Nardaran işi: Vəkillər məhkəməyə "məcburi qatılır"

Nardaran i.i Fotonun müəllifi TƏZƏXAN MİRƏLƏMLİ

"Nardaran işi" ilə bağlı təqsirləndirilənlər vəkillərdən imtina edib, ancaq Vəkillər Kollegiyasının xəbərdarlığından sonra hüquq müdafiəçiləri müttəhimlərlə məsləhətləşərək "məcburən" məhkəmə prosesinə qatılır, vəkil Yalçın İmanov BBC Azərbaycancaya müsahibəsində deyib.

Onun sözlərinə görə, Vəkillər Kollegiyasının xəbərdarlığında "açıq mətnlə" vəkillərin məhkəmə prosesində iştirak etməyəcəyi halda kollegiyada fəaliyyətlərinin "məhdudlaşdırılacağı və ya dayandırılacağı" deyilib.

Bununla bağlı BBC Azərbaycanca Vəkillər Kollegiyasından hər hansı şərh ala bilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırovun məhkəmədə iştirakdan kənarlaşdırması haqda qəbul etdiyi qərara etiraz olaraq AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digər 16 nəfər məhkəmə zalına gəlməkdən imtina edib.

Onların iştirakı olmadan ötən məhkəmə prosesinin keçirilməsindən sonra müttəhimlər vəkillərin xidmətindən imtina etməsi haqda məhkəməyə ərizə ilə müraciət edib. Lakin hakim ərizəni qəbul etməyib və buna etiraz olaraq təqsirləndirilənlərin yaxınları zalı tərk edib. Hakim bu dəfə onların zala buraxılmaması haqda qərar qəbul edib.

Bütün baş verənlərə etiraz olaraq müttəhimlər dünəndən etibarən aclıq aksiyasına başladıqlarını elan ediblər.

Nardaranda ötən ilin noyabr ayında keçirilən əməliyyatdan sonra saxlanılan Taleh Bağırov, Fuad Qəhrəmanlı və digər 16 nəfərə qarşı hakimiyyəti zorla ələ keçirmə, terrorçuluq və qəsdən adam öldürmə maddələri üzrə ittihamlar irəli sürülüb. Əməliyyat vaxtı baş vermiş silahlı qarşıdurmada iki polis əməkdaşı da daxil olmaqla 6 adam öldürülüb.

Bu iş üzrə məhkəmə prosesi bu ilin avqustunda başlayıb və hələ də davam edir.

"Məcburi"

Hüquq müdafiəçisi Yalçın İmanov deyir ki, müttəhimlər 14 dekabrda hakimin "qanunsuz qərarı" ilə məhkəmə prosesindən kənarlaşdırılıb. Onların yenidən məhkəməyə qaytarılması ilə bağlı "dəfələrlə" vəsatət verilsə də hakim onları qəbul etməyib. Hakimin verdiyi "müvəqqəti qərarın" nə vaxta qədər qüvvədə olduğu haqda məlumat verilmir.

Vəkilin sözlərinə görə, məhkəmənin təqsirləndirilən şəxslərin vəkillərin xidmətindən imtinasına dair ərizəsini qəbul etməməsi "qanunsuz qərardır". Buna görə də onlar prosesdə iştirak etməkdə davam edirlər.

"Həm də Vəkillər Kollegiyasının da rolu oldu. Kollegiya açıq mətnlə dedi, xəbərdarlıq etdi ki, orda iştirak etməyəcəyiniz halda kollegiyada fəaliyyətimiz məhdudlaşdırılacaq və ya dayandırılacaq. Biz də kollegiyada üzvlüklə bağlı təhlükə yarandığına görə məhkumlarla məsləhətdən sonra məcburi olaraq məhkəmədə iştirakımızı davam etdiririk", vəkil vurğulayır.

Buna baxmayaraq vəkil əlavə edir ki, sabah keçiriləcək növbəti məhkəmə iclasında təqsirləndirilən şəxslərin məhkəmədə iştirakını təmin etmək üçün yenidən vəsatətlə çıxış edəcəklər.

Aclıq aksiyası

Fotonun müəllifi AXCP
Image caption Prokurorluğun məlumatına görə, Fuad Qəhrəmanlı Nardaran hadisələri zamanı Facebook şəbəkəsində "itaətsizliyə çağırışlar" edib

Baş vermiş hadisələrə etiraz olaraq təqsirləndirilən 18 nəfər bazar ertəsindən başlayaraq aclıq aksiyasına başlayıblar.

Qanunun verdiyi hüquqdan istifadə edib məhkəmədə iştirakı və sözlərini "normal" şəraitdə demələrinə şərait yaradılmayana qədər müttəhimlər aclıq aksiyasını davam etdirəcək, Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmur BBC Azərbaycancaya müsahibəsində deyib.

"Biz ailələr olaraq onların qəraralarına müdaxilə etmək istəmirik və arxalarındayıq" deyən xanhım Yağmur əlavə edir ki, onlar aclıq aksiyasının barələrində "artıq hazır olan hökmün dəyişəcəyi, onların işini yüngülləşdiricəyini" güman etmirlər.

"Sadəcə indiyə qədər başlatdıqları mübarizəni davam etdirmək və hakimiyyətin qeyri-insani siyasət yürütdüyünü ifşa etmək üçün [aclığa] başlayıblar", Zümrüd Yağmur deyir.

Xanım Yağmurun sözlərinə görə, təqsirləndirilən 18 nəfərin etirazına səbəblərdən biri də onların hər dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin "şəraitsiz, soyuq və nəm zirzəmisində" saxlanılmasıdır.

Penitensiar Xidmətin mətbuat xidməti aclıq aksiyasının keçirilməsi ilə bağlı Bakı İstintaq Təcridxanası rəhbərliyinə rəsmi müraciətin olunması haqda dəqiq məlumat verməsə də əmin edir ki, Azərbaycanda "zirzəmi heç bir yerdə yoxdur" və məhkumların saxlanılması üçün beynəlxalq standartlara uyğun "lazımı şərait çoxdan yaradılıb".

Qurum sözçüsü bildirir ki, təqsirləndirilənlərin rəsmi müraciəti olmadığı halda təcridxana əməkdaşları belə hal aşkar edərlərsə qanuni prosedura uyğun işlər görəcək və ilk olaraq qidadan imtinanın səbəbləri dəqiqləşdiriləcək.

"Əməkdaşlarımız görsə ki, imtina edirlər onlar təcrid olunacaq digər müttəhimlərdən və həkim nəzarəti altına götürüləcəklər. Səhhətlərinə təsiri olsa müdaxilə olunacaqlar və məcburi qidalandırılacaqlar", qurum rəsmisi qeyd edir.

Ssenari

Naradaran işində iştirak edən vəkil Nemət Kərimli isə deyir ki, məhkəmə istintaqı "artıq yekunlaşmaq" üzərədir və güman edir ki, təqsirləndirilənlər məhkəmə zalına "son söz deyilən vaxtı gətiriləcək".

"Yəqin son söz deyilməyə imkan verilməyəcək və onlar yenidən zaldan kənarlaşdırılacaq və hökm boş zala oxunacaq. Sssenari belədir", vəkil son zamanlar "məhkəmə çox mənfi bir istiqamətdə gedir" deyir.