Mətbuat icmalı: "Estakadanın tikilməsinə "AVRO 2016″ya çəkilən xərcin 1 faizi lazım idi"

"Azadlıq": Avropa Məhkəməsi Faiq Əmirovun işinə prioritet qaydada baxacaq

Qəzet yazır ki, Avropa İnsan Haqları Məhkəməsi "Azadlıq" qəzetinin yayım direktoru və AXCP sədrinin köməkçisi Faiq Əmirovun işinə prioritet qaydada baxacaq. Bununla bağlı kommunikasiya barədə qərar artıq verilib.

Məlumatı Faiq Əmirovun həyat yoldaşı Lalə Əmirli vəkil Aqil Layıcova istinadən öz Facebook səhifəsində paylaşıb.

"Azadlıq": "Estakadanın tikilməsinə "AVRO 2016″ya çəkilən xərcin 1 faizi lazım idi"

Milli Şuranın sədri, professor Cəmil Həsənli Facebook səhifəsində Xəzərdə baş verən faciəyə münasibət bildirib. Cəmil Həsənli yazıb:

"...Onların çalışdığı estakada 1970-ci illərdə tikilib və indiyə kimi ...estakadada heç bir əsaslı təmir və yenidənqurma işləri aparılmayıb. Amma həmin neftçilərin əməyinin yaratdığı dəyər, gətirdiyi gəlir hesabına SOCAR "Avro2016" futbol çempionatına yalnız reklam üçün 120 milyon dollar ödəyib. Sual olunur: neftçisi, vətəndaşı təxminən 50 il bundan əvvəl tikilmiş, heç bir təhlükəsizlik təminatı olmayan köhnəlmiş estakadalarda işləyən bir şirkət niyə həmin işçilər üçün normal, təhlükəsiz iş və yaşayış şəraiti təşkil etmir, amma məhz hadisə baş verən ildə keçirilən futbol çempionatına yardım məqsədilə 120 milyon dollar həcmində reklam verə bilir.

Yeni inşa edilən "SOCAR Tower" 2016-cı ilin ən yaxşı ofis binası elan olunub. 209 metr hündürlüyündə olan ofis binasının 40 mərtəbəsi yerüstü, 2 mərtəbəsi isə yeraltı olmaqla, ümumilikdə 5 hektar sahəni əhatə edir. ... Onun inşası üçün nə az, nə çox 2 milyard dollara qədər vəsait xərclənib. Bu o deməkdir ki, Neft Şirkətinin ofis binasının hər kvadrat metrinə orta hesabla 32 min dollar xərclənib. Amma neftçilərin işlədiyi estakada 1970-ci ildə tikildiyi üçün etibarlı vəziyyətdə olmayıb və üzərində qoyulmuş "budka", bəli, bəli məhz "budka" ilə birlikdə dənizə uçub.

Hakimiyyət məhz bunun izahatını verməlidir ki, son illərdə ölkəyə 150 milyard dollar neft pulları gəldiyi halda, neftçilər niyə belə təhlükəli şəraitdə, təxminən 50 il bundan öncə inşa edilmiş, öz ömrünü yaşamış estakadalarda işləyiblər? Köhnəlmiş estakadada işləyən insanların həyatı neft pullarını hara gəldi səpələyənlərdən heç kəsi maraqlandırmayıb..."

"Azadlıq": Mehman Əliyev: " Rusiya Azərbaycanın İsrail ilə silah sahəsindəki əməkdaşlığından narahatdır"

Ötən gün Rusiya baş nazirinin müavini Dmitri Roqozin Azərbaycana gəlib.

"Roqozin iki ölkə hökumətlərarası komissiyasının dekabrın 16-da Bakıda keçiriləcək iclasında iştirak edəcək və prezident İlham Əliyevlə görüşəcək.

Rusiya müdafiə sənayesi müəssisələrindən birinin top-meneceri bildirib ki, Bakda ikitərəfli əməkdaşlıq məsələləri ilə yanaşı, silah ixracı məsələsi də müzakirə olunacaq. Bu məqsədlə Hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətin direktoru Andrey Boytsov da nümayəndə heyətinə daxil edilib. "Kommersant"ın mənbələri deyib ki, Rusiya nümayəndə heyətinin əsas vəzifələrindən biri Ermənistana "İsgəndər" operativ-taktiki raket kompleksinin verilməsi ilə bağlı Rusiyanın mövqeyini izah etməkdir: "Azərbaycanlı tərəfdaşlar Dağlıq Qarabağ problemi kontekstində hadisələrin bu cür inkişafına çox neqativ reaksiya veriblər"", - yazıda deyilir.

Qəzet diqqəti səfərin İsrailin baş nazirinin Bakı səfərindən dərhal sonraya təsadüf etməsinə yönəldir.

"Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, Roqozinin səfərinin silah alqı-satqısıyla əlaqəsi var. Netanyahunun səfərinin də məqsədlərindən biri silah satışı idi. "İlham Əliyev xüsusi olaraq vurğulayıb ki, Azərbaycan İsrail ilə silah alqı-satqısında əməkdaşlıq edir. Azərbaycan İsraildən yeni tipli silahlar almaq niyyətindədir. Rusiyanın Ermənistana "İsgəndər" raketlərini verməsi müəyyən qalmaqal yaratmışdı. Ona görə İsrail baş nazirinin səfəri Rusiyanı hərəkətə gətirib. Rusiya Azərbaycanın İsrail ilə silah sahəsindəki əməkdaşlığından narahatdır", - Mehman Əliyev deyir.

fins.az: Gələn ilin yaşayış minimumu təsdiqləndi

Bu gün Milli Məclisin plenar iclasında qəbul edilmiş "2017-ci il üzrə yaşayış minimumu haqqında" qanun layihəsində Azərbaycanda yaşayış minimumu 155 manat həcmində proqnozlaşdırılır ki, bu da ötən ilki göstəricidən 13,97 fazi çoxdur.

"Əhalinin sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu isə əmək qabiliyyətli əhali üçün - 164,5 manat, təqaüdçülər üçün - 130,2 manat, uşaqlar üçün - 136,6 manat təşkil edəcək," - məlumatda deyilir.

Cari ildə yaşayış minimumu 136 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün - 145 manat, təqaüdçülər üçün - 115 manat, uşaqlar üçün - 118 manat təşkil edib.

Bundan başqa, qeyd edilir ki, büdcə zərfində 2017-ci il və növbəti 3 il üçün yaşayış minimumunun artırılması nəzərdə tutulur. Belə ki, 2018-ci ildə 162,6 manata, 2019-cu ildə 169 manata, 2020-ci ildə isə 174,9 manata çatdlırlması proqnozlaşdırılır.

"Xalq qəzeti": Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin xüsusi elçisi və əlaqələndiricisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev dekabrın 15-də ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Görüşdə Azərbaycan Respublikası ilə ABŞ arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu və uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin bundan sonra daha da genişləndiriləcəyinə əminlik ifadə olundu.

Söhbət zamanı ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı," - məlumatda deyilir.