Təmas xəttində atışma: hər iki tərəf itki olduğunu deyir

RIA NOVOSTI Fotonun müəllifi RIA NOVOSTI

Cümə axşamı günü təmas xəttində baş verən atışmalar barədə ziddiyyətli xəbərlər daxil olur.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, cümə axşamı baş vermiş toqquşma zamanı bir Azərbaycan əsgəri itkin düşüb. Ermənistan Müdafiə Nazirliyi isə bildirir ki, qarşı tərəfin "təxribatı" nəticəsində 3 hərbçi həlak olub.

Azərbaycan müdafiə nazirliyi deyir ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhəddini pozmağa cəhd göstərib və döyüş toqquşması zamanı canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

"Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür", məlumatda bildirilir.

Ermənistan "Azərbaycan tərəfinin diversiya cəhdi nəticəsində" sərhədin Tavuş bölgəsi istiqamətində baş verən döyüşdə Ermənistan ordusunun zabiti - baş leytenant Şavarş Melikyan və iki əsgəri - Edqar Narayan və Erik Abovyanın həlak olduqlarını bildirir, Ermənistan müdafiə nazirliyi məlumat yayıb.

Məlumata görə, cümə axşamı səhər tezdən Azərbaycan tərəfi Ermənistanın Çinari kəndi istiqamətində "Ermənistan ərazisinə diversiya müdaxiləsi cəhdi etmişdi".

Aprel ayının əvvəlində Dağlıq Qarabağ münaqişə bölgəsinin təmas xəttində dörd gün davam edən döyüşlər nəticəsində hər iki tərəfdən onlarla insanın öldüyü xəbər verilmişdi.

Münaqişə tərəfləri müntəzəm olaraq bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Bu barədə daha geniş