Xəzərdə qəza: Azneft neftçilərin məntəqədə olmasından xəbərdar olub

Balamirzə Ağarəhimov Fotonun müəllifi Aziz Karimov
Image caption ""İtkin düşmüş neftçilərin axtarışları davam etdirilir"

Cümə axşamı Xəzər dənizində estakadanın aşması nəticəsində itkin düşmüş 10 neftçidən birinin cəsədi tapılıb, Azneft İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov jurnalistlərə bildirib.

"1958-ci il təvəllüdlü əmtəə operatoru Bakı şəhər Ələt qəsəbəsinin sakini İlham Qafarovun meyiti artıq gəminin göyərtəsinə çıxarılmışdır", o deyib.

Ekologiya Nazirliyinin bir neçə gün əvvəldən güclü küləyin olacağı barədə məlumatına baxmayaraq neftyığma məntəqəsində niyə işçilərin olması ilə bağlı suala qurum sözçüsü cavab verib ki, bu barədə məlumatlı olublar və bir çox yerlərdə ümumiyyətlə bütün işçi heyətinin hamısı, bəzi yerərdə isə böyük bir hissəsi təxliyə edilib.

"Hasilatın davam etdirilməsi üçün vacib işlərdən başqa sahələrdə heç bir işçi olmayıb", o Bakıda keçirdiyi mətbuat konfransında jurnalistlərə bildirib.

Küləyin surəti saniyədə 41 metr olub.

Saniyədə 41 metr surətlə əsən küləyin surətini "ifrat" adlandıran cənab Ağarəhimovun sözlərinə görə, "küləyin sürəti elə həddə olub ki, ona qarşı tədbir görmək üçün bu günkü gündə heç kimin əlində şərait və imkan yoxdur".

"Məsuliyyəti hamımız daşıyırıq"

"Baş verən hadisəyə görə məsuliyyəti biz hamımız daşıyırıq" deyən qurum sözçüsü onu da bildirib ki, bu hadisə "təbii hadisə kimi qələmə verilmir".

"…hüquq- mühafizə orqanları bu məsələ ilə məşğul olacaq və verilmiş rəyə əsasən ölçü götürlüəcək", o əlavə edib.

Estakadanın 90-cı illərin ortalarında istismar müddətinin bitməsilə bağlı mətbuatda dolaşan fikirlərə münasibət bildirən baş mühəndis deyib ki, hazırda hadisə baş verən 3 nömrəli neftyığma məntəqəsi 1978-ci ildə tikilib, ondan sonra həmin hissələrdə əsaslı təmir işçləri mütəmadi aparılıb.

Hadisə baş verən məntəqədə sonuncu dəfə avqust ayında təmir işlərinin getdiyini qeyd edən Balamirzə Ağarəhimov xərclənən vəsait barədə məlumat verməyib.

Məntəqənin istismar müddəti ilə bağlı isə bildirib ki, "əsaslı təmirdən sonra istismar müddəti uzanır."

Azərbaycan Dövlət Neft Şirkətinin rəsmi saytında yayımlanan məlumata əsasən, cümə axşamı səhər saat 05.00-də dənizdə güclü küləyin əsməsi "Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın bir hissəsini dənizə uçurub. Uçan hissənin uzunluğunun təxminən 150 metr olduğu deyilir.

Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub, məlumatda bildirilir.

Hadisə ilə əlaqədar "Azneft" İstehsalat Birliyində yaradılmış qərargahda jurnalistlərin suallarını cavablandıran Balamirzə Ağarəhimov qəza baş vermiş ərazidə suyun dərinliyinin 10-11 metr olduğunu və axtarışların 10 gəmi vasitəsilə aparıldığını deyir.

Niyə estakadalar uçur?

"Son illərdə istismara buraxılan bütün yeni sahələri ancaq platrforma şəraitində istismar etməyə çalışırıq, estakladalar baha başa gəlir, xidməti uzun müddətli olmur", deyən qurum sözçüsü "buna baxmayaraq əlimizdə olan estakadaların normal iş vəziyyətində saxlanılması üçün təmir və ya əvəzedici estakadaların tikinti işlərii aparılır" deyib.

