2016: Azərbaycanda baş verən 10 önəmli hadisə

rayonlarda etirazlar Fotonun müəllifi APA
Image caption Azərbaycanda 2016-cı il bir sıra bölgələrdə etiraz aksiyaları ilə başlayıb

Azərbaycanda 2016-cı il bir sıra bölgələrdə - Siyəzən, Lənkəran, Ağcabədi, Füzuli, Beyləqanda etirazlarla başlayıb.

Bu bölgələrin sakinləri işsizliyə və qiymət artımına etirazlarla küçələrə çıxıb və icra hakimiyyətlərinə üz tutub.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov aksiyalara süni qiymət artımı və dollar ajiotajının səbəb olduğunu deyib.

Təhlilçilərə görə, ölkədə qiymət artımı neft qiymətlərinin aşağı enməsi nəticəsində manatın dəyərinin azalması ilə əlaqədardır.

Ötən ilin fevralında Mərkəzi Bank dolların məzənnəsini 1 manat 5 qəpik səviyyəsində müəyyən edib. 2015-ci ilin dekabrın 21-də isə qurum Azərbaycan valyutasını üzən məzənnə rejiminə keçdiyini açıqlayıb. Həmin vaxt dolların məzənnəsi 47 faizdən çox artaraq, 1 manat 55 qəpiyə çatıb.

Bir il ərzində milli valyutanın dəyərinin 2 dəfə kəskin azalması digər sahələrdə qiyməti artımının müşahidə olunması ilə nəticələnib və bu da əhali arasında narazılığa səbəb olub.

Hazırda Azərbaycanda dollar almaq istəyənlər bu xarici valyutanın ya məhdudiyyətlə, ya da heç satılmadığını deyir. Bəziləri bu vəziyyəti dolların daha da bahalaşacağının xəbərçisi kimi qəbul edir.

Əfv sərəncamı və digər şərti azadlıqlar

Image caption Jurnalist Xədicə İsmayil, hüquqşünas İntiqam Əliyev və Rauf Mirqədirov şərti azadlığa buraxıldı, Anar Məmmədli və Hilal Məmmədov da daxil olmaqla digər 10 nəfər isə Əfv Sərəncamı ilə azad edildi.

Mart ayında prezident İlham Əliyevin imzaladığı Əfv sərəncamı ilə aralarında beynəlxalq təşkilatların "vicdan məhbusu və siyasi məhbus" kimi 12 şəxs də olmaqla, ümumilikdə 150 nəfər azad edilib.

Eyni gündə, martın 17-də dövlətə xəyanət ittihamı ilə həbs olunan jurnalist Rauf Mirqədirov barəsində çıxarılmış 6 il həbs cəzası 5 il şərti cəza ilə əvəz edilib və o məhkəmə zalından evə buraxılıb. Sonradan jurnalist İsveçrəyə gedərək orda siyasi sığınacaq üçün müraciət etdiyini açıqlayıb.

Martın 28-də Ali Məhkəmənin Plenumunda vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq və mənimsəmə maddələri ilə ittiham olunaraq 7 il 6 ay azadlıqdan məhrum edilmiş hüquq müdafiəçisi İntiqam Əliyev 5 il cəza müddəti qalmaqla şərti azadlığa buraxılıb.

Martın 25-də prezident ailəsinin biznesləri barədə araşdırmalar edən jurnalist Xədicə İsmayılova azadlığa buraxılıb. Ali Məhkəmənin hökmü ilə jurnalist Cinayət Məcəlləsinin mənimsəmə və ya israf etmə, həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri üzrə bəraət aldı və o, 5 il sınaq müddəti qalmaqla 3 il 6 ay şərti cəza ilə azadlığa buraxıldı.

Jurnalist hələ də ona qarşı irəli sürülən qanunsuz sahibkarlıq və vergi ödəməkdən yayınma maddələrindən bəraət almaq üçün məhkəmə çəkişmələrini davam etdirir. Onun ölkədən çıxışına qadağa qoyulsa da xanım jurnalist xarici tədbirlərə online qatılaraq təcrübələrini bölüşməkdə davam edir. O, bu il BBC-nin seçdiyi 100 tanınmış qadının siyahısındadır.

