Mətbuat icmalı: Elektrik enerjisinin qiyməti günün vaxtına görə dəyişə bilər

Fotonun müəllifi Getty Images

"Azadlıq": Azərbaycanda elektrik enerjisinin qiyməti günün vaxtına görə dəyişə bilər

Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"ndə deyilir ki, Azərbaycanda 2017-2020-ci illərdə istehlakçılarla istehsalçıların maraqlarının uzlaşdırılması üçün optimal qiymətlərin müəyyənləşdirilməsi nəzərdən keçiriləcək.

Sənəddə qeyd olunur ki, aidiyyəti orqanlar milli enerji portfelinin yaradılması üçün orta xərci, habelə aşağıdakı tədbirləri nəzərə alaraq, istehlakçılar və istehsalçılar üçün əlverişli qiymətin müəyyənləşdirilməsini nəzərdən keçirəcəklər:

"...- ev təsərrüfatları üçün ikisəviyyəli tarif sisteminin tətbiq edilməsi, tariflərin tətbiq olunacağı istehlak həcmi hədlərinin və bu şkalalar üzrə müvafiq tariflərin müəyyənləşdirilməsi;

...- pik saatlarda yüklənməni azaltmaq üçün günün müxtəlif vaxtlarına (gecə və gündüz) uyğun elektrik enerjisi tariflərinin tətbiq edilməsi..."

"Yeni Müsavat": DTX: Xarici valyutanın qanunsuz alqı-satqısını həyata keçirən 3 mütəşəkkil qrup ifşa edilib

"Ölkə ərazisində valyuta dövriyyəsində manipulyasiya hallarına, "qara bazar" adlandırılan və rəsmi valyuta məzənnəsi ilə hesablaşmayan alternativ valyuta bazarının fəaliyyətinə dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə araşdırılarkən hər biri 10 milyonlarla ABŞ dolları məbləğində xarici valyutanın qanunsuz alqı-satqısını həyata keçirərək qanunsuz sahibkarlıq yolu ilə külli miqdarda gəlir əldə etmiş 3 mütəşəkkil qrupun silsilə cinayət əməlləri ifşa edilib, hüquqazidd fəaliyyətlərinin qarşısı alınıb.

Dekabrın 27-də Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

"Azadlıq": Biləsuvardakı etirazlarda 10-a yaxın şəxs saxlanıb

Fotonun müəllifi BİLƏSUVAR İH

Vəkil Elçin Sadıqov bildirib ki, Biləsuvarda məskunlaşan Cəbrayıl rayonundan olan köçkünlərin elektrik enerjisinin verilməməsinə görə dekabrın 22-də keçirdikləri etiraz aksiyasında təqribən 10-a qədər şəxs saxlanılıb.

E. Sadıqov hazırda Kürdəxanı təcridxanasında olan Cəlal Quliyev və Zaur Feyruzlunun vəkili olduğunu deyib: "İndiyə kimi görüşə bilməmişik, yaxın günlərdə görüşməyə çalışacağam. Amma hər iki şəxsin saxlanması ilə bağlı dekabrın 27-də şikayət vermişəm və Şirvan Apellyasiya Məhkəməsində baxılması gözlənilir. Amma, hələ ki, vaxt müəyyən olunmayıb".

E. Sadıqov bildirib ki, vəkili olduğu hər iki şəxsə Cinayət Məcəlləsinin 186.2.2 (özgə əmlakı məhvetmə, partlatma və yandırma ), 233 (ictimai qaydanı pozma) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlıq üçün təhlükəli zor tətbiqi ) maddələri ilə ittiham irəli sürülüb.

"Azadlıq": Batan neftçilərin ailələrinə cəmi min manat kompensasiya təklif edilib

"Neftçilərin hüquqlarını müdafiə təşkilatı"nın rəhbəri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı öz Facebook səhifəsində bildirib ki, dekabrın 15-də estakadanın dənizə düşməsi nəticəsində itkin düşən 10 nəfər neftçinin hər birinin ailəsinə cəmi min manat kompensasiya təklif edilib.

