Azərbaycan: Qrantların verilməsində "1 pəncərə" prinsipi necə tətbiq olunacaq?

Bakı Fotonun müəllifi GIUSEPPE CACACE

Azərbaycanda yanvarın 1-dən etibarən xarici donorlar tərəfindən qrantların verilməsi prosedurunda "bir pəncərə" prinsipinin tətbiqi gözlənilir.

Fərmanın tətbiqinə təxminən iki həftə qalsa da, vətəndaş cəmiyyəti fəalları "bir pəncərə" prinsipindən həm məlumatsız olduqlarını, həm də onun vətəndaş cəmiyyətinin üzləşdiyi problemləri həll etmək iqtidarında olmadığını deyir.

Fərmandan gələn məsələlər ətrafında təkliflər hazırlayan qrup, fərmanın bu sahədə mövcud müəyyən problemləri və narahatlıqları həll etmək məqsədi daşıdığını bildirir.

Prezident İlham Əliyevin 21 oktyabr fərmanında deyilir ki, bu, Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyətini dəstəkləmək, xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrantların verilməsi prosedurunu asanlaşdırmaq və bu sahədə şəffaflığı və ayrılan maliyyə vəsaitlərinin məqsədyönlü istiqamətləndirilməsini təmin etmək məqsədi daşıyır.

Qeyri-hökümət təşkilatlarının (QHT) Ədliyyə Nazirliyi tərəfindən qeydə alınacağını bildirən bu sənəddə həmçinin normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması tələb olunub.

Dəyişiklər

Azərbaycanda bu sahə ilə birbaşa bağlı iki qanun - QHT-lər haqqında və Qrantlar haqqında mövcuddur. Bu sənədlərə 2013-cü ildən bəri bir neçə dəfə əlavə və dəyişikliklər edilib.

2013-cü ilin martında edilən dəyişikliyə əsasən qeydə alınmadan fəaliyyət göstərmiş QHT-lərə və aldığı qrantı Ədliyyə Nazirliyində qeydiyyata salmayan təşkilatlara qarşı cərimələr (8 mindən 15 minə qədər) əhəmiyyətli dərəcədə artırılıb, həmçinin 200-manatdan artıq ianələrin yalnız bank vasitəsilə edilməsi təsbit olunub. İnzibati xətalar məcəlləsinə "Qrant haqqında qanunvericiliyin pozulması" maddəsi əlavə olunub.

Həmin ilin dekabrında QHT-lər haqqında qanuna qəbul edilən dəyişiklərə görə, Azərbaycanda QHT yaratmaq istəyən əcnəbi vətəndaşlar və ya xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təşkilatların filial və nümayəndəliklərinin rəhbəri mütləq özlərinə müavin olaraq Azərbaycan vətəndaşını götürməlidir. Yeni qanun layihəsində həmçinin qeyd olunur ki, QHT yaradan və ya xarici təşkilatın nümayəndəliyini təsis edən əcnəbi vətəndaşın səlahiyyəti müddətli olmalıdır. Həmçinin bu dəyişiklər, təşkilatların istənilən üzvünə məhkəməyə müraciət etmək hüququ verildiyini bildirib.

2014-cü ilin noyabrında xarici donor təşkilatlarının yerli QHT-lərə qrant ayırması üçün qeydiyyatdan keçmə məcburiyyətini nəzərdə tutan dəyişikliklər və xarici hüquqi şəxslərin Azərbaycanda qeydiyyata alınmış filial və nümayəndəliklərinin yerli QHT-lərə qrant ayırmaq hüququnu müvafiq icra hakimiyyəti orqanının maliyyə-iqtisadi məqsədə müvafiqliyinə dair rəyindən asılı edən qanunlar dəyişdirilib.

Həbslər

2013-cü ilin dekabrından bəri Azərbaycanda seçkilərin monitorinqi, media və büdcə xərclərini müşahidə edən bir çox fəal ya həbs edilib, ya da əmlakı müsadirə edilib.

Onlara qarşı əsasən, qanunsuz sahibkarlıq, külli miqdarda vergidən yayınma, vətənə xəyanət və digər ittihamlar irəli sürülüb.

Onlardan bəziləri sonradan azad edilib.

