İlin sonu: 2016-ci ildə Azərbaycanda insan haqları və azadlıqlar

Bakı Fotonun müəllifi Getty Images

Azərbaycanda 2016-cı ildə insan haqlarının vəziyyəti barədə bəzi müsbət hallara baxmayaraq, iqtidarın daha da avtoritarlaşmasına dair narahatlıqlar davam edib.

Mart ayında beynəlxalq təşkilatların "vicdan məhbusu və siyasi məhbus" kimi tanıdığı 12 nəfər prezident Əliyevin imzaladığı Əfv Sərəncamı ilə azad edilmiş 150 insanın arasında olub. Həmçinin prezident ailəsinin biznesləri barədə araşdırma edən tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayıl şərti azadlığa buraxılıb.

Hərçənd ki, təxminən eyni vaxtda sabiq mərhum prezident Heydər Əliyevin heykəli üzərinə yazılan şüarlardan sonra iki gənc narkotik ittihamları ilə saxlanılıb və il sonu onlar barəsində ayrı-ayrılıqda 10 il həbs cəzası kəsilib.

Azərbaycan hökumətinin yerli tənqidçilərinə görə, ölkədə 2016-cı il ərzində ölkədə insan hüquq və azadlıqları sahəsində əvvəllki dövrlə müqayisədə hakimiyyətin "repressiya siyasəti ciddi xarakter" alıb.

Beynəlxalq müşahidəçilər düşünür ki, 2016-cı ildə Azərbaycan hökuməti "siyasi məhbus" məsələsini həll etmək üçün ilk dəfə səy göstərib və bu il ərzində insan haqları sahəsində uğurlar olub.

Müsavat partiyası üçün ölkədə insanların siyasi motivlərlə həbs olunması bu il "xeyli dərəcədə leqallaşıb". AXCP bəyan edir ki, il ərzində partiyanın 253 fəal üzvü polis idarələrinə çağırılıb.

Müstəqil hüquq müdafiəçiləri 2016-cı ildə həbs olunan siyasi məhbuslar arasında gənclərin çox olmasına diqqət çəkir və əlavə edirlər ki, "qisməm azad" internetdə azad söz deyən gənclərə qarşı "basqılar olub və bu hələ də qalmaqdadır".

Hakim partiya nümayəndələri isə düşünür ki, bu sahədəki vəziyyət "vətəndaşları ümumən təmin edir" və Azərbaycanda vətəndaşların azad toplaşmaq, mətbuat azadlıqları qorunur və öz hüquqlarının qorunması üçün müxtəlif hakimiyyət orqanları ilə açıq əlaqə saxlayır.

"Siyasi motivli həbs leqallaşıb"

Fotonun müəllifi AZİZ KARİMOV
Image caption Hakimiyyətin "kürü diplomatiyası" ilə bağlı bu il çox ciddi sübutlar ortaya çıxıb, Arif hacılı deyir

Müsavat partiyası başqanı Arif Hacılı düşünür ki, 2016-cı ilin insan haqları və azadlıqları sahəsində ötən illərlə müqayisədə vəziyyət "pisləşib".

Cənab Hacılı "indi siyasi məhbuslara çox ağır cəzalar verilir və ağır maddələrlə ittihamlar irəli sürülür" deyə qeyd edir.

"Fərqli cəhət, həm də odur ki, 2016-da siyasi məhbuslara qarşı aparılan məhkəmə istintaqında bir qayda olaraq saxta da olsa sübutların toplanmasına cəhd göstərilmir. Məsələn, Qiyas İbrahimovBayram Məmmədovun üzərində külli miqdarda narkotik tapılması kimi absurd ittiham irəli sürüldü. Hətta istintaq orqanları bu iddianı əsaslandırmağa saxta sübutları toplamağı belə lazım bilməyiblər."

Onun iddiasına görə, "insanların siyasi motivlərlə həbs olunması xeyli dərəcədə leqallaşıb".

NİDA hərəkatının üzvləri Bayram Məmmədov və Qiyas İbrahimov bu il, mayın 10-u gecə saatlarında sabiq prezident Heydər Əliyevin abidəsinə yazılmış "Qul bayramınız mübarək" şüarından sonra saxlanılıb. Narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunan hər iki gəncə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum etmə cəzası verilib.

Müxalif siyasətçi deyir ki, 2016-cı ilin "əsas fərq şərti" həm də Azərbaycan hakimiyyətinin "kürü diplomatiyası" ilə bağlı gizlinlərinin aşkara çıxması ilə bağlıdır.