Onun sözlərinə görə, bəzi ailələr təklif olunan məbləği qəbul etməkdən imtina ediblər.

Hüquq müdfiəçisi baş verənlərlə bağlı SOCAR rəhbərliyinə müraciət ünvanlayıb. Müraciətdə deyilir:

"Hörmətli cənab Rövnəq Abdullayev,

Fotonun müəllifi ARDDA.GOV.AZ
Image caption N. Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində qəza 15 dekabrda baş verib.

N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə ilə əlaqədar həlak olmuş və itkin düşmüş neftçilərin ailə üzvləri tərəfindən Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatına müraciətlər daxil olur və bu müraciətlər əsasında Təşkilat hüquqşünası tərəfindən onlara hüquqi yardımlar olunur. Hadisədən sonra ötən müddət ərzində təşkilata daxil olan müraciətləri araşdırarkən bu qənaətə gəldik ki :

-Neftçilərin ailə üzvlərinə yalnız 1000 manat pul təklif edilib və ya verilib. Bu puldan imtina edən ailə üzvləri də olmuşdur.

-Ailə üzvləri ilə cavabdeh müəssisə arasında əlaqələr zəifdir, hər hansı bir məlumat almaqda çətinliklər çəkirlər.

-Bu günə qədər ailə üzvlərinə N. Nərimanov adına NQÇİ, Azneft İB, SOCAR və başqa müvafiq Dövlət orqanları tərəfindən heç bir maddi( SOCAR tərəfindən təklif olunan 1000 manatdan başqa) və mənəvi yardım göstərilməyib."

Mirvari Qəhrəmanlı hesab edir ki, "mövcud çətin iqtisadi durumu nəzərə alaraq" ölmüş elan edilmə barədə qərar qüvvəyə minənədək itkin düşmüş neftçilərin orta aylıq əmək haqqı saxlanılmalı, ailə üzvlərindən birinin işlə təmin olunması tezləşdirilməli, SOCAR və Dövlət orqanları tərəfindən qanunvericiliklə nəzərdə tutulan ödənişlərdən əlavə maddi və mənəvi yardımlar edilməlidir.

"Azərbaycan": Gələn il Vergilər Nazirliyinin xətti ilə büdcəyə 7,5 milyard manat köçürülməlidir

Dekabrın 29-da vergilər nazirinin müavini Sahib Ələkbərov Vergi Məcəlləsinə edilmiş son əlavə və dəyişikliklərin şərhinə həsr edilən mətbuat konfransında deyib ki, 2016-cı il ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 10 milyon manat vəsait köçürülməsi nəzərdə tutulur.

"2017-ci ildə Vergilər Nazirliyinin xətti ilə büdcəyə 7 milyard 510 milyon manat vəsaitin daxil olması nəzərdə tutulur. Büdcəyə daxilolmaların artması vergi qanunvericiliyində dəyişikliyi zəruri edir", - deyə nazir müavini qeyd edib.

"Xalq qəzeti": Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın insan hüquqları üzrə müvəkkilini qəbul edib

Dekabrın 28-də Prezident İlham Əliyev Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkovanı qəbul edib.

Tatyana Moskalkova Rusiya Federasiyasının bütün ombudsmanları adından Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edərək ona cansağlığı və işlərində uğurlar arzulayb.

O, yeni vəzifədə - Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili vəzifəsində çalışmağa başladığı dövrdən azərbaycanlı həmkarları ilə çox sıx əməkdaşlıq qurulmasından məmnunluğunu bildirib.

T. Moskalkova Azərbaycanın və Rusiyanın İnsan Hüquqları üzrə müvəkkillikləri arasında imzalanan müqavilənin əməkdaşlıq üçün keyfiyyət baxımından yeni hüquqi əsas yaratdığını deyib.