2016-cı ildə deputatların qıcıq yaradan ifadələri

Astan Şahverdiyev Fotonun müəllifi Azadlıq radiosu
Image caption "Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin "otxodları"dır"- Astan Şahverdiyevin bu cümləsi iki gündür sosial şəbəkələrdə müzakirə edilir

Azərbaycanın Biləsuvar rayonunda məcburi köçkünlərin etiraz aksiyasından sonra 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputat Astan Şahverdiyevin sözləri sosial mediada narazılıqla qarşılanıb.

"Bir qrup nəşəli, içkili, hakimiyyətdən narazı adam baş qaldırıb. ... Mən nəşəli deməzdim, onların içində sərxoşlar da var, cəmiyyətin tör-töküntüsü də", deputat Azadlıq radiosuna müsahibəsində deyib.

O həmçinin söyləyib ki, "Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb, səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin "otxodları"dır. Gedib bazarda işləyənlər. İndi burda baş qaldıranlar da... Hər yerdə belə tör-töküntülər var."

O, bu il sözləri narazılıqla qarşılanmış ilk deputat deyil. BBC Azərbaycanca yerli mediaya əsasən onlardan bəzilərini toplayıb.

Fotonun müəllifi Alamy
Image caption Yanvar ayında Aqil Abbas söylədiyi fikirlərə görə diqqət mərkəzində olub

Yanvar ayında deputat Aqil Abbas işsizliklə bağlı söyləyib ki, Amerikada, İngiltərədə, Fransada və ya Türkiyədə də hamı işlə təmin edilməyib.

"...Dövlət qulluq vermirsə, sənə torpaq verir. Get orda soğan ək, ailəni saxla. Məsəl üçün deyirəm ha bunu. Məndə istəyərəm hamı işlə təmin olunsun. İşsizlik problemi ölkədə var, bunu kimsə danarsa, axmaq adam olar. Sadəcə, bütün dünyada gedən iqtisadi böhran var, problemlər var.

Sosial mediada müzakirələrdən sonra cənab Abbas növbəti müsahibəsində fikirlərinin yozulduğunu bildirib:

"Əslində, mən də xalq deyəni demişəm, sadəcə düzgün anlaşılmayıb."

Fotonun müəllifi APA
Image caption "Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o işdən sonra da başqa nə iləsə məşğul olmalıdır"- deputatın bu cümləsi qınağa səbəb olub

Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli mart ayında Lənkəranda yaşayan bir müəllimi misal gətirərək söyləyib ki, o müəllimlikdən əlavə, daş hörür.

"..Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var. O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir. Qazandığı pulla da ailəsini saxlayır. O, bunu heç də ayıb hesab etmir. Bunun nəyi pisdir ki?".

Deputat Trend agentliyinə deyib: "əgər vətəndaş yaxşı yaşamaq istəyirsə, çox işləməlidir. Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o işdən sonra da başqa nə iləsə məşğul olmalıdır."

Fotonun müəllifi APA
Image caption Deputat Bahar Muradova "Hər kəs ayağını yorğanına görə uzatmalıdır" ifadəsini dediyini təkzib edib

İl sonu Milli Məclisin sədrinin müavini Bahar Muradovanın ifadələri də narazılığa səbəb olub.

Media yazır ki, gələn ilin büdcə layihəsinin müzakirəsi zamanı o, büdcənin gərgin qlobal və ölkədaxili şərait nəzarə alınaraq hazırlandığını deyib: "Hər kəs ayağını yorğanına görə uzatmalıdır".

"Neftin dünya bazarında ucuzlaşması və manatın devalvasiyası tələb edir ki, insanlar qənaət rejiminə keçsin, əhali yoxsul yaşamağa öyrəşsin, 2017-ci ilin daha çətin olacağını nəzərə alaraq hökumətdən gözləntilərinizi sonraya saxlayın".

Bu cümlələr sosial mediadan geniş tənqid edildikdən bir neçə gün sonra deputat belə ifadələr işlətmədiyini deyib.

Fotonun müəllifi BizimYol
Image caption "Ayağınızı yorğanınıza görə uzadın. Azdır, az ye, çoxdur, çox ye"- Hüseynbala Mirələmov sonradan bu fikirləri zarafatla söylədiyini bildirib

Dekabr ayının əvvəlində Hüseynbala Mirələmovun insanlara "ayağınızı yorğanınıza görə uzadın" fikirləri narazılıqla qarşılanıb.

"Ayağınızı yorğanınıza görə uzadın. Azdır, az ye, çoxdur, çox ye."

"Adamlar var, çörək yemir, ət yemir, balıq yemir, başqa şey yemir ki, forma saxlayır. Yəni demək istəyirəm ki, çox yemək insanı tez qocaldır", Youtube sosial şəbəkəsində paylaşılmış videoda deputat söyləyib.

Cənab Mirələmov sosial şəbəkələrdə müzakirə mövzusu olduqdan sonra bu fikirləri zarafatla söylədiyini bildirib.

Əlaqəli mövzular