Mətbuat icmalı: Azərbaycanın AŞ PA-dakı rüsvayçılığının nəticəsi necə olacaq?

"Azadlıq": Azərbaycanın AŞ PA-dakı rüsvayçılığının nəticəsi necə olacaq?

Azərbaycanla bağlı araşdırmalar Luka Volonte ilə məhdudlaşmayacaq. Azərbaycan hökumətinin İtaliyadan olan deputat Luka Volonteyə 2 milyon 390 min avro həcmində rüşvət verməsi AŞ PA-da böyük qalmaqala səbəb olub.

"AŞ PA-da sədr müavini olmuş L.Volonte imkan verməyib ki, Avropa Şurası Azərbaycanlı siyasi məhbusları müdafiə etsin. Məhz onun səyləri nəticəsində Ştrasserin hazırladığı siyasi məhbuslar siyahısı AŞ PA-dan keçməyib.

Ekspertlər hesab edir ki, məsələ kifayət qədər ciddidir. Əgər L.Volonte İtaliya prokurorluğu ilə əməkdaşlıq edərək, aldığı rüşvətləri etiraf edirsə, təbii ki, bu əməkdaşlıq həmin rüşvətin mənbəyi haqqında məlumatın açıqlanmasını da ehtiva etməlidir. Bütün bu məqamlar aydınlaşandan sonra Azərbaycan AB tərəfindən ciddi hərəkətliliyin şahidi olacaq.

Ekspertlərə görə, Azərbaycanla bağlı araşdırmalar L.Volonte ilə məhdudlaşmayacaq. Baş verənlər AŞ PA rəhbərliyində təmsil olunan və bu tip fəaliyyətlə məşğul olan digər şəxslərin də ifşası ilə nəticələnəcək," - deyə yazıda qeyd edilir.

"Azərbaycan": XİN: Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəlikləri gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AZƏRTAC-a bildirib ki, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı diplomatik nümayəndəlikləri gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər.

"Azərbaycan": Azərbaycanda investisiya dəyəri 1 milyard avrodan çox olan metallurgiya kompleksi tikiləcək

iqtisadiyyat naziri Şahin Mustafayev "Metallurgiya sənayesinin inkişafı: Yeni çağırışlar və hədəflər" mövzusunda keçirilən tədbirdə deyib ki, Sumqayıtda investisiya dəyəri 1 milyard avrodan çox olan metallurgiya kompleksi tikiləcək.

Nazir bildirib ki, tikinti işləri 3 ilə yekunlaşacaq, tikinti zamanı 4 minə yaxın, tikintidən sonra isə 1200 nəfər işlə təmin olunacaq.

Ş.Mustafayev həmçinin qeyd edib ki, yeni tikiləcək kompleksdə istehsal olunacaq məhsulların yarıdan çoxu ixracyönümlü olacaq.

"Yeni Müsavat": İlham Əliyev: "Biz bu qanlı terror cinayətini qətiyyətlə və qeyd-şərtsiz pisləyirik"

Prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə başsağlığı verib.

Prezidentin başsağlığı məktubunda bildirilir: "Rusiya Federasiyasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Andrey Gennadyeviç Karlovun faciəli ölümü barədə xəbər məni dərindən sarsıtdı. Biz bu qanlı terror cinayətini qətiyyətlə və qeyd-şərtsiz pisləyirik. Sizə, həlak olmuş səfirin ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm".

Fotonun müəllifi Reuters

fins.az: İki bank dollar satışını bərpa edib

Dekabr ayının 20-dən etibarən iki bank, "Bank BTB" və "Rabitəbank" dollar satışı bərpa edib. "Bank BTB"də xarici valyuta satışı 50-100 dollar/avro limitlə həyata keçirilir. "Rabitəbank"da isə satış üzrə limit 100 dollar/avro təyin edilib.

"Bank Silk Vey"sə limiti artırıb. Ötən gün bankda dollar üzrə limit 100, avro üzrə 90 müəyyən edilmişdirsə, bu gün dollar üzrə limit 200, avro üzrə 100 olub. "Amma bu məbləği yalnız hava limanında uçuş bileti olan müştərilər ala biləcək," - xəbərdə deyilir.

fins.az: Azərbaycanlılar geri qaytarılır

"Son iki ildə Azərbaycandan qanunsuz miqrasiya edən 450 nəfərdən artıq vətəndaş ölkəyə geri qaytarılıb. Onların əksəriyyəti Avropa Birliyinə daxil olan - Almaniya, Hollandiya, Fransa və digər iri ölkələrə səfər edənlər olub. İl ərzində isə orta hesabla təqribən 2500 nəfər ölkə sərhədlərini tərk edərək daimi yaşamaq üçün xarici ölkələrə üz tutur.

Miqrasiya məsələləri üzrə mütəxəssis Azər Allahverənov bildirir ki, Azərbaycandan gedənlər əsasən qaçqın statusu üçün müraciət edənlərdir. Ancaq iş və karyera axtarışında olanlar da kifayət qədərdir. Geriyə qaytarılma isə yalnız qeyri-qanuni əsaslarla yaşayanlar deyil, həm də qanunsuz şəkildə əmək fəaliyyəti ilə məşğul olan hallarda da baş verir," - deyə məlumatda qeyd edilir.

Bu barədə daha geniş