"Hakimiyyətin bu sahədə apardığı fəaliyyət bizə məlum idi" deyən cənab Hacılı "indi çox ciddi sübutlar ortaya çıxıb" deyə vurğulayır.

Partiyanın referendum öncəsi keçirdiyi mitinq öncəsi və sonrası həbslərə toxunan partiya başqanı bu məqamın da əvvəlki illərdən fərqli olduğunu deyir və bunu, ölkədə insan haqları vəziyyətinin "daha da pisləşməsinin əlavə sübutu" adlandırır.

"...Repressiya siyasəti artıb"

AXCP sədr müavini Gözəl Bayramlı il ərzində qısa müddətli olsa da həbs olunan partiya üzvlərinin statistikasına diqqət çəkir və razılaşdırılmış mitinqdə iştirakına görə "31 nəfər üzvümüzün bir neçə nəfəri 5 sutka olmaqla, ümumilikdə 15-30 sutkaya qədər həbs olunub" deyir.

Xanım Bayramlı düşünür ki, insan haqları və azadlıqları sahəsində dəyişilik əvvəlki illərlə müqayisədə "daha da pis olub və repressiya siyasəti artıb".

"Hakimiyyətin düşüncəsinə görə cəmiyyətdəki narazılıqların qarşısını almaq üçün ən yaxşı yol repressiyadır. Bununla hakimiyyətin ömrünü uzatmağa çalışırlar. Bunlar başqa yol da bilmirlər və bu düşüncədən kənara çıxa bilmirlər", o deyir.

Nardaran hadisəsi ilə bağlı bu ilin avqust ayından başlayanan məhkəmə prosesini xatırladan partiya nümayəndəsi deyir ki, məsələ indi o həddə gəlib ki, məhkəmə "qapalı keçirilir".

"Bu da onun göstəricisidir ki, Azərbaycanda insan haqları adında bir məfhum yoxdur. Bu hakimiyyət ümumiyyətlə insan haqları məfhumunu sıradan çıxarıb."

Azad musiqi və "öz-özünü senzura"

Fotonun müəllifi AFP
Image caption Rəsul Cəfərov fikirləşir ki, hökuməti gənclər siyasətində dəyişiklik etməyə təşviq etmək üçün qanunla nəzərdə tutulmuş vasitələrdən istifadə etməyə çalışmaq lazımdır

Hüquq müdafiəçisi Rəsul Cəfərov 2016-cı il ərzində gənclərin vəziyyətdən söz açaraq təəssüflə qeyd edir ki, onların azadlıqları sahəsində "müsbət cəhəti tapmaq çox çətindir".

Sosial şəbəkədə azad söz yazan və aksiya təşkil edən İlkin Rüstəmzadə, "Yatlaqlara dur deyək!" səhifəsinin admini Əbdül Əbilovun, Qiyas İbrahimov və Bayram Məmmədovun məhz "azad fəaliyyətlərinə" görə həbs olunduğunu düşünən cənab Cəfərov deyir ki, "qismən azad" olan internetdə azad söz deyən gənclərə qarşı "basqılar hələ də qalmaqdadır".

"Son 1 il-1 il yarımda azad musiqi, tənqidi rep və ya digər bir musiqi ilə məşğul olan gənc ifaçılar mən görməmişəm. Bu da düşünürəm ki, senzura, özü-özünü senzura mühitindən irəli gəlir", deyərək hüquq müdafiəçisi "əvvəllər xeyli ifaçı və qrup var idi, amma indi onlar da aradan çıxmış oldular", deyə o qeyd edir.

Baş verənlərin fonunda Rəsul Cəfərov fikirləşir ki, hökuməti gənclər siyasətində dəyişiklik etməyə təşviq etmək üçün qanunla nəzərdə tutulmuş vasitələrdən istifadə etməyə çalışmaq lazımdır.

"Formal deyil, hardasa məruzə etmək üçün deyil, həqiqətən də gənclərin maraqlarını nəzərə alacaq siyasət həyata keçirilsin. Fərqli düşünən gənclərdən çəkinməsinlər. Onlara ögey münasibət bəsləməsinlər", hüquq müdafiəçisi əlavə edir.

