Mətbuat icmalı: Naxçıvanda yumurta limiti?

"Azadlıq": Naxçıvanda yumurta limiti

"Turan"ın bölgə müxbiri bildirib ki, Naxçıvanda yumurtanın pərakəndə satışına 10 günə yaxındır ki, limit tətbiq edilib.

Müxbirin sözlərinə görə, hər bir şəxsə yalnız 30 ədəd yumurta verilir.

"Yumurta satışına nəzarəti Naxçıvan İqtisadi İnkişaf Nazirliyinin əməkdşaları həyata keçirirlər. Nəzarət edilir ki, limitdən artıq yumurta alınmasın. Mənbə deyir ki, Naxçıvan İqtisadi İnkişaf Nazirlyinin əməkdaşları limit tətbiq olunmasının səbəblərinə aydınlıq gətirmirlər:

"Sual verəndə ki, Naxçıvanda broyler fabrikləri ola-ola niyə yumurtaya limit tətbiq edilir. Cavabları bu olur ki, "biz bilmərik"," - xəbərdə deyilir.

Mənbə həmçinin bildirib ki, Naxçıvanda bir neçə broyler fabriki olsa da onların heç biri fəaliyyət göstərmir.

lent.az: Unla çörəyin istehsalı və satışı yenidən ƏDV-dən azad olunur

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında vergilər naziri Fazil Məmmədov deyib ki, buğdanın idxalı və satışının 3 il müddətinə ƏDV-dən azad edilməsi ilə bağlı Vergi Məcəlləsinə dəyişikliyin edilməsi təklif olunur.

Nazir həmçinin bildirib ki, qanun layihəsində buğdanın idxalı və satışı ilə yanaşı buğda unu və çörəyin istehsalı və satışının da 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.

"Bu ilin yanvarın 1-dən buğdanın idxalı və satışı, buğda unu və çörəyin istehsalı və satışı 1 il müddətinə ƏDV-dən azad edilmişdi. Məcəlləyə dəyişikliklə bağlı qanun layihəsi qəbul olunarsa, buğdanın idxalı və satışı, buğda unu və çörəyin istehsalı və satışının ƏDV-dən azadolma müddəti daha 2 il artırılacaq," deyə xəbərdə qeyd edilir.

"Azərbaycan": Nardaranda dini radikalizmlə mübarizəyə dair ilk maarifləndirici tədbir keçirilib

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı sərəncama əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Sabunçu rayonu Nardaran qəsəbəsi "Rəhimə xanım ziyarətgahı" məscidi dini icması tərəfindən "Dini radikalizm cəmiyyətdə təhlükə mənbəyi kimi" layihəsi çərçivəsində ilk maarifləndirici tədbir keçirilib.

Image caption Nardaran işilə bağlı məhkəmə prosesi avqust ayında başlayıb.

"DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov dini radikalizm və ekstremizmin fəsadları, onunla mübarizə metodları ilə bağlı məruzə ilə çıxış edib. Ölkəmizdəki dini müstəvidə sabitlik və əmin-amanlığın dövlətimiz üçün siyasi baxımdan prioritet məsələ olduğunu vurğulayan A.Kazımov cəmiyyətimizin, o cümlədən gənclərin radikal təsirlərdən qorunmasında vətəndaşlarımızın üzərinə böyük məsuliyyətin düşdüyünü bildirib.

Digər çıxış edənlər də mövzu ilə bağlı öz fikirlərini bölüşüb, dini radikalizmin qlobal təhlükə olduğunu qeyd ediblər. Cəmiyyətimizin bu təhlükədən qorunması üçün təhsilə xüsusi önəm verilməsinin vacibliyi vurğulanıb," deyə xəbərdə bildirilir.

qafqazinfo.az: Vergilər naziri: "Rəqqaslar, aparıcılar vergiyə cəlb olunacaq"

Vergilər naziri Fazil Məmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər barədə danışarkən deyib:

"Vergilər Məcəlləsinə görə toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət növü ilə məşğul olanlar sadələşdirilmiş vergiyə cəlb olunacaq. Bu cür fəaliyyət növləri ilə məşğul olanların ayda sabit olaraq 30 manat, fərdi foto, audio-video xidmətlər sahəsində fəaliyyət göstərənlər ayda 30 manat, çəkməçi, pinəçilər ayda 5 manat, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri ilə məşğul olanlar 10 manat, fərdi evlərdə işləyən ev qulluqçuları, dayələr, bağbanlar, aşbazlar, gözətçilər, təmizləyicilər ayda 10 manat; nəqqaşlıq fəaliyyəti ilə məşğul olanlar isə 20 manat həcmində vergiyə cəlb olunması nəzərdə tutulur".

Bu barədə daha geniş