İqtisadiyyatın strateji yol xəritəsi nədir? İzahı 6 suala cavabda oxuyun

Fotonun müəllifi Reuters

Yol xəritəsi nədir?

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri haqqında sənəddə deyilir ki, bu, iqtisadiyyatın rəqabətqabiliyyətliliyini, inklüzivliyini və sosial rifahını daha da artıracaq, investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafına yardım edəcək.

Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 3 dövrü əhatə edir: 2020-ci ilədək, 2025-ci ilədək və 2025-ci ildən sonrakı dövr.

Hansı işlər görüləcək?

"Xarici şokların mənfi təsiri" nəticəsində yaranmış vəziyyətdən çıxmaq: sabitləşdirilmə, şaxələnmə və dünya iqtisadiyyatına inteqrasiya etməklə, rəqabət qabiliyyətinin artırılması ilə.

İş yerlərinin yaradılması, mənzil təminatı, təhsil və səhiyyə xidmətləri, kommunal xidmətlər və ünvanlı sosial yardım sistemindən reabilitasiyaya keçid yolu ilə yoxsulluğun azaldılmasına səylər göstəriləcək, proqramda deyilir.

Bu dövrün iqtisadi inkişaf perspektivinin fundamental əsası- makroiqtisadi sabitliyin qorunması, biznes mühitinin yaxşılaşdırılması, özəl sektorun investisiya qoyuluşlarının təşviqi və dəstəkləyici dövlət sektorunun yaradılmasıdır.

2025-ci ilə qədər qeyri-neft sektoruna yönəldilmiş birbaşa xarici investisiyaların qeyri-neft ümumi daxili məhsulundakı payının 4 faizə çatdırılması hədəflənib. Hazırda bu payı 2,627 %-dir.

Həmçinin qeyri-neft sektoru üzrə ixracın 2015-ci ildəki adambaşına 170 ABŞ dollarından azı 450 ABŞ dollarına qaldırılması, ticari mal və xidmətlər sektorunda, məsələn istehsal və ya turizm sektorlarında 2025-ci ilə qədər 150 min əlavə iş yerinin yaradılması hədəflənib.

Bu dövrdə Neft Fondundan büdcə köçürmələrinin 15 faiz azaldılması da hədəflərdən biridir.

İnstitusional islahatlar:

Xəritələr özündə yeni iqtisadi artım yanaşmasını ehtiva edir. Bunun üçün strateji seçim - məhsuldarlıq əsaslı artım yanaşmasının qurulmasıdır. Bunun üçünsə bir sıra prioritet addımların atılması - institusional islahatlar aparılması zəruri sayılıb:

  • Məhkəmə-hüquq islahatlarının davam etdirilməsi - müstəqil məhkəmə institutunun möhkəmləndirilməsi və qanunun aliliyinin təmin edilməsi ilə mülkiyyət hüquqlarının qorunması.
  • Qanunun aliliyinin gücləndirilməsi - qanunvericiliyin təkmilləşdirilməsi, qanunların icrası mexanizmlərinin gücləndirilməsi və şəffaflaşdırılması.
  • Biznes mühitinin yaxşılaşdırılması - biznesin dövlət tənzimləmə mexanizmlərinin effektivliyinin artırılması, vergi-gömrük idarəetməsinin keyfiyyətinin daha da yüksəldilməsi, bazara daxilolma məhdudiyyətlərinin minimuma endirilməsi, eyni zamanda, azad rəqabət mühitinin təmin edilməsi.

2025-ci ildən sonrakı dövr - sosial rifah halının yaxşılaşdırılmasını və insan inkişafı indeksinin ən yüksək həddə çatdırılmasını təmin edən və yüksək texnoloji inkişafa və iqtisadiyyatın optimal strukturuna əsaslanan güclü rəqabətqabiliyyətli və inklüziv iqtisadiyyat qurmağı nəzərdə tutur.

Hansı sahələri əhatə edəcək?

Sənəd əsasən 11 sektoru əhatə edir:

neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalına və emalı, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı, ağır sənaye və maşınqayırmanın inkişafı, ixtisaslaşmış turizm sənayesinin inkişafı, logistika və ticarətin inkişafı, uyğun qiymətə mənzil təminatının inkişafı, peşə təhsili və təliminin inkişafı, maliyyə xidmətlərinin inkişafı, telekommunikasiya və informasiya texnologiyalarının inkişafı, kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafı.

Kiçik və orta sahibkarlara hansı faydası olacaq?

Bu sənədə görə sahibkarların iqtisadi fəallığının artırılması, özəl təşəbbüslərə dəstək, sağlam rəqabət mühitinin formalaşdırmaq və dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi iqtisadi siyasətin mühüm istiqamətlərindən biridir.

Bütün sahələr üzrə strateji xəritələr ictimaiyətə təqdim edilməsə də, xəritənin ümumi təqdimatında bəzi sahələrın adı çəkilir.

Edilən təkliflərə əsasən, ağır sənaye və maşınqayırma sahəsində özəl sektorun iştirakçılığı - aktivlərin səhmlərinin özəl şirkətlərə satıla bilər.

Logistika və ticarət sahəsində də özəl sektorun çəkisinin artırılması təklif edilir.

Sadə vətəndaş bu fərmandan nə gözləməlidir?

Strateji Yol Xəritəsi 2025-ci ilə qədər 450 mindən çox yeni iş yerinin yaradılmasını nəzərdə tutur.

Vətəndaşlara bu xəritələr birbaşa olaraq, xidmət sahələrinin, o cümlədən kommunal xidmətlərin səmərəliliyin və insan kapitalının keyfiyyətinin artırılmasından yararlana bilər, sənəddə deyilir.

"Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"ndə elektrik enerjisi sektorunun - istehsal və satışın liberallaşdırılması təklif edilir.

İnsan kapitalının inkişaflna gəldikdə isə, təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi, təlimlər vasitəsilə işçilərin bilik və bacarıqlarının inkişaf etdirilməsində fasiləsizliyin təmin edilməsi, ixtisaslı kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması, şirkətlərin araşdırma və təkmilləşdirmə sahəsinə investisiya qoyuluşunun stimullaşdırılması, mövcud insan kapitalından səmərəli istifadə edilməsi təklif olunur.

Sual-cavab fərmanın president.az saytında çap edilmiş nüsxəsinə əsasən hazırlanıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş