Azərbaycan və BP arasında nəhəng yataqların işlənməsi müddəti uzadılıb

Fotonun müəllifi socar.az
Image caption Niyyət məktubunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev və ABƏŞ adından BP rəsmisi Gordon Birrell imzalanıb.

SOCAR və BP-nin operator olduğu Azərbaycan Beynəxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzər dənizində Azəri-Çıraq-Günəşli (AÇG) yatağının 2050-ci ilədək işlənməsi prinsiplərinə dair razılaşma imzalayıblar.

Bakıda "Əsrin müqaviləsi" adlandırılan pay bölgüsü haqqında müqavilə 1994-cü ilin sentyabr ayında bağlanılıb. Onun müddəti 2024-cü ildə başa çatır.

30 il bundan əvvəl imzalanan müqavilənin uzadılması barədə danışıqlar ləng keçirdi, Reuters agentliyinin təhlilində deyilir. Agentliyin mənbələrinə əsasən buna səbəb partnyorlara ABƏŞ arasında narazılaqlar olub.

Hazırda AÇG-də hasilatın günlük həcmi 620,000 barel neft ekvivalenti ətrafındadır.

Cümə günü Bakıda keçirilən mərasimdə SOCAR tərəfindən niyyət məktubuna imza atan Rövnəq Abdullayev xarici sərmayədarlarla imzalanmış sazişlərin bütün müddəalarına tam əməl olunduğunu vurğulayıb.

ABƏŞ adından çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti imzalanmanın tarixi əhəmiyyətini vurğulayıb.

"Bugünkü imzalanma bizə AÇG-nin gələcək uğurlu işlənməsinin və həm də Azərbaycanın enerji tarixinin yeni bir səhifəsinə yol açmağa imkan verir", - SOCAR Tower-də çıxış edən Gordon Birrell-in sözlərindən socar.az saytında iqtibas gətirilir.

"Bu saziş gələcək sərmayələrə və layihələrə imkan verəcək, həmçinin özü ilə minlərlə iş yerləri gətirəcək."

Niyyət məktubu AÇG yatağının gələcək işlənməsi üçün əsas kommersiya şərtlərini razılaşdırır, tərəflərə növbəti bir neçə ay ərzində danışıqları başa çatdırmaq və tam razılaşdırılmış sazişləri yekunlaşdırmaq imkanı yaradır, Azərtac agentliyi xəbər verir.

Azərbaycan sahillərindən təxminən 100 km aralıqda yerləşən AÇG yatağından ilk neft 1997-ci ildə hasil olunub.

BP ABƏŞ-in ən iri səhmdarı və operatorudur. Konsorsiumda həmçinin Chevron, INPEX, Statoil, ExxonMobil, TPAO, Itochu və ONGC şirkətləri təmsil olunub.

Əlaqəli mövzular

Bu barədə daha geniş