Azərbaycan: itkilər barədə məlumat “dezinformasiya”dır

Əsgərlər Fotonun müəllifi RIA Novosti

Azərbaycan və Ermənistan müdafiə nazirlikləri bir-birini 29 dekabr tarixində həmsərhəd bölgədə silahlı toqquşma insidenti ilə bağlı dezinformasiya yaymaqda günahlandırır.

Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin qoşunların qarşıdurma xəttində vəziyyəti gərginləşdirmək məqsədilə "dezinformasiya yaymağa" davam etdiyini bildirir.

"Erməni tərəfi dekabr ayının 29-da törətdiyi "uğursuz təxribat" nəticəsində verdiyi itkilərə bəraət qazandırmaq məqsədilə guya sərhəddə növbəti təxribatın baş verdiyi və Azərbaycan tərəfinin itkiləri barədə bu gün yenə də həqiqətə uyğun olmayan və daxili auditoriyaya hesablanmış növbəti yalan məlumat yayıb", - Müdafiə Nazirliyinin rəsmi açıqlamasında deyilir.

"Əgər erməni tərəfinin "təkzibolunmaz sübutları" varsa, təqdim etsinlər".

Azərbaycan Silahlı Qüvvələrinin bəyanatında deyilir ki, gündəlik xidmətini davam etdirən hərbi bölmələr heç bir itki verməyib.

Bu açıqlama erməni tərəfinin bəyanatına cavab olaraq yayılıb. Cümə günü Ermənistan KİV-ləri, Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyana istinadən, Ermənistan Silahlı Qüvvələri bölmələri tərəfindən "cəzalandırma əməliyyatları" keçirdiyini bildirib.

Məlumata görə, dekabrın 30-na keçən gecə "Azərbaycan təxribatının məntiqi davamı olaraq erməni bölmələri cəzalandırma əməliyyatı keçirib, nəticədə Azərbaycan tərəfinin itkiləri 4 nəfər təşkil edib".

Azərbaycan Müdafiə Nazirliyi ötən gün Ermənistanla sərhəddə baş vermiş toqquşmada həlak olan və qarşı tərəfin nəzarətindəki ərazidə qalan əsgər Qurbanov Çingiz Salman oğlunun cəsədinin geri qaytarılması ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikə rəsmi qaydada müraciət edib, yayılmış bəyanatda bildirilir.

Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, bu müraciət Ermənistanlılar tərəfindən sosial şəbəkələrdə Azərbaycan əsgərinin cəsədinin fotolarının yayılmasından sonra edilib.

"Erməni tərəfi əvvəlcə cəsədin onlarda olmadığını bildirsə də, Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər və əldə edilən təkzibolunmaz dəlillər qarşısında məcbur qalaraq əsgərimizin meyitinin fotolarını sosial şəbəkə vasitəsilə yayıb", - Azərbaycan Müdafiə Nazirliyi deyib.

Nazirlik qeyd edir ki, hazırda müvafiq qurumlarla birgə Azərbaycan hərbi qulluqçusunun cəsədinin Azərbaycan tərəfinə qaytarılması istiqamətdə işlər davam etdirilir.

Ermənistan tərəfi dekabrın 29-u səhəri Ermənistan-Azərbaycan sərhədində silahlı toqquşmadan sonra "cəsədi Ermənistan ərazisində qalan Azərbaycan hərbçisinin kimliyini" müəyyən etməyə çalışdığını bildirir, Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin bəyanatında deyilir.

Ermənistan Müdafiə Nazirliyi insidentlə bağlı Azərbaycan MN-in məlumatını "qəribə" adlandırıb.

Məlumata görə, erməni tərəfin Azərbaycan ərazisinə "diversiyasının qarşısı alınması" üzrə döyüşdə həlak olan Qurbanov Çingiz Salman oğlunun cəsədi "düşmənin nəzarəti altında olan" ərazidə qalıb. "Bunun necə baş verdiyini Azərbaycanda izah etməyə çətinlik çəkirlər", - Ermənistan MN məlumatında deyilir.

Cümə axşamı günü təmas xəttində baş verən atışmalar barədə ziddiyyətli xəbərlər daxil olub.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, cümə axşamı baş vermiş toqquşma zamanı bir Azərbaycan əsgəri itkin düşüb. Ermənistan Müdafiə Nazirliyi isə bildirir ki, qarşı tərəfin "təxribatı" nəticəsində 3 hərbçi həlak olub.

Hər iki tərəf bir-birini təxribat törətməkdə ittiham edib.

Aprel ayının əvvəlində Dağlıq Qarabağ münaqişə bölgəsinin təmas xəttində dörd gün davam edən döyüşlər nəticəsində hər iki tərəfdən onlarla insanın öldüyü xəbər verilmişdi.

Münaqişə tərəfləri müntəzəm olaraq bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Bu barədə daha geniş