Mətbuat icmalı: Azərbaycanda vergi amnistiyası tətbiq olunacaq

Fotonun müəllifi Getty Images

"Azərbaycan": Azərbaycanda vergi amnistiyası tətbiq olunacaq

Vergilər Nazirliyində "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanun layihəsinin izahına həsr edilmiş brifinq keçirilib. Brifinqdə çıxışı zamanı qanun layihəsinin artıq Milli Məclisin plenar iclasına tövsiyə olunduğunu qeyd edən nazirliyin baş idarə rəisi Zeynalabdin Məmmədzadə qəbul olunacağı halda sənədin 2017-ci il yanvarın 1-dən qüvvəyə minəcəyini bildirib.

Brifinqdə vurğulanıb ki, dünya təcrübəsinə əsasən, bu kimi layihələrin tətbiqi sahibkarlıq fəaliyyətini stimullaşdırmaqla yanaşı, sahibkarların sərəncamında kifayət qədər sərbəst vəsaitlərin qalmasına, onların işgüzar fəaliyyətlərinin genişlənməsinə, ölkənin ticarət fəaliyyətində rolunun və iqtisadi aktivliyinin artmasına əlavə imkanlar yaradır və nəticədə vergiləri vaxtında ödəmə potensialının yenidən bərpa olunmasına xidmət edir.

"Bu təşəbbüsün vergi orqanları ilə sahibkarlar arasında qarşılıqlı etimadı bir qədər də gücləndirəcəyinə, sahibkarlarda könüllü əməletmə səviyyəsinin və vergi intizamının daha da artıracağına əminlik vurğulanıb.

Sonda qeyd olunub ki, qanun 44 mindən çox vergi ödəyicisini əhatə edəcək və onların 97 faizdən çoxu özəl sektorda çalışan sahibkarlardır," deyə xəbərdə qeyd edilir.

"Azərbaycan": Prezident Zeynəb Xanlarovanı "Heydər Əliyev" ordeni ilə təltif edib

Fotonun müəllifi President.az
Image caption Zeynəb Xanlarova "Heydər Əliyev" ordeni ilə təltif edilib

Dekabrın 26-da Prezident İlham Əliyev "Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə" Zeynəb Yəhya qızı Xanlarovanın "Heydər Əliyev" ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.

"Xalq qəzeti": Serbiya XİN: Azərbaycanla viza sadələşdirilməsi barədə saziş imzalamağa hazırıq

Serbiya Xarici İşlər Nazirliyi APA-nın sorğusuna cavab olaraq bildirib ki, Serbiya hökuməti Azərbaycanla ümumvətəndaş pasportu olan insanlar üçün viza rejiminin sadələşdirilməsinə dair razılaşma imzalamağa hazırdır.

"Serbiya hökuməti Azərbaycan tərəfi ilə ümumvətəndaş pasportu olan insanlar üçün də viza rejiminin sadələşdirilməsinə dair razılaşma imzalamaqda maraqlıdır və buna hazırdır. Viza sadələşdirilməsinə dair növbəti addım Azərbaycan Respublikasının aidiyyəti qurumları ilə imzalanan razılaşmalar kontekstində atılacaq" - deyə nazirlikdən bildirilib. .

"Yeni Müsavat": Xətai rayonunda yanan binaya görə həbs edilən şəxslərə gözlənilməz cəza...

Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisindəki 9 mərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun (iyulun 13-də həbsxanada ürək tutmasından dünyasını dəyişib) cinayət işi üzrə məhkəmə prosesində məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Məhkəmədə dövlət ittihamçısı çıxış edərək bildirib ki, təqsirləndirilən şəxslərin cəzalarını ağırlaşdıran hallar yoxdur. Prokuror zərərçəkmişlərin də onlardan şikayətçi olmadığını və dəymiş zərərin ödənildiyini deyib.

"Prokuror təqsirləndirilənlərdən Fərid Sadıqova və Zaur Əşrəfova 3 il müddətinə şərti cəza verilməsini tələb edib. Həbsxanada dünyasını dəyişən şəxsin cinayət işinə isə xitam verilməsini istəyib.

Hadisə ötən il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib. Həmin ünvanda TNH şirkəti tərəfindən fasadında "poliuretan" materialla üzləmə işləri aparılan 9 mərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb," - deyə xəbərdə bildirilir.

"Azadlıq": Nardaran məhbuslarına ən ağır cəzalar istənilib

Fotonun müəllifi APA
Image caption "Xahiş edirəm, hansı cəzanı istəmələrindən asılı olmayaraq, ağlamayın", Taleh Bağırov məhkəməni izləyənlərə xitabən söyləyib.

""Nardaran işi" üzrə beş aydır davam edən məhkəmə prosesi yekunlaşır. Dekabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə dövlət ittihamını müdafiə edən prokuror Nəsir Bayramov çıxış edərək, 18 nəfər təqsirləndirilən şəxslərin hamısına ağır cəza istəyib.

Prokuror təqsirləndirilən şəxslərdən «Müsəlman Birliyi» Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırova ömürlük, Abbas Hüseynova 20 il, Cabbar Cabbarova 19 il, Rasim Cəbrayılova 17 il, AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya 11, Ramin Yarıyevə 10 il, qalan 12 nəfərin (Zakir Mustafayev, Cahad Babakişizadə, Şamil Abduləliyev, Aqil Quliyev, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağızadə) hər birinə 15 il həbs cəzası verilməsini təklif edib," - yazıda deyilir.

Prokurorun çıxışından əvvəl Taleh Bağırov məhkəməni izləməyə gələn özünün və digər təqsirləndirilən şəxslərin yaxınlarına, xüsusən də analara müraciət edərək belə deyib:

"Xahiş edirəm, hansı cəzanı istəmələrindən asılı olmayaraq, ağlamayın. Belələrinin qarşısında sınmayın. Dözümlü olun. Şəxsən mən özümə ömürlük gözləyirəm. Əgər bundan daha ağır cəza - edam olsaydı, Azərbaycan hökuməti görərdi ki, hətta ölümə də gülə-gülə gedən oğullar var. Biz bu zalım rejimdən xilas olmaq, xalqımızın azad olmasını istəyiriksə, qurban verməyi də bacarmalıyıq".