Mətbuat icmalı: "Manat istənilən halda dollara nəzərən ucuzlaşacaq"

"Azərbaycan": Xəzərdə itkin düşmüş neftçilərin axtarışına 44 gəmi, 6 helikopter və 700-dən artıq canlı qüvvə cəlb edi

SOCAR-ın "Azneft" İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 dekabr tarixli Sərəncamına əsasən yaradılmış Qərargahdan verilən məlumata görə, hazırda plan üzrə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, SOCAR və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus ümumilikdə 44 gəmi və üzən vasitə, 6 helikopter, habelə 700-dən artıq canlı qüvvə cəlb olunmaqla intensiv axtarış-xilasetmə işləri davam etdirilir.

"Eyni zamanda, sahilboyu ərazilərdə Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin canlı qüvvələri tərəfindən axtarış tədbirləri həyata keçirilir.

Bundan əlavə, Qərargah tərəfindən axtarış-xilasetmə sektorlarının əhatə etdiyi ərazilər üzrə rayon icra hakimiyyətləri də müvafiq qaydada təlimatlandırılıb.

Qərargah tərəfindən həyata keçirilən tədbirlər barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaq," deyə məlumatda qeyd edilir.

"Azərbaycan": "Forbes" Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən yazıb

"Forbes" jurnalı "Asiyada kommunikasiyaların bərpası: Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin tarixi" başlıqlı məqalə dərc edib. BTQ dəmir yolu və onun region iqtisadiyyatının gələcək inkişafına müsbət töhfəsinə həsr edilmiş məqalənin müəllifi Wade Shephard yazır ki, işə salınandan sonra Bakı-Tbilisi-Qars dəmir yolu inkişaf etmiş Avropa və Şərqi Asiya bazarları arasında bərpa edilmiş ticarət dəhlizinin mərkəzi sinir sistemi rolunu oynayacaq. Bu nəqliyyat xətti 15 gün ərzində Avrasiyanın bir hissəsindən digərinə mal və məhsul daşınmasına şərait yaradacaq.

"826 kilometr uzunluğunda dəmir yolu xətti Xəzərin Azərbaycan ərazisindən keçən sahilini Gürcüstanın paytaxtı Tbilisi ilə birləşdirəcək və Şərqi Türkiyəyə qədər uzanacaq, burada Türkiyə və Avropanın daha geniş dəmir yolları şəbəkəsi ilə birləşəcək. Müəllif yazır ki, bu birləşmə Yeni İpək Yolunun cənub marşrutunun əsas hissəsi olacaq."

Müəllif yazır ki, 20 kvadratkilometr ərazidə yerləşən, azad iqtisadi zona olan yeni Bakı limanı malların daşınması ilə bağlı logistik məsələləri sadələşdirəcək. BTQ yerli istehsalın genişlənməsinə kömək edəcək, habelə region ölkələrinə tranzit ödəmələrdən gəlir götürmək imkanı verəcək. Azərbaycan üçün bu rəqəm ildə 170 milyon dollara çata bilər," deyə yazıda qeyd edilir.

"Yeni Müsavat": Qubad İbadoğlu: "Manat istənilən halda dollara nəzərən ucuzlaşacaq"

İqtisadçı ekspert Qubad İbadoğlu öz Facebook səhifəsində bildirib ki, manat istənilən halda ABŞ dollarına nəzərən ucuzlaşacaq, onlar arasında yeganə fərq ucuzlaşmanın tempində olacaq.

"...Azərbaycan iqtisadiyyatı tam üzən məzənnə rejiminə keçidə hələ də hazır deyildir. Odur ki, böyük ehtimalla yaxın zamanlarda da manatın kursunun təyini üzən-tənzimlənən məzənnə rejimində davam edəcək. Belə olan halda da valyuta bazarına inzibati müdaxilə strategiyası davam edəcək və manata təzyiq başlayandan ( 2014-cü ilin noyabr ayından) indiyə qədər 11 milyard dolları "tonqalda yandıran" Mərkəzi Bank yenə də əvvəlki siyasətini davam etdirəcək...

1) Əgər hökümət tam üzən məzənnə rejiminə keçiddə israrlıdırsa onda ya yumşaq devalvasiyanı daha sürətlə davam etdirməli, ya da kəskin devalvasiya seriyasından 3-cü devalvasiyaya qərar verməlidir ki, sonrakı mərhələdə tarazlaşdırılmış məzənnə indiki kursdan çox fərqlənməsin.

2) Əgər hökümət üzən tənzimlənən məzənnə siyasətini davam etdirəcəksə, onda manat gələn ildə də bu ildə olduğu kimi kiçik templə olsa da dəyər itirərək yenə zəifləyəcək. Bu halda Mərkəzi Bank toplanmış strateji valyuta ehtiyatlarını "tonqalda yandırmaqla", Dövlət Neft Fondu isə izafi manat ehtiyatı hesabına anbarlarını milli valyuta ilə doldurmaqla məşğul olacaq," deyə Qubad İbadoğlu yazıb.

fins.az: Xaricdən gətirilən buğdanın həcmi 9% artıb

Dövlət Statistika Komitəsi bildirib ki, 2016-cı ilin yanvar-noyabr aylarında Azərbaycana 1 mln. 268,1 min ton buğda idxal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 9,1% çoxdur.

Məlumata əsasən, respublikaya idxal olunmuş buğdanın ümumi dəyəri 234 mln. 351,8 min dollar təşkil edib.

fins.az: Xaricə elektrik enerjisinin satışı 70% artıb

"Azərbaycandan bu ilin yanvar-noyabr ayları ərzində xarici ölkələrə 19,875,41 min ABŞ dolları dəyərində elektrik enerjisi satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,742,71 min dollar yaxud 23,2% çoxdur," - məlumatda qeyd edilir.

Həmçinin bildirilir ki, ixrac edilən elektrik enerjisinin dəyəri kimi, həcmi də artıb. Hesabat dövründə xarici ölkələrə 463 408,13 min kVt/saat elektrik enerjisi satılıb ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 189 820,26 min kVt/saat yaxud 69,39% çoxdur.

"Hesabata görə, bu il ixrac edilən elektrik enerjisi ümumi ixracın 0,24%-nə bərabər olub," - deyə xəbərdə qeyd edilir.

Bu barədə daha geniş