Mətbuat icmalı: Astan Şahverdiyev açıqlama verib: "Hər cəzaya hazıram"

Fotonun müəllifi Getty Images

fins.az: "Hər ev üçün 10 min rüşvət alınıb"

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri vəzifəsini icra edən Xalid Əhədov tikinti şirkətlərinin layihələrini maliyyələşdirməkdən imtina edib və ipoteka kreditini dayandırıb.

"Bu ayın ortasından Beynəlxalq Bank krediti dayandırdıqdan sonra tikinti şirkətləri müştərisiz qalıblar. Mənzillər satılmadığından tikinti şirkətləri maliyyə sıxıntısı çəkə, hətta Bakı və Xırdalanda tikilən bir sıra binaların tikintisi yarımçıq qala bilər," - yazıda deyilir.

Həmçinin qeyd edilir ki, Beynəlxaılq Bank tezliklə ipoteka kreditini bərpa etməsə və başqa banklar tikinti şirkətlərinə dəstək olmasalar, bir çox binaların tikintisi yarımçıq qala bilər.

"Əgər fikir vermisinizsə, tikinti şirkətlərində mənzillərin nağd və kredit qiymətləri fərqlənir. Məsələn, mənzilin 1 kv.m-i nağd qiymətə 1100 manata satılırsa, 20 illik ipotekada 1250 manata rəsmiləşdirir.

...Marja"nın əldə etdiyi məlumata görə mənzillərin kreditlə qiymətinin baha olmasının səbəbi indiyədək Beynəlxalq Bankın aldığı "şapka" olmuşdur. Nağd qiymətlə, kredit qiyməti arasında olan fərq Banka ödənilən "şapka" idi. Məsələn, Siz tikinti şirkətindən 70 kvadraq metr səhəsi olan mənzili, 1 kvadrat metri 1100 manatdan, 77000 min manata ala biləcəyiniz halda, pulunuz olmadığına görə, həmin mənzili kreditlə 87500 manata alırsınız (1 kv.m 1250 manatdan). Düz, 10500 manat baha! Bu 10500 manat "şapka" tikinti şirkəti tərəfindən kredit verilən gün Bankın kassasına qaytarılır. Kredit isə Sizin adınıza 87500 manat olaraq rəsmiləşdirilir və "şapka"nı da faizilə Siz ödəməli olursunuz," deyə müəlliflər izah edirlər.

Yazıda ehtimal olunur ki, hər tikinti şirkəti 20 illik ipoteka krediti ilə mənzil sata bilməzdi. Bunun üçün tikinti şirkəti Beynəlxalq Bankın "şapka" tələbini qəbul etməli idi.

"Azadlıq": Xalq artisti Ağaxan Abdullayev dünyasını dəyişib

Fotonun müəllifi APA
Image caption Xalq artisti Ağaxan Abdullayev dünyasını dəyişib

Xalq artisti Ağaxan Abdullayev dünyasını dəyişib. APA agentliyi yazır ki, bazar ertəsi xalq artisti Ağaxan Abdullayevlə vida mərasimi başlayıb. Mərasim Suraxanı rayonu Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında keçirilir. Vida mərasimində Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edir. Sənətkar Türkan kənd qəbiristanlığında torpağa tapşırılacaq.

O, 1950-ci ildə Bakının Əmircan kəndində anadan olub.

"Azadlıq": Deputat etirazçı köçkünləri təhqir edib

Dekabrın 24-də bir qrup rəsmi, o cümlədən "Azərişıq" ASC-nin müavinləri, Cəbrayil rayon icra hakimiyyətinin başçısı və 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputat Astan Şahverdiyev Biləsuvarda məskunlaşan məcburi köçkünlərlə görüşüb. Deputat AzadlıqRadiosuna deyib ki, tərəflər razılığa gəliblər.

Hakim Yeni Azərbaycan Partiyasının üzvü olan deputat Astan Şahverdiyevin müsahibəsində belə deyib:

"...Bir qrup nəşəli, içkili, hakimiyyətdən narazı adam baş qaldırıb. Mən gəldim yerində araşdırdım məsələni. "Azərişıq"-ın müavinləri, Cəbrayılın icra başçısı da burda idi. Danışıb konsensusa gəldik."