Təhlükəsiz ölkə

Fotonun müəllifi Meydantv
Image caption Aydın Mirzəzadə düşünür ki, Azərbaycanda insan haqları və azadlıqları sahəsindəki vəziyyət "vətəndaşları ümumən təmin edir"

Hakim partiya nümayəndəsi olan millət vəkili Aydın Mirzəzadə düşünür ki, Azərbaycanda baza prinsipləri kimi insan hüquq və azadlıqları göstərilir və sonrakı dəyişiliklərdə bu anlayış daha da möhkəmlənib.

"Azərbaycan vətəndaşı təhlükəsiz ölkədə yaşayır" millət vəkili deyir.

Cənab Mirzəzadə əlavə edir ki, vətəndaşlar təhsil, istirahət, sağlamlıq, azad toplaşmaq və mətbuat azadlıqları sahəsində hər hansı problem yaranarsa onu həm ictimai müzakirə, həm də məhkəmə predmeti ola bilir.

"Azərbaycan açıq cəmiyyət kimi dünya ilə də sıx bağlıdır", deputat qeyd edir.

Cənab Mirzəzadə deyir ki, insan hüquq və azadlıqları prinsipi Azərbaycan hakimiyyətinin "əsas fəaliyyət" proqramıdır və müxalifətin iqtidarla razılaşmamasının özü "demokratioyanın göstəricisidir".

"Real cəmiyyət içərisində demokratik çəkişmə prinsipi var, azad fikir söyləmək hüququ var. Müxaliflərin də narazı qalması və açıq şəkildə bunu bəyan etməsi Azərbaycanda söz və siyasi mübarizə azadlığının qorunmasının bir göstəricisidir", millət vəkili deyir.

3 böyük uğur və narahatlıq ili

Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Schennach BBC Azərbaycancaya bildirib ki, "2016-cı il İlqar Məmmədovun daha bir il türmədə qaldığı, Azərbaycan hökumətinin Avropa İnsan Haqları Məhkəməsinin qərarına etinasız yanaşdığı növbəti il oldu".

Cənab Schennach deyir ki, həmməruzəçi olaraq "apardıqları danışıqlar nəticəsində bu il 3 böyük uğur" qazanılıb.

Bunlar - Leyla və Arif Yunus ailəsinin ölkəni tərk etməsinə icazə verilməsi, jurnalist Xədicə İsmayıl, iqtisadçı Natiq Cəfərli və digərlərinin azadlığa buraxılması olub, həmməruzəçi əlavə edib.

Beynəlxalq müşahidəçi deyir ki, bu ilin iyun ayında Amnesty International məhbus siyahısını "indiyə qədər olmayacaq qədər", 8 nəfər azaltsa da referendumla bağlı həbslərin başlaması onlarda "narahatlıq doğurub".

"Demokratiyada hər kəs bir mövqe tuta bilər və bu, onların həbsinə səbəb olmamalıdır", Stefan Schennach "siyasi məhbus" sözünə həmməruzəçilərin çox diqqətlə yanaşdığını deyir.

Cənab Schennach-ın sözlərinə görə, onlar QHT, partiya, media seçki hüquqları və insan hüquqları ilə bağlı başlatdıqları işi 2017-ci ildə də davam etdirəcəklər.

"Xüsusilə gənclər olmaqla, yaxşı qanunda həbsetmə ilk addım olmamalıdır" Stefan Schennach bildirib.

Bu il keçirilən referendumu izləyən cənab Schennach növbəti ildə referendumda qəbul olunan yeniliklərin qanuni olaraq tətbiqini araşdırmağa başlayacaqlarını da qeyd edir.

"Biz həm də demokratik institutların fəaliyyətinə fokuslanacaq, bunun üçün prokurorluq, məhkəmə orqanları, ombudsman aparatı və digərləri ilə danışıqlar aparacağıq. Onlar müstəqil institut kimi çalışmalıdırlar", həmməruzəçi dini zəmində həbs olunanların işini də diqqət mərkəzində saxlayacağını vurğulayır.

Nardaranda ötən ilin noyabr ayında keçirilən əməliyyatdan sonra saxlanılan Taleh Bağırov, Fuad Qəhrəmanlı və digər 16 nəfərə qarşı hakimiyyəti zorla ələ keçirmə, terrorçuluq və qəsdən adam öldürmə maddələri üzrə ittihamlar irəli sürülüb. Əməliyyat vaxtı baş vermiş silahlı qarşıdurmada iki polis əməkdaşı da daxil olmaqla 6 adam öldürülüb.

Əlaqəli mövzular