Təhlilçilərin Nərimanov adına Neft Qaz Çıxarma İdarəsində 2014-cü ildə müxtəlif hissələrində 3 dəfə estakada uçub. Ötən ilin dekabrında isə "Neft Daşları" NQÇİ-nin 501 nömrəli özülündə bu halın baş verdiyi deyilir.

Balamirzə Ağarəhimov "Neft Daşları" NQÇİ-də estakadanın uçmadığını və meydançada bədbəxt hadisənin baş verdiyini bildirib.

2014-cü ildə baş vermiş qəzalarla bağlı o deyib ki, burada uçan ərazidə təmir nəzərdə tutulduğundan burda insan olmayıb. O, həmin estakada uçuşları zamanı 5 nəfərin həlak olmasını "işçilər icazə olmayan yerə yaxınlaşdığına görə hadisə baş verib" kimi izah edib.

"Təhlükəsizlik qaydaları izah edilmirmi" sualına isə o deyib ki, şifahi, yazılı hərtərəfli izah edilir, ancaq hadisə mədəndə işləyən rəhbərliyin düzgün olmayan qərarına görə baş verib".

Belə hadisələrin niyə Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdə deyil, məhz Azərbaycan şirkətində baş verməsilə bağlı suala qurum sözçüsü: "Azərbaycanda 90-cı illərdə ola bilsin ki, nisbətən zəif nəzarət və baxımsızlıq, iqtisadi cəhətdən çətinliklər imkan verməyib… Hər bir estakadanın 50 metrini tikməyə təmirə xeyli müddət və vəsait lazım olur", deyə cavablandırıb.

O, illərlə neftdən böyük gəlirlər gətirən Azərbaycanın niyə təmirə vəsait tapmamasını izah etməyib.

İtkin düşənlər

Rəsmi məlumatda göstərilir ki, hadisənin araşdırılması məqsədilə birgə xüsusi komissiya yaradılıb və hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi və ''Xəzər Dəniz Gəmiçiliyi'' QSC-nin gəmiləri cəlb olunub.

"Axtarış-xilasetmə işləri davam etdirilir. FHN, SOCAR və "Azneft" İB-nin rəhbərliyi hadisə yerindədir", məlumatda qeyd edilir.

Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər əməkdaşın itkin düşdüyü deyilir.

İtkin düşənlərin siyahısı aşağıdakı kimidir:

1. Zülfüqarov Güloglan - maşinist

2. Zülfüqarov Azay - operator

3. Qurbanov Vidadi - operator

4. Həsənov Elçin - mexanik

5. Hacıəliyev Həsənağa - operator

6. Əsədov Samir - operator

7. Bəhrəmov Cavid - operator

8. Abbasov Ramiz - maşinist

9. Rüstəmov Qorxmaz - operator

Fotonun müəllifi Reuters
Image caption Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi və ''Xəzər Dəniz Gəmiçiliyi'' QSC-nin gəmilərinin cəlb olunduğu bildirilir

"Küləklə əlaqəli deyil"

Neftçilərin Hüquqlarını Müdafiə qeyri-hökumət təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirir ki, Nərimanov adına Neft Qaz Çıxarma İdarəsində 2014-cü ildə müxtəlif hissələrində 3 dəfə estakada uçub. QHT rəhbəri baş vermiş hadisənin səbəbini küləklə əlaqələndirmədiyini deyir.

"Məsuliyyət Azneft və Qaradağda yerləşən NQÇİ-nin idarə rəhbərliyinin üzərinə düşün, bu dəfə də hadisəni küləyin üstünə ata bilməyəcəklər. Hadisə küləyin ucbatından yox, estakadanın uçması nəticsində olub", o vurğulayır.

Mirvari Qəhrəmanlı təşkilatların işçilərinin təhlükəsizliyi üçün sağlam şərait yaratmağa borclu olduğunu vurğulayır.

Ötən ilin dekabrında Azərbaycan Dövlət Neft Şirkətinin "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə yanğın baş verib. Həmin zaman özüldə 63 nəfərin olduğu bildirilib. Bu günədək 33 nəfər xilas edilib, 12 nəfərin cəsədi tapılıb, 18 nəfər isə itkin hesab olunur.

Bu barədə daha geniş