Neftçinin qardaşı: "Orda insanın hər addımı ölümə bərabərdir"
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Həlak olmuş neftçinin qardaşı: "Orda insanın hər addımı ölümə bərabərdir"

Xəzər dənizində estakadanın aşması nəticəsində həlak olmuş İlham Qafarov bu gün dəfn edilib.

1958-ci il təvəllüdlü İlham Qafarov əmtəə operatoru işləyib. O ailəsilə birlikdə Bakı şəhər Ələt qəsəbəsində yaşayıb.

Həyat yoldaşının dediyinə görə, 3 uşaq atası olan İlham Qafarov hadisədən əvvəl evə zəng vurduğunda havanın çox küləkli olmasından gileylənib.

Azərbaycan Dövlət Neft Şirkətinin yaydığı məlumata əsasən, cümə axşamı səhər saat 05.00-də dənizdə güclü küləyin əsməsi "Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın bir hissəsini dənizə uçurub. Uçan hissənin uzunluğunun təxminən 150 metr olduğu deyilir.

Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. Bu zaman ərazidə olan 10 işçi itkin düşüb. Daha sonra bir nəfərin meyiti tapılıb.

O, 1990-cı ildən burada işləyən İlham Qafarov olub.

Azneft İstehsalat Birliyində yaradılmış qərargahdan BBC Azərbaycancaya verilən məlumata əsasən digər şəxslərin axtarışları davam etdirilir.

Videonu BBC Azərbaycanca müxbiri Günel Səfərova hazırlayıb.