Yeni qaz-işıq qiymətləri: "təbii qazın limiti daha da artırılmalıdır"

Qaz sayğacı

Azərbaycanda elektrik enerjisi və təbii qazın istifadəsinə tətbiq olunan limitin artırılması "müsbət" qarşılansa da, təhlilçilər məhdudiyyətin daha da artırılmasını istəyir.

İqtisadçı İlham Şaban güzəştli limitin artırılması barədə Tarif Şurasının yeni qərarının insanların maddi yükünün yüngülləşdirilməsi məqsədi daşıdığını söyləyir.

Onun sözlərinə görə, ötən ay Tarif Şurasının təbii qaz və elektrik enerjisi ödənişləri üçün differensiallaşmış tarifə keçməsi və təbii qazın illik limitinin 1500 kubmetr, elektrik enerjisində isə aylıq 250 kilovat-saat müəyyən etməsi insanların qış aylarında kommunal xərclərini daha da artırıb.

Tarif Şurası yeni qərarın Azərbaycan Respublikası prezidentinin tapşırığına əsasən verildiyini bildirib.

"...əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi və güzəştin şamil edildiyi əhali istehlakçılarının əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə Şuranın iclasında əhali üzrə tarifi dəyişməyən təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrə, aylıq elektrik enerjisinin istehlakının həcmi isə 250 kilovat-saatdan 300 kilovat-saata qaldırılmışdır", qurum məlumat verib.

Yenilik nədir?

Ötən ay müəyyən edilmiş tarifə əsasən, ay ərzində istifadə ediləcək təbii qazın məbləği 12 manat 50 qəpiyi keçirsə, əlavə istifadə edilən təbii qaz üçün 100 faiz daha çox ödəniş nəzərdə tutulub.

Elektrik enerjisi üçün isə ay ərzində istifadə ediləcək enerjinin məbləği 17 manat 50 qəpiyi keçirsə, əlavə sərf edilən enerjinin bir kilovat-saatı üçün 57 faiz daha çox ödəniş nəzərdə tutulur.

Son qərarla isə təbii qazın istifadəsinin güzəştli limiti 14 manat 20 qəpik, elektrik enerjisinin istifadəsinin güzəştli limiti isə 21 manat olub.

Yəni təbii qazın illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar bir kubmetr üçün 10 qəpik, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik ödəyəcək.

Elektrik enerjisinin aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar bir kilovat-saat üçün 7 qəpik, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik ödəyəcək.

"Təbii qaz limiti artırılmalıdır"

İlham Şaban deyir ki, vətəndaşların çoxunun evində mərkəzləşdirilmiş istilik sistemi olmadığından onlar elektrik enerjisi hesabına yaşayış yerini qızdırır, bu da "böyük məbləğ edir".

"Sosial şəbəkələrdə dekabr ayında 12 gün üçün 20- 25 manat ödəniş yazılmış qəbzlər paylaşırdılar. Təsəvvür edin bunu 1 aya vursaq, 60-70 manat olacaqdı. 200 manat əmək haqqı alan insan gəlirinin üçdə bir hissəsini kommunal xərcinin bir növünə ödəməlidir ki, qışı birtəhər keçirsin", iqtisadçı qeyd edir.

İqtisadçı Vüqar Bayramov limitlərin artırılmasını müsbət hal kimi dəyərləndirir. Amma o təbii qazın istehlakı üçün tətbiq edilən güzəştli limitlərin daha da artırılmasını məqsəduyğun hesab etdiyini deyir.

"Məqsədəuyğundur ki, bu proses davam etdirilsin. Təbii qazla bağlı limiti ilk mərhələdə 2000 kubmetr, daha sonra isə mərhələli şəkildə 2500 kubmetrədək qaldırılmasını təklif edirik", iqtisadçı qeyd edir.

Bu barədə daha geniş