Mətbuat icmalı: Ərzaq məhsulları sürətlə bahalaşır

"Azadlıq": Ərzaq məhsulları sürətlə bahalaşır

Dövlət Statistika Komitəsindən fins.az-a bildiriblər ki, 1 ildə ərzaq məhsullarının qiymətləri 14,1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 16,8 faiz artıb. 2016-cı ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən illə müqayisədə 12,1 faiz bahalaşıb.

Məlumata görə, 11 ayda əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri də 5,6 faiz bahalaşıb.

"2016-cı ilin noyabr ayında oktyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 1,7 faiz , o cümlədən ərzaq məhsullarının qiymətləri 2,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 1,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,3 faiz bahalaşıb," - xəbərdə deyilir.

Ay ərzində bahalaşan ərzaqlar arasında düyü, un, mal, qoyun və toyuq əti, balıq məhsulları, süd məhsulları, yumurta, şəkər və şəkər tozu, bəzi meyvə və tərəvəzlər var.

Banan, alma, limon, naringi, xurma, şabalıd, kələm, göyərti, kök və soğanınsa ucuzlaşdığı bildirirlir.

Noyabr ayında oktyabr ayı ilə müqayisədə qiymətlərində artım nəzərə çarpan qeyri-ərzaq məhsullarının arasında geyim və ayaqqabı, inşaat materialları, dərmanlar, mebel və ev əşyaları, zərgərlik məmulatları, ev üçün toxuculuq məmulatları, şüşə məmulatları, qab-qacaq, məişət cihazları, fərdi kompüterlər, dəftərxana ləvazimatı, minik avtomobilləri üçün ehtiyat hissələri və hətta kitablar sadalanır.

"Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqlarının, məişət cihazlarının, avtomobillərin təmiri xidmətlərinin, dəmiryol, hava və dəniz nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində bahalaşma müşahidə olunub.Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib," deyə yazıda qeyd edilir.

fins.az: Prezident parlamentə antiböhran layihəsi göndərib

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadənin verdiyi məlumata görə, prezident İlham Əliyev ölkədə iqtisadi fəallığın artırılması, sahibkarlığın inkişaf etdirilməsi, bütövlükdə dövlətin davamlı inkişafını nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edib.

"Vergilər naziri Fazil Məmmədov deyib ki, təqdim edilən qanun layihələri nağd hesablaşmaların azaldılması, elektron ticarətin vergiyə cəlb olunması, vergi yükünün azaldılması, vergi inzibatçılığının sadələşdirilməsi, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergiorqanlarının göstərdiyi xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədinə xidmət edir," - xəbərdə deyilir.

lent.az: Netanyahu: "İstənilən sahədə birlikdə möcüzələr yarada bilərik"

Fotonun müəllifi President.az
Image caption Ötən gün İsrailin baş naziri Benyamin Netanyahu Bakıya bir günlük səfər edib

Bakıda bir günlük səfərdə olan İsrailin baş naziri Benyamin Netanyahu iki ölkə arasında əməkdaşlıq üçün bir çox sahələrin olduğunu qeyd edib:

"Kənd təsərrüfatı, təhsil, informasiya texnologiyaları və istənilən digər sahədə birlikdə möcüzələr yarada biləcəyimizə inanırıq.

...Düşünürük ki, nəticə etibarilə malik olduğumuz ən böyük resurs budur. Bu, konseptual məhsul resursudur, bütün sənaye istiqamətlərini daha da səmərəli etmək bacarığıdır.

Bir misal olaraq süd məhsullarını göstərə bilərəm. Ölkəmizin dünyada ən məhsuldar inəklərə sahib olması ilə öyünürəm. Bizim inəklər Fransa, Hollandiya, hətta Amerika inəklərindən daha məhsuldardır.

Bu hal bir çox sahələrdə təkrarlanır. Bu əməkdaşlığı xalqlarımıza daha aydın bir gələcək bəxş etməsi üçün alqışlayırıq", - deyə Benyamin Netanyahu bildirib.

Netanyahu "müsəlman ölkəsi olan" Azərbaycanda müsəlmanların və yəhudilərin birlikdə yaşamasını və çalışmasını təqdir edib.