Deputat əhalinin işıq pulunu verə bilməməsinin səbəbini belə izah edub:

"Burda əhalinin də günahı var. Ayda adambaşına limit qoyulub. Bunlar da limiti keçirlər. Limiti də keçəndə aydındır ki, dövlətin pulu ödənməlidir. Burda hakimiyyətin günahı yoxdur. Günah əhalidədir."

"Mən nəşəli deməzdim, onların içində sərxoşlar da var, cəmiyyətin tör-töküntüsü də. Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb, səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin "otxodları"dır. Gedib bazarda işləyənlər. İndi burda baş qaldıranlar da… Hər yerdə belə tör-töküntülər var. Amma bütünlükdə cəbrayıllılar, burda 11 qəsəbədə yaşayan 22 min cəbrayıllı dövlətə, dövlətçiliyə sadiq insanlardır, prezidentə sadiq insanlardır. Prezidentin sosial dayağı əsas bu insanlardır," - deputat Astan Şahverdiyev öz sözlərinə aydınlıq gətirib.

Etirazlar zamanı saxlanılanların aqibəti barədə suala isə deputat belə cavab verib:

"O saxlanılanlar ən "yarıy" (ruscadan tərcümədə "azğın", "qudurğan" deməkdir - red.) adamlardır, mən bir az rus təhsilliyəm, Azərbaycan dilində qarşılığını tapa bilmirəm. Bunlar həddən artıq aktivdirlər bu işlərdə, cəmiyyəti dövlətçiliyə qarşı çağırıblar. ...Dövlətə qarşı şüarlarla çıxış edənlər öz cəzalarını alacaqlar. Dövlətə, dövlətçiliyə qarşı çıxış etmək olmaz. Azərbaycan cəmiyyətinin qüvvəsi bilirsiniz nədədir? Dövlətə xidmət etməkdə."

"Azadlıq": "Hakimiyyət xalqdan üzr istəməlidir!"

AXCP sədri Əli Kərimli öz Facebook səhifəsində deputat Astan Şahverdiyevin xalqı təhqir etməsinə münasibət bildirib.

"Təyinatlı deputatın xalqı "otxod", "qudurğan", "azğınlaşmış kütlə" adlandırması ciddi etirazlara səbəb olub. Ləyaqətli insanlar xalqın təhqir edilməsinə etirazını bildirir, deputatın üzr istəməsini tələb edir. Amma maraqlıdır ki, bu qədər etirazların içində bir nəfər də hakimiyyət təmsilçisi yoxdur. İqtidar partiyasının rəhbərliyi, dövlət və hökumət rəhbərliyi niyə susursunuz? Yoxsa bu xalqın şərəfini qorumaq sizlik deyil? Bəlkə daxilən Astan Şahverdiyevlə həmrəysiniz? Belə olmadığını haradan bilək? Astan Şahverdiyev üzr istəməlidir. Lakin bu kifayət deyil, iqtidar bu məsələyə münasibət bildirməlidir. Astan Şahverdiyevin hərəkətləri birmənalı pislənməli, komandanın təmsilçisinin hərəkətlərinə görə hakimiyyət xalqdan üzr istəməlidir!" - deyə siyasətçi yazıb.

Lent.az: Astan Şahverdiyev açıqlama verib: "Hər cəzaya hazıram"

Fotonun müəllifi Azadlıq radiosu
Image caption Deputat Astan Şahverdiyev Rusiyada işləyən azərbaycanlılarla barədə deiyi ifadəni "ehtiyatsızlıq üzündən" işlətdiyini deyib

Deputat Astan Şahverdiyev Rusiyada işləyən azərbaycanlılarla barədə "ehtiyatsızlıq üzündən" işlətdiyi ifadəyə görə insanları incitməsindən təəssüfləndiyini bildirib.

"Mən çox təəssüf edirəm ki, ehtiyatsız deyilmiş söz insanları bu qədər incidib. Mən bilməzdim ki, bu ifadə cəmiyyətdə bu qədər rezonans yaradacaq. Mən əlbəttə, elə demək istəməmişəm. ...Məqsədim insanları incitmək, təhqir etmək deyildi. Mən bilirəm ki, Avropada, Rusiyada Azərbaycan xalqını yüksək səviyyədə təmsil edən iş adamları var və onlarla şəxsən tanışam".

