Bir ildir ki, gəlib gedirik – pul yoxdu: Maaş ala biməyən işçilər
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Maaş ala biməyən işçilər etiraz edir

Azərinşaatservis Məhdud Məsuliyyətli Cəmiyyətin əmək haqlarını ala bilməyən işçiləri çərşənbə axşamı Əmək və Əhalinin sosial müdafiəsi Nazirliyinin önünə toplaşıblar.

Onlar bildirir ki, Azərinşaatservis 200-ə qədər işçiyə hələ də pul borcludur və bir ildən çoxdur ki bu problem həllini tapmır.

Əmək və əhalinin sosial müdafiəsi nazirliyi tərəfindən qəbul edilən bir neçə işçi deyir ki, onlara bir həftə ərzində araşdırma aparılacağı və cavab veriləcəyi deyilib.

Ötən ilin sonunda cəmiyyətin 1000-dən çox işçisi əmək haqlarını ala bilmədiklərini və bunun səbəbinin şirkət rəhbərliyinin həbsi ilə əlaqəli olduğunu demişdilər.

Bu həbslər ötən ilin sentyabr ayında baş tutub. Mətbuatda yayılan məlumata əsasən, şirkət rəhbərliyi bankların birindən yüksək məbləğdə kredit götürərək qaytarmayıblar.

İşçilərin çoxu işdən çıxarıldıqlarını bildirirdilər. 2015-ci ilin noyabrında əmək haqları verilsə də, onlar deyir ki, bir çox işçiyə hələ də ödəniləcək məbləğlər qalıb. Müsahiblərimiz qurumlar arasında gedib gəlməkdən yorğun olduqlarını və məsələnin tez zamanda həll edilməsə məhkəməyə müraciət edəcəklərini deyirlər.

Azərinşaatsevis MMC-nin direktoru Vidadi Hüseynov BBC Azərbaycancaya deyib ki, problem şirkətin külli miqdarda olan kredit borcuna görə yaranıb. “Resurslar axatırırq” deyən direktor bu məsələnin üstündə ciddi məşğul olduqlarını və həll yollarının tapılacağını deyir.

Dörd min manat alacağı olan işçi Əziz Həsənov deyir ki, ötən həftə yenidən şirkətin baş ofisinin qarşısında toplaşıblar. Rəhbərlik onlara: “şirkətin möhürü və əmək haqları verilməyən işçilərin siyahısı artıq Maliyyə Nazirliyinə göndərilib” deyib.

İşçilər Maliyə Nazirliyinin bu faktı təkzib etdiyini və Azərinşaatservisdən heç bir siyahı almadığını bildirib.

Maliyyə Nazirliyinin sözçüsü BBc Azərbaycanaya deyib ki, bu barədə məlumatlı deyil və yalnız araşdırma apardıqdan sonra sualları cavablaya bilər.

Videonu BBC Azərbaycanca müxbiri Günel Səfərova hazırlayıb.