"Bu, indiki dövrdə tolerantlığın, qarşılıqlı hörmətin olmaması fonunda çox parlaq bir nümunədir. İllər boyunca Azərbaycanda yəhudilərə qarşı göstərmiş olduğunuz qarşılıqlı hörmət, gözəl yanaşma bu əlaqələri, Azərbaycana olan rəğbətimizi və heyranlığımızı daha da gücləndirir" - deyə B. Netanyahu bildirib.

O həmçinin İsraildə Azərbaycandan olan 70 min yəhudi, "insan körpüsü"nün yaşadığını qeyd edib: "Bundan başqa, dünyaya göstərə biləcəyimiz başqa bir şey var. Dünya çoxlu dözülməzlik, çoxlu zülmət görür. Burada isə müsəlmanlar ilə yəhudilərin arasında əlaqələrin necə ola biləcəyinin, necə qurulmasının bir nümunəsi var.

Müsəlman dünyasının bir çox hissəsində, xüsusi olaraq ərəb ölkələrində müşahidə etdiyimiz bir dəyişiklik var.

Əgər gələcəyin necə ola biləcəyini görmək istəyirlərsə, Azərbaycana gəlib İsrail ilə Azərbaycan arasındakı dostluq və tərəfdaşlığı görə bilərlər.

Bu, sadəcə hər iki ölkə və xalq üçün yaxşı əlaqələrlə bərabər, həm də bütün region və dünya üçün faydalıdır", - Benyamin Netanyahu deyib.

"Xalq qəzeti": Prezident İlham Əliyev: "Azərbaycan yəhudilərin evidir"

"Yəhudilərlə azərbaycanlılar arasında əlaqələr hər zaman, tariximizin bütün dövrlərində çox yaxşı olub və yəhudilər əsrlərdir ki, Azərbaycanda yaşayırlar. Bu, onların evidir, onlar burada özlərini evlərindəki kimi hiss edirlər və ölkəmizi gücləndirmək üçün çox işlər görürlər. Bu, çar Rusiyası dövründə - Azərbaycan Rusiya imperiyasının tərkib hissəsi olanda da, Sovet İttifaqı dövründə də belə olub, indi də - 25 illik müstəqillik dövründə də belədir.

...Mən hər zaman deyirəm ki, öz dininə və ənənələrinə hörmət, qonşunun dininə və ənənələrinə olan hörmətdən başlayır. ...Şadam ki, hazırda İsraildə yaşayan bizim keçmiş vətəndaşlarımız Azərbaycan ilə yaxın əlaqələrini qoruyub saxlayırlar. Onlar bizə kömək edir, bizi təbliğ edirlər..." - prezident İlham Əliyev mətbuat nümayəndələri qarşısında verdiyi bəyanatda deyib.

"Yeni Müsavat": Yanvarda Nazirlər Kabineti buraxıla bilər

"Prezidentin bu yaxınlarda imzaladığı Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji "yol xəritələri"ndə nəzərdə tutulan islahatların məhz yeni Nazirlər Kabineti-yeni kadrlarla həyata keçirilməsi planı var.

Xəbərlərdə qeyd edilir ki, Nazirlər Kabineti buraxılacağı halda fevralda 82 yaşı tamam olacaq Artur Rasi-Zadə yenidən baş nazir təyin edilməyəcək.

Eyni zamanda bir sıra struktur islahatları da məhz bu zaman gerçəkləşdiriləcək. Belə ki, bir-birini təkrarlayan hökumət qurumlarının bəzilərini ləğv edəcəyi, bəzilərinin isə birləşdiriləcəyi deyilir! - yazıda qeyd edilir.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisin plenar iclasında deyib ki, artıq strukturlar ləğv olunmalı, onlara yönələn vəsait digər sahələrə xərclənməlidir.

Bundan əlavə, oxşar strukturlar birləşdirilməlidir: "Struktur islahatları sonrakı mərhələlərdə də davam edəcək. Xərclərin optimallaşdırılması və idarəetmə aparatının sadələşdirilməsi hökumətin prioritetlərinə daxildir".

Əlaqəli mövzular