Mətbuat icmalı: "Xilasetmə və axtarış işini xarici mütəxəssislərə tapşırmaq lazım idi"

Fotonun müəllifi Getty Images

"Azərbaycan": Prezident üç ölkəyə səfirlər təyin edib

Prezident İlham Əliyev üç fərqli sərəncamla Elxan Polux oğlu Poluxovu Braziliya Federativ Respublikasında, Lətif Seyfəddin oğlu Qəndilovu Belarus Respublikasında, Dursun Ayvaz oğlu Həsənovu isə Gürcüstanda fövqəladə və səlahiyyətli səfir təyin edib.

"Xalq qəzeti": Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir

Dekabrın 21-də Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Məlumatda deyilir ki, Beynəlxalq Aeroportda Türkiyə Böyük Millət Məclisinin sədrini Milli Məclis sədrinin müavini Valeh Ələsgərov qarşılayıb.

"Azadlıq": Xədicə İsmayıl: "Geri çəkiləcəyimdən qorxurdum"

Currenttime.tv öz saytında Nobel mükafatı laureatı Svetlana Alexievich-in azərbaycanlı araşdırmaçı-jurnalist Xədicə İsmayılla müsahibəsini yerləşdirib.

"Bilirsiniz, onlar əhvalatı dramaturji cəhətdən düzgün qurmadılar. Onlar ən güclü silahdan başladılar. Azərbaycanda qadına ediləcək ən pis şey onunla bağlı intim səhnələri videoya çəkib, sonra onu şantaj etməkdir. Bu, öldürməkdən, həbsdən, işgəncədən … daha betərdir. Onlar da buna lap öncə əl atdılar. Bundan sonra daha heç nə qorxulu deyildi. Ümumiyyətlə, qorxulu deyildi.

...Necə reaksiya verəcəyimi bilmirdim. Sonra bu məktub gəldi. Həmin vaxt qəzəb qorxudan güclü idi… Bir neçə saatdan sonra qorxu başladı. Ancaq videonu yayacaqlarından yox, geri çəkiləcəyimdən qorxurdum. Mən nə etdim - dərhal araşdırmalarımın mövzusunu elan etdim. Mən eyni zamanda üç-dörd mövzu üzərində işləyirdim. Mövzuları dərhal elan etdim ki, sonra geri çəkilmək imkanım olmasın. Yəni özüm özümə geri çəkilməyi qadağan etdim. Çünki geri çəkilmək onların bunu bizə dönə-dönə etməsinə imkan vermək demək idi. Geri çəkilmək onların özlərini qalib hiss etməsinə imkan vermək idi. Geri çəkilmək sonra bu yüklə yaşamalı olmaq demək idi…" - Xədicə İsmayıl videoyazı vasitəsilə şantaj olunmasından və buna verdiyi reaksiyadan danışarkən deyir.

"Azadlıq": "Rüşvət faktı təkcə Luka Volonte ilə yekunlaşmır"

Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) daimi nümayəndə heyətinin keçmiş üzvü Gültəkin Hacıbəyli Amerikanın Səsinə müsahibəsində Azərbaycanın AŞPA-da qeyri-leqal lobbiçilik fəaliyyətindən danışıb. Müsahibədən kiçik bir parçanı icmala daxil etmişik.

" Bilirsiniz, insan faktoru Avropa Şurasında da var. Biz heç də düşünə bilmərik ki, Avropada deputatların hamısı idealistdirlər, onlar təmizdirlər, korrupsiyadan uzaq insanlardır. Əksinə, biz bəzən elə faktlarla rastlaşırıq ki, hətta öz deputatlarımızla müqayisədə daha pis bir mənzərəni görürük. Məsələn, Avropa Sabitlik Təşəbbüsünün, son, ikinci hesabtına baxsaq görərik ki, orada Elxan Süleymanovla (Azərbaycan Milli Məclisinin araşdırmada adı hallanan deputatı-red) Luka Volonte arasında məktublaşma var. Onlar email-də bir-birinə yazıblar və Ştrasserin (AŞPA-nın Azərbaycanda siyasi məhbuslarla bağlı keçmiş məruzəçisi, almaniyalı deputat Kristofer Ştrasser-red) məşhur qətnaməsinin (söhbət Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamənin 2013-cü ilin qış sessiyasında AŞPA-da səs çoxluğu qazana bilməməsindən gedir-red) məğlubiyyətindən sonra Azərbaycan tərəfi bir müddət Luka Volonteni axtarmayıb və Luka Volonte Elxan Süleymanova açıq məktubda yazır ki, "siz deyəsən məni unutmusunuz, mən sizin dostunuzam", yəni açıq-aşkar şirnikləndirici təkliflərlə çıxış edir. Bunun ardınca hətta özü Azərbaycanda siyasi məhbuslarla bağlı təşəbbüslə Avropa Şurasında çıxış etmək istəyir. Görürsünüz, Azərbaycan tərəfini şantaj edir. Yəni, belə çirkli adamlar istənilən beynəlxalq təşkilatlarda ola bilər, istənilən ölkənin parlamentində ola bilər. Ancaq, önəmlisi sistemin özünün normal işləməsidir. Yəni, bu gün AŞPA-da sistem problemi var. Sistem böhranı olmasa idi, Luka Volonte kimi deputatlar da uğur qazana bilməzdi," - Gültəkin Hacıbəyli deyir.