Həmçinin beynəlxalq təşkilatlardan ABŞ-da mənzillənən IREX (Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası) təşkilatının Azərbaycandakı bank hesabına həbs qoyulub, bir çox beynəlxalq QHT-lərin yerli ofislərində, Böyük Britaniyanın "Oxfam" Beynəlxalq Xeyriyyə Təşkilatı və Danimarkanın "International Media Support" (IMS) təşkilatında vergi yoxlaması aparılıb. Nəticədə bir sıra yerli QHT-lərin fəaliyyəti dayanıb.

Bununla əlaqədar Prezident Administrasiyasının yüksək rütbəli rəsmisi Əli Həsənov xarici donor təşkilatlarının "illərdir eyni insanlara" qrant ayırdığını iddia edib və ölkədə QHT-lərin fəaliyyətini "nümunəvi" adlandırıb.

"Praktikada necə tətbiq ediləcək?"

Fotonun müəllifi JOHN MACDOUGALL
Image caption Rəsul Cəfərov: "Məhdudlaşdırıcı məsələləri aradan qaldırmadan hansısa qeydiyyat sistemindən danışılır"

"Hazırda nəzərdə tutulan prosedurları aradan qaldırmadan hansısa qeydiyyat sistemindən danışılır, bu sərəncam qrantın qeydiyyatına qədər atılmalı olan addımları aradan qaldırmır: donorun özünün qeydiyyatı, layihənin Maliyyə Nazirliyi ilə maliyyə dayanıqlığının razılaşdırılması, QHT-nin özünün Ədliyyə Nazirliyində qeydiyyatı kimi məhdudlaşdırıcı məsələlərdən söz açılmır və bizdə də sual yaranır ki, bu, praktikada necə tətbiq ediləcək", - hüquq müdafiəçisi Rəsul Cəfərov bildirir.

İnsan Haqları Klubu təşkilatının rəhbəri hesab edir ki, verilmiş fərman EITI-nin (Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü) Azərbaycanın təşəbbüsdəki statusunu dayandırmaq təhlükəsi ilə əlaqədar verilib.

"O sərəncama görə Azərbaycana 4 ay verildi, statusu daha da aşağı endirilmədi. Bu sərəncam və onun ətrafında aparılan kampaniya ilə hökümət onu göstərdi ki, QHT-lərin problemlərinin həlinə maraqlıdır, bu müddət fevralın sonunda yekunlaşır, amma ciddi bir şey görmürük."

EITI oktyabrın 26-da Azərbaycanın statusunu "namizəd" səviyyəsində saxlayaraq, Azərbaycana vətəndaş cəmiyyətinin vəziyyəti yaxşılaşması üçün dörd ay zaman verib.

Rəsul Cəfərovu narahat edən başqa məsələ sistemin, əvvəllər də adı QHT-lərin qeydiyyata alınmamasında hallanan Ədliyyə Nazirliyinə tapşırılmasıdır.

"Eyni qurumdur, qeydiyyat kriteriyaları bəlli deyil. Əvvəl necə qeydiyyata almırdısa, imtina etmək istəyirsə, indi də edəcək, 2014-cü il dəyişikliyindən sonra da qeydiyyatsız da qrant almaq mümkün deyil, prokurorluğun ittiham etdiyi təşkilatlarında qeydiyyatı yox idi, çünki qeydiyyata alınmırdılar".

Rəhbəri olduğu QHT-nin qeydiyyata alınmadığını söyləyən Cəfərov elə bu səbəblə həbs edildiyini bildirir.

Bu ilin martında əfv fərmanı ilə azad edilmiş Cəfərov, 2014-cü ilin avqustunda qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham olunub və bir il sonra o, 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Ədliyyə Nazirliyi insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-lərin dövlət qeydiyyatına alınmaması ilə bağlı təxminən bir ay sonra BBC Azərbaycancanın sorğusuna cavab olaraq bildirib ki, "bu günədək 100-lərlə insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-lər Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb."

Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi Rahim Rəhimov həmçinin bildirib ki, "bir pəncərə" prinsipinin tətbiqi hüquqi şəxslərin dölət qeydiyyatına alınmasını deyil, qrant vermək hüququnun əldə edilməsini tənzimləyir.

Onun sözlərinə görə, ilk addım QHT-lərin qeydiyyatında 1 pəncərə sisteminin tətbiqi olmalıdır.