"Fikirlərimi düzgün ifadə etməmişəm. Buna görə də təəssüf hissi keçirirəm ki, ifadəm belə alınıb. Buna görə nə cəza vermək istəyirlərsə, mən hazıram. İnsanları incitdiyimə görə təəssüf edirəm," deyə deputat əlavə edib.

"Azərbaycan": Şair İlyas Tapdıq dünyasını dəyişib

"Dekabrın 25-də tanınmış şair, naşir, maarifpərvər ziyalı, Prezident təqaüdçüsü İlyas Tapdıq 82 yaşında vəfat edib.

1930-cu ildə Gədəbəydə anadan olan İlyas Tapdıq Kiçik Qaramurad kəndində orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil alıb. Ədəbi yaradıcılığa tələbəlik dövründə "Azərbaycan" jurnalında dərc olunan "Bakının gecəsi" şeri ilə başlayıb. Uşaqgəncnəşrdə redaktor, Azərnəşrdə redaktor, böyük redaktor, "Gənclik" nəşriyyatında böyük redaktor, redaksiya müdiri, baş redaktor, Azərbaycan Baş Mətbuat Müvəkkilliyində qrup rəhbəri, Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində televiziya gənclər baş redaksiyasının baş redaktoru, Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri vəzifələrində işləyib," - xəbərdə deyilir.

Qeyd edilir ki, İ.Tapdıq 1992-1995-ci illərdə "Azərbaycan" qəzetinin Türkiyə üzrə xüsusi müxbiri olub.

"Azərbaycan": Kaliforniya Universitetinin professoru, Berkli Soft Computinq Mərkəzinin direktoru Lütfi Zadədə prezidentə ad günü təbriki göndərib

Təbrik məktubunda deyilir:

"Əziz Prezident İlham Əliyev.

Mən doğum gününüz münasibətilə Sizə ən xoş təbriklərimi çatdırmaq istərdim. Siz Azərbaycanı xalqın rifahı naminə ən yüksək bilik, siyasi bacarıq ilə idarə etmisiniz və hazırda da idarə edirsiniz. "Eurovision" mahnı müsabiqəsinin, ilk Avropa Oyunlarının və digər beynəlxalq tədbirlərin Sizin dəstəyinizlə keçirilməsi xüsusilə diqqətəlayiqdir. Dünyada çaxnaşmaların baş verdiyi bir vaxtda Azərbaycan sülh və tərəqqi içində yaşayır. Bu, olduqca nəzərəçarpan nailiyyətdir.

Sizə və ailənizə Yeni il təbriklərimi, ən xoş arzularımı da çatdırmaq istərdim.

Azərbaycan və Azərbaycan xalqı qəlbimin ən isti hissəsindədir. Azərbaycanı mədəniyyətə, elmə, incəsənətə və ədəbiyyata dərin hörmət bəslənilən bir ölkəyə çevirmək üçün Sizin göstərdiyiniz təşəbbüslərdən və gördüyünüz işlərdən olduqca məmnunam. Sizin kimi bir lideri olduğu üçün Azərbaycan çox şanslıdır."

"Yeni Müsavat": Mehman Əliyev: "Hökumət çox gecikir"

"Turan" İnformasiya Agentliyinin direktoru, siyasi şərhçi Mehman Əliyev böhranlı vəziyyətdən çıxış yolu ilə bağlı konkert təkliflər verib:

"Rusiya Mərkəzi Bankının sədrinin dediyinə də istinadla bu tipli böhranlardan üç cür çıxış yolu olur: inqilab, vətəndaş müharibəsi və böyük dövlətlərdən daha çox asılı vəziyyətə düşmək. Bizdə İlham Əliyev inqilabı yuxarıdan başlamaq istəyir. ...Amma bu, alınmasa, proses ləngisə, əgər narazılıq artsa... Fakt budur ki, sosial narazılıq güclənməkdə davam edir. Hökumət çox gecikir. Ona görə də aşağıdan proseslər başlaya bilər, yəni aşağıdan inqilab.