"Azadlıq": Mirvari Qəhrəmanlı: "Xilasetmə və axtarış işini xarici mütəxəssislərə tapşırmaq lazım idi"

"Mədən Sənayesində Şəffaflığın Artırılması" QHT Koalisiyasının (MSŞA) bəyanatında deyilir: "...ARNDŞ rəhbərliyi indiyə qədər ölkə daxilində və xaricində çoxlu sayda korrupsiyaya yol açan səmərəsiz layihələr həyata keçirmiş və bu məqsədlə 100 milyon manatlarla vəsait xərcləsə də, əsası 1960 və 1970-ci illərdə qurulan, istismar müddəti çoxdan bitən, mənəvi və fiziki cəhətdən köhnəlmiş platformaları, estakadları təmir etməyib. Acınacaqlı haldır ki, ARDNŞ Bakının mərkəzində dəyəri 335 milyon manat olan ofis binası tikir, futbol üzrə Avropa çempionatına sponsorluq edir, xarici futbol klublarını maliyyələşdirir, erməni kilsələrinə qaz verir, lakin əsas fəaliyyətinə cəlb edilmiş işçilərinin rahat və təhlükəsiz çalışması üçün lazımi şərait yaratmır, onların əməyin düzgün təşkili və təhlükəsizliyini təmin etmir".

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı hesab edir ki, axtarış-xilasetmə işlərinin fayda verməməsinin bir neçə səbəbi var. O, birinci səbəb kimi SOCAR-ın tərkibindən Xəzər Dəniz Donamasının çıxarılmasını, SOCAR-ın hazırda öz gəmilərinin olmamasını göstərir...

"Birincisi SOCAR-ın öz gəmiləri olmalıdır. Bu hadisə zamanı vaxt itkisini minimuma endirir. SOCAR-da əsas qurumları o qədər azaldıb, ixtisara salıblar ki, sonda da bu cür vəziyyət yaranıb. ARDNŞ-i ikinci dövlət büdcəsinə çeviriblər. Bu hökumətin yanlış siyasətidir. ARDNŞ yalnız hasilatla məşğul olmalıdır. Əslində bu qədər vaxt itkisinə getməkdənsə, xaricdən mütəxəssis qrupu gətirib xilasetmə və axtarış işini onlara tapşırmaq lazım idi. Eyni zamanda bu yerli mütəxəsislərin təcrübə qazanması baxımından da xeyirli olardı", - Mirvari Qəhrəmanlı deyib.

fins.az: Bakıda "Sakit Şəhər" salınacaq

Bakının Maştağa qəsəbəsinin "Sakit Şəhər"ə (Slow City) çevrilməsi təklif edilir.

Bu konsepsiya Bakı Dövlət Layihə İnstitutunun ötən gün ictimiayyətə təqdim etdiyi "Bakı şəhərinin ərazisindən istifadə və zonalaşdırılması Baş Planının şimal planlaşdırma zonası" layihəsinə daxildir.

"Layihədə həmçinin Maştağada kənd bazarının salınması və Bakı-Sumqayıt yoluna birləşən ikinci dairəvi yolun salınması, habelə Aşağı Güzdəkdə Bakının qərbində salınması təklif edilən istixanalar üçün bazar və təchizat müəssisələrinin yaradılması təklif olunur," - deyə xəbərdə göstərilir.

fins.az: "Xruşşovka"lar söküləcək

Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov bildirib ki, bəzi "xruşşovka" tipli binaların sökülməsi gündəmdədir.

"Bakının görünüşünə ciddi xələl gətirən binaların sökülməsi nəzərdə tutulur. Bunlar əsasən 1-2 mərtəbəli binalardır. İlk növbədə insanların həyatı üçün təhlükə yaradan və şəhərin görünüşünə xələl gətirən azmərtəbəli binalar söküləcək. Bu proses hal-hazırda həyata keçirilən pilot layihə çərçivəsində davam edir. Məsələn, Sabunçu, Suraxanı, Binəqədi, Nizami, Nəsimi rayonlarında söküntü işləri həyata keçirilir", - deyə İ. İsbatov qeyd edib.dib