Azərbaycan: Dini icmaların qeydiyyat və digər problemləri

Nardaran Fotonun müəllifi AFP

Dini icmaların qeydiyyatındakı bürokratiya, dini ədəbiyyatın ölkəyə gətirilməsi zamanı problemlərin mövcudluğu, dini baxışlarına görə şəxslərin həbsi və yaxud təzyiqə məruz qalması BMT-nin İnsan Hüquqları Komitəsinin 4-cü dövru üzrə Azərbaycanla bağlı son hesabatında dini etiqad və vicdan azadlığı sahəsində əsas problemlər kimi qeyd olunub.

Azərbaycanda dini siyasəti müəyyənləşdirən Dini Qurumlar üzrə Dövlət Komitəsi bu iradların reallığı əks etdirmədiyini deyir.

Qeydiyyatda bürokratiya

Azərbaycanda dini icmaların qeydiyyatına dair narahatlıqlar 2009-cu ildə qəbul edilmiş yeni "Dini Etiqad Azadlığı haqqında" Qanundan sonra ortaya çıxıb. Belə ki, həmin vaxtdan etibarən icmalar yenidən qeydiyyatdan keçməlidirlər. Həmçinin istənilən təmayüllü dini icmanın qeydiyyatı üçün əvvəlki kimi 10 deyil, 50 nəfərin bir araya gəlməsi təsbit edilib.

Bu dəyişiklik bütün dini icmalara şamil olunsa da, müzakirə meydanında ən çox narazı qrup kimi müsəlman dindarlar və Yehova Şahidlərindən bəhs edilir. İslam təmayüllü dini icmalar, həm də Qafqaz Müsəlmanlar İdarəsindən təqdimat da almalıdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyir ki, Dini Etiqad Azadlığı haqqında Qanuna görə, müsəlman dini icmaları təşkilati baxımdan QMİ-yə tabedirlər və fəaliyyətləri ilə bağlı bu quruma hesabat verirlər.

"Müsəlman dini icma yalnız məsciddə yaranır. Qeydiyyatdan keçdikdən sonra QMİ həmin icmaya imam, axund təyin edir. 10 nəfərin bir məscidi idarə etməsi yetərli deyil. Burada idarəetmə deyəndə məscidin saxlanılması, təşkilati, inzibati, maddi, təchizat məsələlərini həll etmək, yəni məsciddə dünyəvi işlərlə məşğul olmaq nəzərdə tutulur," İsmayılov əlavə edir.

Fotonun müəllifi APA
Image caption İslam təmayüllü dini icmalar, həm də Qafqaz Müsəlmanlar İdarəsindən təqdimat da almalıdır

QMİ-nin hüquqi məsələlər üzrə aparat rəhbəri Simran Həsənova görə, müsəlman təmayüllü dini icmaya təmsil etdiyi qurumun təqdimat verməsi məntiqlidir.

"Qeydiyyata alan orqan haradan bilsin ki, bu qurumun məqsədi və vəzifəsi nədir. Bunun üçün də biz dini qurum olaraq qeydə alınan dini icmanın fəaliyyəti zamanı əsas götürdüyü istiqamət barədə təqdimat veririk."

Azərbaycanda məscidlərin dini icması dövlət büdcəsindən maliyyələşmir. 2014-cü ildə prezident İlham Əliyev ölkədə dini maarifçilik işinin aparılması və milli mənəvi dəyərlərin təbliği məqsədi ilə Komitəyə 2,5 milyon manat vəsait ayırıb. Bu vəsait təyinatı üzrə dini icmaların layihələrini maliyyələşdirir. Belə ki, bu vəsait dini icmanın maddi texniki təminatına xərclənmir.

Din tarixi üzrə mütəxəssis Altay Göyüşova görə, hökumətin məscidlərdə maarifçilik işi ilə bağlı keçirdiyi tədbirlər sovet dövründə "Bilik" cəmiyyətinin ateizmin təbliği ilə bağlı tədbirdən fərqlənmir. Göyüşov əlavə edir ki, ekstremizmlə mübarizə adı altında dini azadlıqları məhdudlaşdırırlar.

Qanuna görə, qeyri-islam təmayüllü dini icmalar Azərbaycan qanunvericiliyinə zidd olmamaq şərtilə xaricdəki mərkəzlərinə tabe ola bilərlər. Qeydiyyatdan keçərkən onlar xaricdəki mərkəzlərindən təqdimat gətirirlər.

