Mətbuat icmalı: İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı Azərbaycanla bağlı kampaniyaya başlayıb

Fotonun müəllifi Getty Images

"Azadlıq": Yevda Abramov: "Süni yolla nəfəs verməklə xəstəni 1-2 gün yaşatmaq olar"

"Üzən məzənnəyə keçmək asan deyil, bunu başa düşmək lazımdır. Bunun yolları var və Rusiya, Qazaxıstan kimi ölkələr bu yolu gedir. Xalq özü də hazır olmalıdır. Amma yenə deyirəm, bizim başqa yolumuz yoxdur. Biz manatı sərbəst buraxmalıyıq. Süni yolla nəfəs verməklə xəstəni 1-2 gün yaşatmaq olar. Düşünürəm ki, gələn il manat üzən məzənnəyə keçəcək və uzağı ikinci kvartalda manat bir yerdə duracaq və real məzənnəsini tapacaq.

Bazara külli miqdarda pul buraxmaq olmaz. Parlamentdə çıxışımdan sonra cənab prezidentin göstərişi ilə bank rəhbərləri tutuldu, qara bazarda insanlar böyük pullarla yaxalandılar. Mediaya inansaq, məmurlardan biri 100 milyon dolları xaricə çıxarıb. Necə çıxarıb, necə baş verib ki, biz qanunda göstəriləndən artıq pul çıxara bilmirik, o isə 100 milyon dolları çıxarda bilib. Ona görə də xalqın üzərinə də iş düşür. Xalqda bir vətənpərvərlik, təpər olmalıdır", deyə deputat Yevda Abramov bildirib.

"Azadlıq": İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı Azərbaycanla bağlı kampaniyaya başlayıb

İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı (İƏÜT) ötən gün kampaniyaya başlayaraq beynəlxalq birliyi Azərbaycanda vəziyyətə müdaxilə etməyə çağırıb.

"İƏÜT-nin Turan-a daxil olan məlumatında amansız işgəncələrə, ədalətsiz məhkəmə proseslərinə son qoyulmasının vacibliyindən danışılır. Belə ki, bu hallar "Nardaran işi" üzrə prosesdə baş verir. Nardaran qəsəbəsindən 18 müttəhim işgəncələrə məruz qalıb.

...2015-ci il noyabrın 26-da saxlanma zamanı onların lideri Taleh Bağırzadə və digər dindarlar vəhşicəsinə döyülüb, bəziləri öldürülüb.

Polis idarəsində onları bir neçə gün döyüblər, ancaq prokurorluq təhqiqata başlamayıb," - yazıda deyilir.

Daha sonra qeyd edilir ki, hakim müntəzəm olaraq müttəhimləri qorxudur və tələb edir ki, öz şikayətlərindən imtina etsinlər.

"Müttəhimlərin ailə üzvlərinin məlumatına görə, digər üç müttəhim saxlanma zamanı odlu silah yarası alıb, lakin onlara lazımi tibbi yardım göstərilməyib, müalicə almayıblar. Nəticədə sərbəst hərəkət etmək qabiliyyətini itiriblər.

...2014-cü ildə hakimiyyətin vətəndaş cəmiyyətinə qarşı başladığı kütləvi repressiyalar nəticəsində bir çox QHT-nin fəaliyyəti dayandırılıb, ümumilikdə, Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi üzrə işlər çətinləşib, İƏÜT qeyd eir.

...Öz növbəsində, Azərbaycan rəsmiləri ölkədə işgəncə faktının olmasını birmənalı qəbul etmir və beynəlxalq təşkilatların hesabatlarını qərəzli adlandırır," deyə Amerikanın Səsinə istinadən dərc edilmiş yazıda qeyd edilir.

"Azərbaycan": Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

Fotonun müəllifi Getty Images

Dekabrın 20-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Vergilər Nazirliyinin vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinin rəisi Natiq Şirinov diqqətə çatdırıb ki, 2017-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək Vergi Məcəlləsində sahibkarlıq subyektləri üçün kifayət qədər vergi güzəştləri nəzərdə tutulub.

"Qanun layihəsi barədə məlumat verən N.Şirinov qeyd edib ki, sənədə əsasən vergi ödəyicilərinin vergilərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir.

...Sənədə görə vergi orqanları tərəfindən aparılmış digər vergi nəzarəti tədbirləri və yoxlamalar zamanı vergi ödəyicilərinə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə yaranmış vergi borcları vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar ayı ərzində həmin maliyyə sanksiyalarının 30 faizi ödənildikdə maliyyə sanksiyalarının ödənilməmiş 70 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir.

...Vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-fevral ayları ərzində həmin maliyyə sanksiyalarının 50 faizi ödənildikdə maliyyə sanksiyalarının ödənilməmiş 50 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir. Vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-mart ayları ərzində həmin maliyyə sanksiyalarının 70 faizi ödənildikdə maliyyə sanksiyalarının ödənilməmiş 30 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir," məlumatda deyilir.

"Xalq qəzeti": "Ağ şəhər"də müasir yol infrastrukturu yaradılır

"Azəravtoyol" ASC-dən verilən məlumata görə, "Ağ şəhər" layihəsi çərçivəsində "Yaşıl ada" və "Villa zonası" adlanan ərazilərdə ümumi uzunluğu 3 kilometrə yaxın əsas və kəsişən bir-neçə küçədə tikinti işləri yekunlaşmaq üzrədir. Bura Xəqani Rüstəmov küçəsinin 520 metrlik, 1-ci Yaşıl ada küçəsinin 420 metrlik, 2-ci Yaşıl ada küçəsinin 450 metrlik hissələri, eləcə də sözügedən küçələrlə kəsişən və hər birinin uzunluğu 113 metr olan 4 kiçik küçə daxildir. Ötən müddətdə tikinti işləri çərçivəsində həmin küçələrdə köhnə yararsız qrunt 2 metrə yaxın dərinlikdə qazılaraq çıxarılıb, əvəzində karbonat materialı tökülərək kipləşdirilib və yeni yol yatağı inşa olunub. Bununla yanaşı, zəruri olan bütün yeraltı kommunikasiya xətləri çəkilib.

...Hazırda həmin küçələrdə asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Yol infrastrukturu ilə bağlı həyata keçirilən layihə çərçivəsində küçələrdə 20 min kvadratmetr piyada səkisi və yolayrıcı inşa olunub, hazırda tamet daşları döşənir. Səki və yolayrıcının kənarlarına, ümumilikdə, 15 min paqonometr qranit-mərmər daşı düzülüb. Bundan əlavə, yolların kənarlarında 300-ə yaxın çinar və zeytun əkilib," - deyə yazıda qeyd edilir.

Əlaqəli mövzular