Aprel döyüşləri

Fotonun müəllifi AFP
Image caption 22 ilə yaxın davam edən atəşkəs bu il aprel ayında pozuldu

Azərbaycan və Ermənistan arasında 22 ilə yaxındır imzalanan atəşkəs, bu ilin 2 aprel tarixində pozularaq 3 günlük ağır döyüşlərə səbəb olub. Sərhədyanı rayonlarda bir çox mülki evlər atışma nəticəsində dağılıb, insanlar evlərini tərk etmək məcburiyyətində qalıb.

Sonda tərəflər yenidən atəşkəs barədə razılığa gəlsə də mütəmadi olaraq bir-birini ona əməl etməməkdə ittiham edib. 15 aprel tarixində Azərbaycan tərəfinin açıqladığı rəsmi rəqəmlərdə 38 nəfərin həlak olduğu bildirilib, Onlardan 32-si hərbçi olub. Erməni tərəfinin rəsmi rəqəmlərində isə 66-sı hərbçi olmaqla, ümumilikdə 94 nəfərin həlak olduğu açıqlanıb.

Müstəqil rəqəmlər isə vuruşmalarda həlak olan azərbaycanlıların sayının daha artıq olduğunu göstərir.

Azərbaycan müdafiə naziri Zakir Həsənov döyüşlər nəticəsində Talış kəndi, Seysulan və Horadiz istiqamətindəki təpələrin döyüş əməliyyatı ilə ələ keçirildiyini bəyan etsə də, Ermənistan mediası yazdı ki, Talış kəndi ətrafındakı strateji yüksəklik "yenidən alınıb".

Prezident Əliyev keçirdiyi toplantıda atışma zamanı "Azərbaycan tərəfi sadəcə təxribata cavab verib" deyib. Prezident Sarkisyan isə döyüşü, 1994-cü ildən bəri Azərbaycan silahlı qüvvələrinin "həyata keçirməyə cəhd etdiyi ən irimiqyaslı hərəkətlər" adlandırıb.

"Heykəl məhbusları"

Fotonun müəllifi Ramin deko
Image caption Bayram Məmmədov (solda) və Qiyas İbrahimova qarşı narkotiklə əlaqəli cinayət işi açılaraq hər ikisi 10 il azadlıqdan məhrum edildi

NİDA hərəkatının üzvü Bayram Məmmədov və fəal Qiyas İbrahimov mayın 10-da keçirilən Gül Bayramı ərəfəsində sabiq prezident Heydər Əliyevin abidəsinin ətrafına "Qul bayramınız mübarək" şüarının yazılmasından sonra həbs olundu.

Hər iki fəalın abidə ərtrafında yazılan şüara görə həbs olunduğu iddia edilsə də onlara qarşı başladılan cinayət işi külli miqdarda narkotiklə bağlı oldu.

Abidə ətrafına yazılan şüar heç bir hüquq pozuntusu deyil", vəkil Elçin Sadıqov deyir.

Gənclər həbs müddətində çoxsaylı işgəncələrə məruz qaldıqlarını dedilər. Onlara saxlanıldıqları yerdə baş çəkən Ombudsman aparatı nümayəndələri isə fəalların bədənində işgəncə xəsarətlərinin olmasını qətiyyətlə inkar etdi.

Bu ilin sonunda Bakı Ağır Cinayətlər Məhkəməsində hər iki gəncə 10 il azadlıqdan məhrumetmə etmə cəzası verildi.

Formula 1

Fotonun müəllifi EPA
Image caption Formula 1-in ilk Bakı Qran Prisi 17-19 iyun tarixlərində baş tutub

İyunun 17-də Bakıda ilk dəfə olaraq Formula 1 üzrə Avropa Qrand Prix yarışlarına start verildi.

İlin əvvəlində BBC Formula 1 Qran Pri yarışlarının Bakıda keçirilməsi üçün 10 illik müqavilə imzalanması haqda əldə etdiyi rəsmi məlumatı yayandan sonra gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Formula 1 Grand Prix yarışları Azərbaycanda 5 il "məcburi" keçiriləcək.

Nazirin sözlərinə görə, 10 illik müqavilənin növbəti 5 ilində ölkə öz istəyinə əsasən yarışı ya keçirə, ya da dayandıra bilər.