Hüquqşünas Ələsgər Əhmədoğlu dini icmaların yenidən qeydiyyatdan keçməsi barədə bildirir ki, yeni qanunun yeni qaydaları əvvəldən qeydiyyatdan keçmiş qurumların statusunu dəyişə bilməz.

"Dövlət müəyyən zaman içərisində bir qeydiyyat qaydası müəyyən edib, şəxslər də ona əməl edərək qanuna uyğun şəkildə qeydiyyatdan keçiblərsə, onların hüquqi şəxs statusunu ancaq özləri və məhkəmə qərarı ilə ləğv etmək olar. Hansısa qanunun yeni qaydaları onların hüquqi statusunu dəyişə bilməz."

DQİDK-nin rəsmi internet saytında qeyd olunmuş məlumata görə, dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan sonra 746 dini qurum qeydiyyatdan keçib. Konfessional baxımdan onların 719-i islam, 17-si xristian, 7-si yəhudi, 1-i krişna, 2-si isə bəhai təmayüllüdür.

BMT-nin hesabatında deyilir ki, tərəfdaş dövlət dini azadlığın və inancın praktikada effektiv tətbiqini təmin etməlidir. Həmçinin Mülki və Siyasi hüquqlar haqqında Konvensiyanın 18-ci maddəsilə icazə verilmiş məhdudiyyətlərdən başqa azadlığı məhdudlaşdıracaq hər hansı hərəkətdən qaçınılmalıdır.

Hesabat müvafiq qanunvericiliyin Konvensiyaya uyğunlaşdırılmasını, onun hüquqi əminlik və ehtimal prinsiplərinə uyğunluğu üçün "dini fəaliyyətlər" qavramının və Yehova Şahidləri və Müsəlmanlar da daxil olmaqla, dini icmaların dini azadlıqlarına qanunsuz müdaxilə fəaliyyətləri araşdırılmasını tövsiyə edib.

Yehovanın Şahidləri və Baptistlər icmasının qeydiyyat problemləri

Fotonun müəllifi APA
Image caption Dini Komitə din pərdəsi adı altında məzhəbçilik, bölücülük hallarına qarşı mübarizənin aparılmasını lazımlı hesab edir

Yehovanın Şahidləri icması 2002-ci ildə qeydiyyatdan keçib, amma yeni qanun qüvvəyə mindikdən sonra, onların qeydiyyatının təzələnməsi üçün müraciət sənədləri qaydasında olmaması səbəb gətirilərək qəbul edilməyib.

2016-cı ilin yanvarın 28-də Yehovanın Şahidləri dini icmasının iki üzvü İrina Zaxarçenko və Validə Cəbrayılova 11 aylıq həbsdən sonra azadlığa çıxıblar. Hazırda ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi o vaxt iddia edirdi ki, onlar mənsub olduqları icmanın dini ədəbiyyatını vətəndaşlara təklif edərək cinayət törətmişlər.

Gündüz İsmayılov bildirir ki, kitabı idxal etmək üçün Komitədən razılıq almaq lazımdır, bundan sonra kitab markalanır.

"Amma bu iki nəfərin payladığı kitab kustar üsulla hazırlanıb, yəni surəti internetdən çıxarılmaqla paylanırdı. Bir faktı da deyim ki, ölkəyə kitab idxalı ilə bağlı müraciət edən və icazə almış dini icma Yehovanın Şahidləridir. Statistikanı müəyyənləşdirsək, bu icmanın ölkəyə idxal etdiyi dini ədəbiyyatın sayı digər müsəlman icmalarının idxal etdikləri dini ədəbiyyatın sayından çoxdur."

Bu hadisədən öncə, Yehovanın Şahidlərinin din xadimlərindən biri Rəşad Niftəliyevə 2015-ci il noyabrın 19-u Gəncə Şəhər Məhkəməsi "dini görüşlərin təşkili və keçirilməsi ilə bağlı qanunu" pozduğuna görə ona kəsilən küllü miqdarda cəriməni ödəmədiyi üçün 25 sutka həbs cəzası kəsib.

Altay Göyüşov Komitənin dini kitablarla bağlı siyasətini doğru hesab etmədiyini və bunun da din azadlığının məhdudlaşdırılması ilə nəticələndiyini deyir:

"Ən böyük problem bundan ibarətdir ki, bu kitabların siyahısı yoxdur, hansı kitabları qadağan edirlər, eyni zamanda meyarlar da müəyyən olunmayıb. Faktiki, bunların ekstremist adı ilə qadağan etdikləri kitablar var ki, dünyada qəbul olunur. Eyni zamanda, dini ədəbiyyatın satışı ilə məşğul olan dükanlara ildə bir neçə dəfə reyd keçiriblər."

