdi. "50 min nəfər işçisi olan SOCAR guya öz neftini özü sata bilmirsə və bununla məşğul olan "qohum-əqrəba" bu işdən 100 milyonlar qazanırsa, SOCAR ziyanla işləyər də", - deyə Ə.Kərimli yazmışdı.

"Ə.Kərimli başqa qaz hasilatçısı olan ölkələrdə maya dəyərinin nisbətən aşağı olmasını Azərbaycanda korrupsiya amili ilə izah edirdi.

Ə.Kərimlinin bu ittihamlarına, hələlik, SOCAR-dan cavab verilməyib," - qəzetin AzadliqRadiosuna istinadən dərc etdiyi yazıda deyilir.

"Azadlıq": Samir Əliyev: "Tam üzən məzənnə kəskin devalvasiyaya səbəb olacaq"

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov jurnalistlərə açıqlamasında deyib ki, "Hazırda tam "üzən məzənnə"yə keçidlə bağlı işlər aparılır və tezliklə öz proqramımızı ictimaiyyətə elan edəcəyik".

"Biz artıq bu ilin əvvəlindən "üzən məzənnə"yə keçmişik. Fevraldan mərkəzi bank öz pulunu hərraca çıxarmır. Amma bazarda tələblə təklif arasında böyük disproporsiya var," deyə o bildirib.

...İqtisadçı Samir Əliyevin sözlərinə görə, Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsində tam üzən məzənnə rejiminin tətbiqinə keçid hədəflənib.

"Hökumətin üzən məzənnəyə keçmək istəyi başa düşüləndir və gələcəkdə maliyyə sabitliyinin əsas qarantlarında biri ola bilər. Baxmayaraq ki, Mərkəzi Bank dekabrın 21-dən sonra üzən məzənnəyə keçidi elan edib, proseslər göstərdi ki, baş bankımız yumşaq desək buna nail ola bilməyib. Çünki dolların manata qarşı məzənnəsini tələb və təklifin səviyyəsi yox, Neft Fondu və Mərkəzi Bankın valyuta ehtiyatları, eyni zamanda ikincini inzibati müdaxilələri müəyyənləşdirir. Belə olmasaydı Mərkəzi Bankın valyuta ehtiyatları üzən məzənnəyə keçiddən sonra 5 milyardan 4 milyarda qədər azalmazdı.

...Tam üzən məzənnəyə keçid mümkündürmü və bu halda manatın dollar qarşısında məzənnəsi necə olacaq? Əvvəllər olduğu kimi bir daha fikrimdə qalıram ki yaxın dövrdə Azərbaycanda tam üzən məzənnəyə keçid mümkün deyil. Azərbaycan iqtisadiyyatının mövcud durumu ölkəni neftdən kənar dollarla təmin edəcək durumda deyil. Ölkəyə əsasən 3 mənbədən valyuta gəlir. Neft Fondu, Mərkəzi Bank və SOCAR.." - deyə ekspert qeyd edib.

fins.az: Minimum əməkhaqqı orta əməkhaqqı səviyyəsinin 60 %-nə yaxınlaşacaq

Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə belə deyilir.

"Qeyd olunur ki, 2025-ci ildən sonrakı dövrdə yoxsulluq ünvanlı şəkildə tam aradan qaldırılacaq, keyfiyyətli səhiyyə xidmətlərinə və təhsilə çıxış imkanları genişləndiriləcək. Ötən on il ərzində keçilmiş yolu davam edərək, dövlət iqtisadi inkişafın ən yoxsul insanları əhatə etməsini və beləliklə də ünvanlı olaraq yoxsulluğun aradan qaldırılmasını təmin edəcək.

Yol xəritəsində bildirilir ki, 2025-ci ildən sonrakı dövrdə yoxsulluq probleminin həllinə iki yanaşma olacaq: layiqli iş yerlərinin sayının artırılması; əməkhaqqı və digər gəlirləri ilə ən zəruri ehtiyaclarını ödəyə bilməyən insanlara ünvanlı sosial dəstək.

Minimum əməkhaqqı məbləğində tədrici artım işləyən yoxsul insanların xüsusi çəkisini minimuma endirəcək. Xüsusən də minimum əməkhaqqı orta əməkhaqqı səviyyəsinin 60 faizinə yaxınlaşacaq," deyə yazıda göstərilir.

Lent.az: Azərbaycanda ikinci güclü zəlzələ

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, İsmayıllıda baş vermiş növbəti zəlzələ saat 04:33:32-da Pirquludan 13 km şimal-qərbdə İsmayıllı rayonu ərazisində 4,5 bal gücündə, 9 km dərinlikdə qeydə alınıb. Zəlzələ episentrdə 4 bal və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Lent.az: Bu gün Netanyahu Azərbaycana gəlir

Bu gün İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycana bir günlük səfəri başlayır.

İsrailin baş naziri Azərbaycana ilk səfəri zamanı prezident İlham Əliyevlə görüşəcək.

Netanyahu Azərbaycandan Qazaxıstana gedəcək.

Qeyd: Bu yazının "İsmayıllıda daha bir zəlzələ qeydə alınıb" başlığı daha öncə "Balakəndə daha bir zəlzələ qeydə alınıb" kimi çap olunub. Yanlışlığa görə üzr istəyirik.