Üç gün davam edən Formula 1 yarışları üçün halqanın hazırlanması səbəbilə şəhərdə bir neçə prospekt və küçədə maşınların hərəkəti məhdudlaşdırılıb, sərnişin avtobuslarının marşrutu dəyişdirilib. Yarışa xərclənən vəsait və gəlirlərin son miqdarı haqda məlumat verilməyib.

FETÖ əməliyyatı və ANS

Image caption ANS kanalı qapadıldı

Türkiyədə 15 iyul tarixində baş verən dövlət çevrilişinə cəhddən sonra Fəthullah Gülen hərəkatı ilə əlaqəsi olduğu ehtimal edilən insanların həbs dalğası Azərbaycandan da yan keçmədi. Hadisədən bir neçə gün keçmiş ANS TV-nin ABŞ müxbirinin Fethullah Gülenin mətbuat konfransına qatıldı haqda məlumat yayıldıqdan sonra qurumun efir yayımı dayandırıldı.

Milli Televiziya və Radio Yayım Şurası qərarını "Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək" məqsədilə verildiyini bəyan etdikdən sonra məhkəmə qaydasında telekanalın lisenziyasına xitam verildi.

Şirkət rəhbərləri jurnalistlərə verdiyi açıqlamalarda televiziya əmnəkdaşlarının Fethullah Gülenin mətbuat konfransında iştirak etməsi "ciddi xətadır" desə də sonradan bildirib ki, ANS-in "FETÖ məsələlərində" heç bir günahı yoxdur.

Telekanal lisenziyalarının bərpası üçün Ali Məhkəməyə qədər getsə də iddiaları təmin olunmadı.

Bir neçə gün sonra Bakıda uzun illərdir fəaliyyət göstərən Qafqaz Universitetinin rəhbərliyi dəyişdi. Ali təhsil ocağında çalışan və Türkiyədən olan onlarla əməkdaş işdən azad olundu. "Qafqaz "ən güclü universitet idi, demək olar" yazan sosial media istifadəçisiləri xəbərlə bağlı qəzəb və kədərlərini bölüşüb.

İstintaq orqanları Azadlıq qəzetinin maliyyə direktoru Faiq Əmirlini hazırda ABŞ-da yaşayan Fəthullah Gülənin tərəfdarlarının "Hizmet" Hərəkatının imamı kimi təqdim edərək həbs etdi.

Referendum və həbslər

Fotonun müəllifi REVAN SEYFULLA

Prezident Əliyev iyul ayının 18-də "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında sərəncam imzaladı. Bundan sonra sentyabrın 26-na ümumxalq səsverməsi - referendum təyin edildi. Referenduma altısı yeni, 23-ü isə əlavə və dəyişikliyi nəzərdə tutan 29 maddə səsverməyə çıxarıldı.

Dəyişiklər arasında prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər uzadılması, ona növbədənkənar dövlət başçısı seçkisini elan etmək səlahiyyətinin verilməsini və prezident vəzifəsinə namizədin yaş məhdudiyyətinin aradan qaldırılması da var idi.

Bəzi beynəlxalq təşkilatlar referendumu nəticəsindən asılı olmayaraq "legitimliyi olmayan bir prosesin kulminasıyası" kimi dəyərləndirdilər. Bəzi seçki məntəqələrində qanun pozuntuları aşkar olundu və MSK sədri bəyan etdi ki, onlar nəticələrə təsir etmə səviyyəsində olacağı halda həmin nəticələr ləğv olunacaq.

Referendum seçkilərinə etiraz olaraq Milli Şura 11 və 17 sentyabrda, Müsavat partiyası isə 18 sentyabrda Bakı Şəhər İcra Hakimiyyətinin icazəsi ilə Məhsul stadionunda aksiyalar keçirdi.

Müxalif partiyalar bəyan edib ki, ötən illərdən fərqli olaraq mitinqləri Bakı Şəhər İcra hakimiyyəti ilə razılaşdırmaqlarına baxmayaraq mitinqlərdən əvvəl və mitinq zamanı onlarla partiya fəalı saxlanılıb.