"Həmçinin QHT-lərə qarşı cinayət işi açıqdır, bu o deməkdir ki, istənilən adama tətbiq edilə bilər, buna xitam verilməlidir, amma biz onu görmürük, fəalların bank heabları həbsdədir və biz ölkədən çıxanda və qayıdanda xüsusi prosedurla yoxlanılırıq", deyən Cəfərov bildirir ki, bu fərmanla görüləsi islahatın yalnız 10-15 faizi həyata keçirilir.

BBC Azərbaycanca Baş Prokurorluqdan QHT-lərə qarşı cinayət işinin taleyi barədə məlumat ala bilməyib.

Təkliflər

Fotonun müəllifi Konstitusiya Araşdırmaları Fondu
Image caption "Hər şey 1 pəncərədən daxil olacaq, zəruri sənədlər Ədliyyə Nazirliyindən həll ediləcək", Əliməmməd Nuriyev bildirir

Fərmanın tətbiqi ilə əlaqədar təkliflər hazırlayan qrupa daxil olan Açıq Hökumətin Təşviqinə Dair Hökumət - Vətəndaş Cəmiyyəti Dialoqu Platforması koordinatoru Əliməmməd Nuriyev deyir ki, fərman bu sahədə mövcud müəyyən problemləri və narahatlıqları həll etmək məqsədi daşıyır.

O qeyd edir ki, təkliflər paketinə əsasən xarici donorlar tərəfindən təqdim ediləcək sənədlərin miqyasının əhəmiyyətli dərəcədə azaldılması, maliyyə əsaslandırılması üçün Maliyyə Nazirliyinə müraciətin aradan qaldırılması, eləcə də müraciətin elektronlaşdırılması istənilir.

"Hər şey 1 pəncərədən daxil olacaq, zəruri sənədlər Ədliyyə Nazirliyindən həll ediləcək".

Cənab Nuriyevə görə bu, əlavə vaxt və məsrəflərin qarşısını alacaq və qeydiyyatda bürokratiyanı mininmuma endirəcək: "Təkcə donor yox, resipient də maliyyə əsaslandırılması təkliflərini vermək hüququna malik olacaq. Maliyyə Mazirliyinə müraciəti Ədliyyə nazirliyi həyata keçirəcək".

Edilən təkliflərə qrantların qeydiyyatı müddətinə baxılmasının 2 dəfə qısaldılması və İnzibati Xətalar Məcəlləsində QHT-lərə qarşı "çox yüksək" sanksiyaların yarıbayarı azadılması da aiddir.

Cənab Nuriyev Azərbaycanda QHT-lər üçün mühitin yaxşılaşdırılması üçün fəaliyyətin davam etdiyini deyir.

"...Hesablar üzərindən həbslər götürülüb, sənəd yoxlamaları aradan götürülüb, hansısa QHT-ə qarşı birbaşa cinayət işi qaldırılmayıb. Bunlar yoxdur! Eyni zamanda [QHT-lərə qarşı cinayət işi ilə əlaqədar] avandanlıqlar, müvafiq sənədlər geri verilib, bəzi QHT-lər qeydiyyata alınıb, bəzi xarici QHT-lərin bank hesablarına qoyulmuş həbs götürülüb və həbsdə olan vətəndaş cəmiyyəti fəalları azad edilib."

Cənab Nuriyev güman edir ki, problemi olan bir neçə QHT barəsində yaxın vaxtlarda qərar qəbul ediləcək.

"... [sənəddə deyilir ki,] digər normativ aktlar da bu fərmana uyğunlaşdırılsın, bu o deməkdir ki, QHT-lərin qeydiyyatıla bağlı məsələləri tənzimləyən normativ hüuqqi aktlarda da dəyişikliklər edilməsi zəruridir", Platformanın koordinatoru qeyd edir.

QHT-lərlə bağlı qeydiyyat məsələsinin Ədliyyə Nazirliyinə tapşırılmasının hansısa problemə gətirəcəyini düşünmür.

"Bu gün ASAN Xidmət nümunəsi var, eyni zamanda "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı" barədə sərəncamda deyilir ki, dövlət orqanları ASAN xidmət modelinə keçid standartlara uyğunlaşdırılmalıdır. Bu, strukturlara eyni dərəcədə keyfiyyətlə xidmət göstərməni təşviq edir."

Bu barədə daha geniş