Dini Komitədən isə "din pərdəsi adı altında məzhəbçilik, bölücülük hallarına qarşı mübarizənin aparılmasının lazımlı olduğunu" bildiriblər.

Bundan başqa, Azərbaycandakı Baptistlər İcması da qeydiyyat problemindən əziyyət çəkdiklərini bildirib.

İcmanın rəhbəri İlya Zençenko deyir ki, "azadlıq" sözü yalnız Dini Etiqad Azadlığı haqqında Qanunun adında qalıb.

"Maddələri incələsək, orada azadlıqdan başqa heç nə yoxdur. Sonuncu dəfə bu il dekabrın 2-də Dini Qurumlarla iş üzrə Dövlət Komitəsində oldum. Noyabr ayında Zaqatala rayonunun əsasən gürcü dilində danışan ingiloyların yaşadığı Əliabad kəndində baptist kilsənin keşişinin evində yığışıb Bibliya oxuyarkən oraya polis basqın edib, adını da qoyublar ki, "qanunsuz toplşamşaq", çünki icma olaraq qeydiyyatımız yoxdur."

Zençenko əlavə edir ki, qeydiyyat üçün mütləq 50 nəfərin olması şərtdir ki, bu da çətinlik yaradan amillərdəndir.

"Yas mərasimi olur, 200-300 nəfər yığışır, molla da gəlir, buna kimsə problem yaratmır, amma biz bir neçə nəfər yığışıb haradasa ibadət edəndə, bunun adı qanunsuz olur. Təbii ki, mən demək istəmirəm ki, xristianlara problem yaradırlar. Sonuncu dəfə Komitədə də bu məsələni qaldırdım. Həmin qanunda radikalizmə qarşı tədbirlər alınır, amma bu o demək deyil ki, normal, pis niyyəti olmayan təşkilatlar da bundan əziyyət çəkməlidir", - o deyir.

Dindarlıq

Ölkədə təhsilin səviyyəsinin aşağı olması, eləcə də ali məktəblərə hər il keçirilən qəbul imtahanlarında keçid ballarının aşağı düşməsi bəzi gənclərin dinə maraq göstərməsinə əsas yaradan amillərdən biri kimi sadalanır.

Dini Komitə isə burada hansısa narahatlığın olduğunu düşünmür. Dini-sosioloji araşdırmalar göstərir ki, istənilən cəmiyyətin 20-25 faizinin dindarlaşma potensialı var. Komitənin hesablamalarına görə, Azərbaycanda bu potensial 6-8 faizdir.

Hesablamalar zamanı bayram namazlarında məscidlərə gələn şəxslərin sayı əsas götürülür.

Belə ki, Azərbaycanda bayram namazlarında kütləvilik təxminən 135-150 min nəfər civarındadır. Bu rəqəm vurulur 5-ə. Çünki, Azərbaycanda qadınlar bayram namazlarına gəlmir.

Altay Göyüşov hesab edir ki, təhsilin səviyyəsinin aşağı düşməsi dindarlığın deyil, ekstremizmə meyllənmənin əsasını təşkil edə bilər.

"Təhsil keyfiyyətinin itirilməsi həm də sekulyar dəyərlərə bağlılığın zəifləməsinə səbəb olur. GALLUP, Pew Research Center-in həyata keçirdiyi sorğuların siyahısında Azərbaycan dünyada dindarlığın aşağı səviyyədə olduğu göstərilir. Bu gün İraqda və Suriyada döyüşən azərbaycanlılar var. Təbii ki, bu kimi halların mövcudluğu ciddi düşünmək üçün əsasdır."

Nardaran hadisələri və sərbəst toplaşmaq azadlığının pozulması

Fotonun müəllifi AFP
Image caption Nardaranda "Rəhimə Xanım" məscid-ziyarətgahı və digər məscidlərin idarəetməsini eyni adlı dini icma həyata keçirir

BMT-nin hesabatında yer alan dini baxışlarına görə şəxslərin həbsi və yaxud təzyiqə məruz qalması barədə narahatlıqlar isə əsasən İslam dininə etiqad edənlərlə bağlıdır.