...Bu komanda islahatlar keçirməyə qadir deyil. Bu komanda ölkəni ciddi, dərin və çoxmiqyaslı böhrana gətirib çıxarıb. Ona görə də bu komanda getməlidir. Onlar bunu başa düşməlidir. Bunlar hakimiyyətdən yapışıblar və getmək istəmirlər. Ancaq başa düşməlidirlər ki, böhranı onlar yaradıb və buna görə çox ciddi məsuliyyət daşıyırlar. Məncə, onların dəyişməsi realdır. Çünki qarşıda duran vəzifələri bu komanda həyata keçirə bilməz. Referendumda deputatlar üçün yaş senzinin götürülməsi məsələləri var idi, bu, ona işarəydi ki, əslində 2017-ci ildə gənc kadrların iş başına gətirilməsi daha aktual məsələ olacaq. Çünki kifayət qədər savadlı, müasir biliklərə malik kadrlar var. Bu islahatların aparılması üçünsə texnokratlar komandasının yaradılması vacibdir. Belə olmalıdır, əgər bu da olmasa, onda çox pis nəticələr baş verəcək, vəziyyət getdikcə pisləşəcək və mən dediyim birinci və ikinci ssenari işə düşəcək," - Mehman Əliyev deyib.

"Bizim hakimiyyət çox ləng davrandı. İki ildir böhrandır, bu müddətdə hakimiyyət nə edib? Hansı ki, əvvəldən antiböhran proqramı hazırlanmalı idi.

...Bunlar islahatları hakimiyyətdən getməyə bənzər sayır, ona görə də prosesi ləngidirlər, milyonlarla insanın taleyi ilə oynayıb cəmiyyəti bu günə salırlar.

...Hər bir nazir, ya başqa bir məmur işini itirməsini ölümə bərabər sayır. Ona görə bu, psixoloji problemdir, təhlükəsizlik amilidir. Düşünürlər ki, vəzifədən getsələr, məsuliyyətə cəlb olunacaqlar, hər şeylərini əllərindən alacaqlar. Ona görə də içəridə ciddi müqavimət var - baxmayaraq ki, vəziyyət getdikcə pisləşir və sabah ölkədə vətəndaş qarşıdurması da baş verə bilər. Elə bu yaxınlarda Cəbrayıl qaçqınları ilə bağlı baş verənlər bunun əlamətiydi," deyə o qeyd edib.

Mehman Əliyev deyir ki, inhisarçılığa son verilsə, qiymətlər xeyli aşağı düşəcək: "Azad rəqabət olmalıdır ki, kim nə istəyirsə o sahədə çalışsın, xidmətlə, istehsalla məşğul olsun."

"Yeni Müsavat": Apteklərdə ciddi böhran: dərmanlar həm bahalaşır, həm də yoxa çıxır

Əczaçılıq sahəsində yaranan ciddi problemlər əhalinin sağlamlığını təhdid edir.

"Bu sahədə inhisarçılıq yaranıb. Bəzi inhisarçı şirkətlər öz apteklərinə dərmanı ucuz, digərlərinə isə baha verirlər. Beləcə daha çox alıcı cəlb edirlər. Bu da bizim gəlirlərimizə təsir edir. Pul olmayanda isə yeni dərmanlar gətirmək çətinləşir. Alınan hər partiya dərmanın qiyməti öncəkindən ciddi şəkildə fərqlənir. Bahalaşma aptekləri sıradan çıxara bilər," - "Zeytun" aptekinin adının çəkilməsini istəməyən işçisi deyib

"Xaricdən dərman gətirənlər indi onu almağa pul tapa bilmir. Hansı dərmanlar anbarlarda varsa, onları gətirib satırıq. ancaq elə dərman var ki, bitib və idxalçı şirkətlər də onları gətirə bilmirlər. Bu səbəbdən alıcılar bizdən narazı gedir..." - başqa bir əczaçı deyib.

Bazarda dərman qıtlığının yaranacağı barədə xəbərdar edən ekspertlər bunu valyuta bazarında dolların satılmaması və qara bazarın ləğv olunması ilə əlaqələndirirlər.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirib ki, bu gedişlə bir çox apteklər sıradan çıxa bilər.

Əlaqəli mövzular

Bu barədə daha geniş