Nardaran işi: Dövlət ittihamçısı Taleh Bağırova ömürlük həbs istəyib

Nardaran işi Fotonun müəllifi TƏZƏXAN MİRƏLƏMLİ

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı Nardaran hadisəsində təqsirləndirilən Taleh Bağırova ömürlük, digərlərinə 20 ildən başlayaraq ən az 10 ilə qədər azadlıqdan məhrum etmə cəzası istəyib, vəkil Nemət Kərimli BBC Azərbaycancaya deyib.

Onun sözlərinə görə, prokuror təqsirləndirilən Abbas Hüseynova 20 il, Cabbar Cabbarova 19 il, Rasim Cəbrayılova 17 il, AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya 11 il, yeniyetmə Ramin Yarıyevə 10 il, digərlərinə isə 15 il həbs cəzası istəyib.

İstənilən cəzalara cavab olaraq təqsirləndirilənlər "axıra qədər mübarizə aparacağıq" deyə cavab veriblər.

Nardaranda ötən ilin noyabr ayında keçirilən əməliyyatdan sonra saxlanılan Taleh Bağırov, Fuad Qəhrəmanlı və digər 16 nəfərə qarşı hakimiyyəti zorla ələ keçirmə, terrorçuluq və qəsdən adam öldürmə maddələri üzrə ittihamlar irəli sürülüb. Əməliyyat vaxtı baş vermiş silahlı qarşıdurmada iki polis əməkdaşı da daxil olmaqla 6 adam öldürülüb.

Vəkil Nemət Kərimli deyir ki, prokuror çıxışında "əməllər sübutlarla təsdiq olundu, amma nə təsdiq olunduğu bilinmədi" deyir və əlavə edir ki, qanunvericiliyə görə dövlət ittihamçısı çıxışında sübutlara istinad etməli olsa da o, "istintaqda verilən ifadələrə istinad etdi".

"[Dövlət ittihamçısı] Sübutlara ötəri toxundu. Bu işdə prokuror ən azından 2 saat dayanmadan çıxış etməli idi. Amma onun cəza istəməsi və əsaslandırma hissəsi heç bir saat da çəkmədi. Bir də, məhkəmədə verilən ifadələrin bəziləri də yenidən saxtalaşdırıldı kobud şəkildə", vəkil vurğulayır.

Vəkilin sözlərinə görə, prokurorun Fuad Qəhrəmanlıya 11 il cəza istəməsi onlar üçün "gözlənilməz" olub və düşünür ki, bununla hakimiyyət "AXCP-yə münasibətdə daha kəskin" olduğunu nümayiş etdirib.

Bu gün keçirilən məhkəmə prosesində təqsirləndirilənlərin və onların yaxınlarının məhkəmə prosesində iştirakına şərait yaradılıb. Bir müddət əvvəl təqsirləndirilən şəxslər məhkəmədə baş verən proseslərə etiraz olaraq 19 dekabr tarixindən başlatdıqları aclıq aksiyasını da dayandırıblar.

Yanvarın 9-na təyin olunan məhkəmə prosesində vəkillər müdafiə nitqi, təqsirləndirilən şəxslər son sözlə çıxış edəcəklər.

Bu barədə daha geniş