"Nardaran hadisələri" kimi tanınan, 2015-ci ilin noyabrında Bakının Nardaranda keçirilmiş əməliyyatdan sonra 18 nəfərə, o cümlədən Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov və AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya qarşı hakimiyyəti zorla ələ keçirmə, terrorçuluq və qəsdən adam öldürmə maddələri üzrə ittihamlar irəli sürülüb. Əməliyyat vaxtı baş vermiş silahlı qarşıdurmada iki polis əməkdaşı da daxil olmaqla 6 nəfər öldürülüb.

Hazırda onların məhkəmə istintaqları davam edir, amma onlar təyin edilmiş vəkilləri istəmədiklərindən proses etirazlarla müşahidə edilir. Dekabrın 19-dan başlayaraq təqsirləndirilən 18 nəfər aclıq aksiyasına başlayıblar.

İstər Nardaran hadisələri, istərsə də bundan öncə İslam dini və onun tərəfdarlarının ən dinc aksiyaları belə, bu ölkədə sanki, "şəriət dövləti qurmaq istəmələri" ilə bağlı fikir mübadilələrinə səbəb olurdu. Azərbaycan İslam ölkəsi olmasa da, burada müsəlmanlıq geniş yayılıb. Belə ki, təhlilçilərə görə, digər sosial və ictimai qruplar kimi, dini kəsimin də hansısa bir prosesə cəlb olunması və yaxud orada iştirak etməsi bəzi hallarda narahatlıqlarla müşayiət olunur.

Nardaranda baş vermiş hadisə, özünü həm də iqtisadi və mədəni münasibətlərdə də göstərib, qəsəbədə bir müddət ciddi iqtisadi problemlər yaranıb - qaz və işıq verilişi dayandırılıb, sakinlər yerli mediaya bildirib.

Gündüz İsmayılov Nardaran hadisələrinin dinə, siyasi hadisələrə dəxli olmadığını deyərək, bunu, sırf təhlükəsizliklə əlaqələndirir.

Komitə rəsmisi Nardaran hadisələrinə "dini don geyindirməyin" əleyhinədir.

"Nardaranda o hadisələrdən bugünədək bir dənə də məscid bağlanmayıb. Kameralara gəldikdə isə, ölkədəki bütün dini icmalarda kameralar quraşdırılır və bu da dini icmaların öz hesabına həyata keçirilir. Kameralaşma Nardaran hadisələrindən öncə var."

Təhlilçi Altay Göyüşova görə isə, Nardaran hadisələri olan ili baş verən Aşura mərasimi hökuməti "ciddi" şəkildə narahat edib.

"Bu Aşura 1930-cu ildən bugünədək ən böyük Aşura mərasimi idi. Məhz Nardaran hadisələrindən sonra qanunların sərtləşdiriıməsi istiqamətində təkliflər irəli sürdülər. Hətta QMİ-nin fətvası ilə aşura yürüşlərinə qadağa qoyuldu."

"Bu yürüşlər ləğv olunmadı, Aşura mərasimləri də qanunvericilik çərçivəsində keçirilir. Küçə yürüşləri, istər dini, istər də qeyri-dini olmasından asılı olmayaraq, icazəli olmalıdır. Həm Dini Etiqad Azadlığı Qanunu, həm də Sərbəst Toplaşmaq Azadlığı haqqında Qanunun tələbidir," İsmayılov cavab verir.

Azərbaycan İslam Partiyasının keçmiş sədri, Nardaran kənd ağsaqqalı Hacı Hacıağa Nuriyev deyir ki, ötən il "tək məsələ ["Rəhimə Xanım" dini icması] təkrar qeydiyyatla bağlı oldu, bu da 5-6 ay çəkdi. Məlum hadisələrdən sonra da namazımız və ibadətimizi yerinə yetirirdik..."

Nardaranda "Rəhimə Xanım" məscid-ziyarətgahında qeydə alınan eyni adlı dini icma hazırda qəsəbədəki digər məscidlərin də idarəetməsini həyata keçirir.

"Nurçuluq"

Başqa bir məsələ isə, Azərbaycanda çoxsaylı təhsil ocaqlarına malik olmuş "Nurçu" cərəyanı [mediada "Nurçular işi adlanır] ilə bağlıdır.

Dövlət Komitəsi bildirir ki, Azərbaycanda bu cərəyanın iki - "Gülənçilər və Mustafa Sunqur qolları mövcud olsa da, nurçuluq deyəndə, ötən ilə qədər çoxsaylı liseylərə sahib olmuş Gülençilər yada düşür".

