Mətbuat icmalı: İslam Oyunlarına 100 milyon dollar xərclənəcək

Fotonun müəllifi Getty Images

"Azadlıq": İslam Oyunlarına 100 milyon dollar xərclənəcək

"Ümumilikdə Atletlər Kəndində 6 000-ə yaxın adam olacaq. İslam Oyunlarından sonra Atletlər Kəndi geri qaytarılacaq. Çünki qarşıda böyük tədbir yoxdur. Bu səbəbdən sahibkarlara qaytarılacaq və evlər satışa çıxarılacaq. Oyunların keçirilməsi üçün təxmini 100 milyon dollar nəzərdə tutulub. Onlardan 60 milyon dolları bu il, qalan hissəsi gələn il xərclənəcək. Böyük hissə açılış və bağlanış mərasimlərinə xərclənəcək," deyə gənclər və idman naziri Azad Rəhimov ötən gün keçirilən mətbuat konfransında bildirib.

"Azadlıq": Bakıda 65 yaşlı kişi və 11-ci sinif şagirdi intihar edib

Qəzet "Report"a istinadən yazır ki, Bakıda 65 yaşlı kişi intihar edib.

"Bakı şəhər sakini, 1951-ci il təvəllüdlü Ramana qəsəbə sakini Mirrəhim Mehdiyevin cəsədi yaşadığı evin zirzəmisində elektrik naqilindən asılmış vəziyyətdə tapılıb.

Onun intihar etdiyi müəyyənləşdirilib. ...İntiharın səbəbləri araşdırılır," - məlumatda deyilir.

Bundan başqa, APA-nın yaydığı məlumatda Zirə qəsəbəsi, Müslüm Maqomayev küçəsi 93 ünvanında yaşayan 16 yaşlı Firuz Kamal oğlu Məmmədovun evin hamamında özünü asdığı bildirilir.

"Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. ...F. Məmmədov orta məktəb şagirdidir. O, Zirə qəsəbəsində yerləşən 241 saylı orta məktəbin 11-ci sinfində oxuyurmuş," - xəbərdə deyilir.

"Azərbaycan": Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında Qanunu qəbul edilib

Azərbaycan Respublikasının Milli Məclisi 2017-ci il dövlət büdcəsi haqqında qanunu qəbul edib.

Sənəddə "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin gəlirləri 16 255 000,0 min manat, xərcləri 16 900 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 634 706,0 min manat, yerli gəlirləri 620 294,0 min manat, mərkəzləşdirilmiş xərcləri 16 211 286,0 min manat, yerli xərcləri 688 714,0 min manat) məbləğində" müəyyən edilir.

"Azərbaycan": Prezident turizmin inkişaf etdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb

Sənəddə deyilir:

"1. "Azərbaycan Respublikasının Turizm Şurası haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

2. "Azərbaycan Respublikası Turizm Şurasının tərkibi" təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ölkənin turizm potensialının daha da artırılmasını və beynəlxalq səviyyədə tanıdılmasını təmin edən "Milli Turizm Təbliğat Bürosu" publik hüquqi şəxsi üç ay müddətində yaratsın...

4. Müəyyən edilsin ki, "Milli Turizm Təbliğat Bürosu" publik hüquqi şəxsin saxlanması və fəaliyyətinin təmin edilməsi xərcləri onun fəaliyyətindən əldə edilən gəlirlər (o cümlədən aldığı kreditlər, qrantlar, habelə işlərin görülməsindən, xidmətlər göstərilməsindən daxilolmalar və s.) hesabına maliyyələşdirilir..."

Qəzet bugünkü sayında bu sənəddən başqa ona əlavə olunan "Azərbaycan Respublikasının Turizm Şurası haqqında Əsasnamə" və "Azərbaycan Respublikası Turizm Şurasının tərkibi"ni də dərc edib.

fins.az: Elektron ticarətə görə də vergi tutulacaqmı?

Vergi Məcəlləsinə 2017-ci ildən qüvvəyə minəcək dəyişikliklər barədəki məlumatda deyilir: "Vergi Məcəlləsinin 168.1.5-ci, 169.1-ci və 169.3-cü maddələrinə edilən əlavə və dəyişikliklər virtual məkanda ƏDV-nin tətbiqini tənzimləyir. Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, bu məkanda iş və xidmət təqdim edildikdə və ya lotereya, digər yarış və müsabiqə keçirildikdə vergi tutulan əməliyyatın yeri kimi xidmətlərin alıcısının və lotereya, yarış və müsabiqənin iştirakçısının olduğu yer müəyyən olunur və həmin dövlətdə də ƏDV tətbiq olunur".

"İşin və xidmətin alıcısı, lotereya, digər yarış və müsabiqənin iştirakçısı vergi ödəyicisi olduqda ƏDV-ni həmin şəxs özü hesablayır və büdcəyə ödədikdən sonra Vergi Məcəlləsinin tələblərinə riayət etmək şərti ilə ödənilmiş məbləğini əvəzləşdirə bilir," deyə yazıda qeyd edilir.

fins.az: Azərbaycanda pensiya yaşı dəyişdirilir

"Azərbaycanda peşə sahələri üzrə əmək pensiyasına görə yaş həddinin artırılması, pensiya sistemi ilə bağlı digər düzəlişləri özündə əks etdirən "Əmək pensiyaları haqqında" qanuna əlavə və dəyişikliklər layihəsi Milli Məclisə daxil olub.

Qanun layihəsinin bu ilin sonunda müzakirəyə çıxarılması nəzərdə tutulsa da, sənədin müzakirəsinin vaxtı dəyişdirilərək parlamentin 2017-ci il yaz sessiyasında müzakirəyə çıxarılması planlaşdırılır," deyə məlumatda qeyd edilir.

Bildirilir ki, qanun layihəsində hərbçilərlə bağlı əmək pensiyası üçün yaş həddinin artırılması məsələsi əks olunmayıb. Digər bütün peşələr üzrə pensiyaya çıxmaq üçün tələb olunan iş stajı isə müvafiq olaraq artırılır.

Bu barədə daha geniş