EİTİ vətəndaş cəmiyyətinin vəziyyətinin yaxşılaşması üçün zaman verdi

Fotonun müəllifi EITI INTERNATİONAL SECRETARİAT

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI) oktyabrın 26-da Azərbaycanın statusunu "namizəd" səviyyəsində saxlayaraq, Azərbaycana vətəndaş cəmiyyətinin vəziyyəti yaxşılaşması üçün dörd ay zaman verdi.

"Növbəti dörd ay ərzində Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti yaxşılaşmasa, EITI Azərbaycanın təşəbbüsdəki statusunu dayandıra bilər, EITI-ın Siyasət və Region üzrə Direktoru Dyveke Rogan BBC Azərbaycancaya deyib.

Ötən il Azərbaycana bir sıra islahat tədbirləri görmək barədə məsləhət verilib. Azərbaycan bu tədbirlərin çoxunda "əhəmiyyətli irəliləyiş" əldə edib deyə, ölkənin statusu "namizəd" olaraq qalıb.

Azərbaycan tərəfi bu qərara "müsbət" yanaşdığını deyir. "Azərbaycan hökuməti bu islahedici addımların icrası istiqamətində fəaliyyətlərini davam etdirəcəkdır", Neft Fondunun İcraçı Direktoru Şahmar Mövsümov BBC Azərbaycancaya deyib.

Lakin EITI deyir ki, növbəti islahedici addımların atılmasını gözləyir.

EITI sədri Fredrik Reinfeldtin sözlərinə görə, 2015-ci ilə nisbətən Azərbaycan qurumun standartlarını həyata keçirməkdə "əhəmiyyətli irəliləyişlər edib".

Elektrik və qaz tarifləri artdı

Fotonun müəllifi VİTTORİO ZUNİNO CELOTTO/ GETTY
Image caption Təbii qazın əhali istehlakçı qrupu üzrə yeni tarifləri gələn il, yanvarın 1-dən, qeyri-əhali qrupu üçün isə 2016-cı ilin 1 dekabr tarixindən tətbiq olunur

Noyabrın 28-də Tarif Şurasının qərarı ilə Azərbaycan ilk dəfə təbii qaz və elektrik enerjisi ödənişləri üçün differensiallaşmış tarifə keçdi.

Yeni tarifə əsasən, ay ərzində istifadə ediləcək təbii qazın məbləği 12 manat 50 qəpiyi keçirsə, əlavə istifadə edilən təbii qazın hər bir kub metri üçün 100 faiz əlavə ödəniş nəzərdə tutulu.

Elektrik enerjisi üçün isə aylıq sərfiyyat 17 manat 50 qəpiyi keçirsə, əlavə sərf edilən enerjinin bir kilovat-saatı üçün 57 faiz artıq .

Dekabrın 22-də verilən yeni qərarla təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrə, elektrik enerjisinin həcmi isə 250 kilovat-saatdan 300 kilovat-saata qaldırıldı. Başqa sözlə desək, təbii qazın istifadəsinin aylıq limiti 14 manat 20 qəpik, elektrik enerjisinin isə 21 manat olub.

Neft daşlarında növbəti qəza

Fotonun müəllifi Ardda.gov.az
Image caption 15 dekabrda N. Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin 150 metrlik estakadası çökdü

2015-ci ildə "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş verən yanğından 1 il 11 gün keçmiş, N. Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində estakada çökdü. Estakadanın təxminən 150 metr hissəsində olan 10 nəfər suya düşdü.

Onlardan birinin meyiti həmin gün tapıldı, digər 9 nəfər isə hələ də axtarılır. Ötən ilki qəzada suya düşən 33 nəfərdən 20-si bu günə qədər axtarışdadır.

SOCAR bəyan edir ki, "Günəşli" yatağında özül tam təmir olunub və 28 quyudan 4-ü istifadəyə verilib. Diqqət çəkən məqamlardan biri odur ki, bu günə qədər heç bir jurnalistə adları çəkilən məntəqələrin özündə çəkiliş aparmasına, vəziyyətlə tanış olmasına şərait yaradılmayıb.

Estakadaların istismar müddətinin keçməsi ilə bağlı dolaşan fikirlərə qurum rəsmiləri "təmir edilir" deyərək qısa izahatla cavab verir, təhlükəsizlik şərtləri ilə bağlı sənədlərin təqdimi və bir çox suallar isə hələ də açıq olaraq qalır.