"Çünki Sunqurçular klassik nurçulardır və onların Gülənçilərlə əlaqəsi yoxdur - siyasətə qarışmırlar, Risaleyi-nur dini külliyatının oxunmasına üstünlük verirlər, dərsxanalar açırlar", cənab İsmayilov izah edir.

ABŞ-da könüllü sürgündə yaşayan türkiyəli din xadimi Fethullah Gülen tərəfdarlarının Azərbaycanda həbsi və ya işdən çıxarılması, Türkiyənin iqtidar AK partiyasının Gülenlə münasibətlərinin pozulmasından və xüsusilə də, bu ilin iyul ayında Türkiyədə dövlət çevrilişi cəhdindən sonra başlanıb.

Azərbaycanda "Türk liseyləri" kimi tanınan məktəblərin və Qafqaz Universitetinin idarəçiliyini hökumət ələ alıb.

Vəkil Əsabəli Mustafayev bildirir ki, 2015-ci ildə 15 nəfər məhz Risaleyi Nur kitabının aşkarlanması nəticəsində inzibati cəzaya məruz qalıb və onların da işi Avropa Məhkəməsindədir. Bundan başqa, 2013-cü ildə də "Nurçular işində" həbs olunan 3 nəfərin işi də Avropa Məhkəməsinə göndərilib, vəkil əlavə edir.

Fotonun müəllifi AP
Image caption Dövlət Komitəsi 2014-cü ildən Gülençilərə qarşı mübarizə getdiyini bildirir: o vaxtdan bəri Fethullah Gülenə məxsus 11 məktəb və bir universitetin nəzarəti yerli idarəetməyə keçib

Gülen tərəfdarlarına gəldikdə isə, Komitə 2014-cü ildən başlayaraq, bu cərəyana qarşı "mübarizə" getdiyini bildirib.

Həmin il Fethullah Gülenə bağlı 11 məktəbin idarəetməsi Təhsil Nazirliyinə keçib. 2016-ci ilin avqustunda isə bir universitet yeni rəhbərlik altında fəaliyyətini davam etdirir.

2016-cı ildə Azadlıq qəzetinin Faiq Əmirli "Hizmet" hərəkatının imamı olmaqda təqsirli bilinərək həbs edilib. Qarşı tərəf isə bu ittihamı "absurd, böhtan" sayır. Bu iş də Avropa Məhkəməsinə göndərilib.

Dini Komitə rəsmisi Gündüz İsmayılov klassik nurçuluğun da bəzi tərəflərinin Azərbaycan üçün məqsədəuyğun olmadığı qənaətindədir.

"Bunlar əsasən xurafat elementləri, cəmiyyətdə camaatlıq müstəvisində bölücülük yaratmaq, cəmiyyətin təriqətlərə, camaatlara bölünməsi halları. Azərbaycanda təmayülündən asılı olmayaraq, radikal dini cərəyanlara qarşı mübarizə üç istiqamətdə aparılır- inzibati, iqtisadi bazasının məhv edilməsi, ideoloji məsələ, yəni cəmiyyətdə maarifçilik işləri aparmaqla."

Hüquq müdafiəçisi, Vahid Siyasi Məhbus Siyahısı üzrə İşçi Qrupunun üzvü Rəsul Cəfərovun sözlərinə görə, İşçi Qrupunun noyabrın 25-də yaydığı hesabatda 86 dindar fəal siyasi məhbus kimi tanınıb və daha 25 dindarın işi monitorinq altında olan işlər kateqoriyasındadır.

Cəfərova görə, bir çox dindar əsasən dini sahədə yürüdülən siyasətə etiraz etdikləri üçün həbsdədirlər.

"2012-ci ilin oktybarında hicaba qoyulan qadağaya etiraz olaraq keçirilən aksiyada tutulanlardan bir neçə nəfər həbsdədir, 2012-ci ildə Eurovision ərəfəsində bu yarışmanın bəzi elementlərinin dinə zidd olması əsası ilə etirazlar olub, bu etirazları edən şəxslər həbsdədir, o cümlədən Taleh Bağırzadə özü və onun rəhbərlik etdiyi Hərəkat həm din sahəsində, həm də digər sahələrdə etiraz səslərini ucaltdıqları üçün həbs ediliblər."

Azərbaycan hökuməti birmənalı olaraq ölkədə siyasi məhbus olmadığını bütün yerli və beynəlxalq tribunalarda səsləndirir.

Əlaqəli mövzular

Bu barədə daha geniş