Mətbuat icmalı: Məcburi köçkün uşaqlarına aylıq müavinət verilməyəcək

Fotonun müəllifi Getty Images

"Azadlıq": Məcburi köçkün uşaqlarına aylıq müavinət verilməyəcək

2016-cı il dekabrın 31-dən sonra doğulacaq məcburi köçkün uşaqlarına yemək xərci üçün aylıq müavinət verilməyəcək.

"APA-nın məlumatına görə, bu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 29 iyul 2016-cı il tarixli qərarı ilə "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat"da edilən dəyişikliklərdə əksini tapıb," deyə qəzet yazır.

"Azadlıq": VÖEN-i olandan 1% nağdlaşdırma vergisi tutulacaq

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Samirə Musayeva bildirib ki, "həm sadələşdirilmiş vergi ödəyiciləri, həm də Əlavə Dəyər Vergisinin ödəyiciləri pul vəsaitini nağdlaşdıran zaman 1% vergini ödəməli olacaqlar".

"Sadələşdirilmiş vergi hasilatdan, yəni daxil olmuş məbləğdən tutulan vergidir. Əlavə Dəyər Vergisi də ümumi dövriyyədən hesablanır. Yəni, vergitutma obyekti mal və işlərin təqdim olunmasına görə dövriyyələrdir. Nağdlaşdırmaya tətbiq ediləcək 1% verginin tutulması üçün isə obyekt fərqlidir, yəni pul vəsaitlərinin nağdlaşdırılıması vergiyə cəlb edilir. Burada tamamilə fərqli vergitutma obyektləri olduğundan ikiqat vergitutmadan söhbət gedə bilməz. Vəsait istər kart, istərsə də birbaşa çek vasitəsilə nağdlaşdırılırsa mənbədə 1% vergiyə cəlb olunacaqdır. Bu vergi banklar tərəfindən hesablanıb dövlət büdcəsinə ödəniləcəkdir", deyə nazirlik rəsmisi qeyd edib.

"Xalq qəzeti": Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin növbəti təxribatını kəskin şəkildə pisləyir

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi "Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun 2016-cı il dekabrın 29-da səhər saatlarında Ermənistan-Azərbaycan dövlət sərhədində törətdiyi növbəti təxribatı və qəsdən vəziyyəti gərginləşdirməyə yönəlmiş əməllərini" kəskin şəkildə pisləyən bəyanat verib.

Bəyanatda deyilir: "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin məsələ ilə əlaqədar şərhini birtərəfli hesab edirik. KTMT-nin baş katibinin təşkilatın üzv dövlətlərinin rəsmi mövqeyinə və ¬ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin mahiyyətinə zidd olaraq, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimə "Dağlıq Qarabağ Respublikası" kimi müraciət etməsi qəbuledilməzdir. KTMT-nin baş katibi hər hansı açıqlama və şərhlə çıxış etməzdən öncə vəziyyəti düzgün təhlil etməli və qiymətləndirməlidir. Ermənistanın KTMT-nin sonuncu Sankt-Peterburq zirvə görüşündən sonra növbəti məyusluğa uğrayaraq, belə bir növbəti təxribata əl atması istisna edilməməlidir.

Azərbaycan Respublikası münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və Helsinki Yekun Aktı əsasında həll edilməsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalının nəticələrinin aradan qaldırılması, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin olunması üçün ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə səylərini və substantiv danışıqları davam etdirəcək".

Fotonun müəllifi RIA NOVOSTI

"Xalq qəzeti": Təxribata cəhd göstərən düşmən itkilərə məruz qalıb

Dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür," - məlumatda deyilir.

Müdafiə Nazirliyi həmçinin bildirir ki, bundan sonra da düşmənin bu cür fəaliyyəti davam edərsə o, daha böyük və ağır itkilərlə üzləşəcək.

Qəzet daha sonra yazır ki, "dekabrın 29-da Azərbaycan Respublikasının dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısı alınarkən baş vermiş döyüşdə itkin düşmüş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər ¬Qurbanov Çingiz Salman oğlunun sonrakı taleyinə aydınlıq gətirilməsi məqsədilə aidiyyəti beynəlxalq təşkilatlarla birlikdə araşdırma aparılır."

Bildirilir ki, araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

fins.az: "Aztelekom" və BTRİB özəlləşdirilə bilər

Ötən gün ictimaiyyətə açıqlanmış Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində deyilir ki, Rabitə və Yüksək Texnologiya Nazirliyinin nəzdində fəaliyyət göstərən "Aztelekom" MMC, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi və "AzİnTelecom" MMC kimi təşkilatların özəlləşdirilməsi, habelə nazirliyin digər müəssisələrdəki dövlətə məxsus paylarının təqdim edilməsi nəzərdən keçirilə bilər.

"Qeyd olunur ki, özəlləşdirmə və dövlətə məxsus payların təqdim edilməsi tədbirləri çərçivəsində, habelə müstəqil tənzimləyici qurum yaradılanadək RYTN-nin tənzimləyici qurum kimi daha effektiv fəaliyyət göstərməsi məqsədilə bu sahələrə özəl investisiyaların cəlb edilməsi imkanları dərin və ətraflı şəkildə təhlil ediləcək," - APA-ya istinadən verilən xəbərdə deyilir.

"Yeni Müsavat": Xətai rayonunda yanan binaya görə həbs edilənlər azadlığa buraxılb

Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisindəki 9 mərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun (iyulun 13-də həbsxanada ürək tutmasından dünyasını dəyişib) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Məhkəmədə hökm oxunub.

Təqdirləndirilənlərin son söz dedikdən sonra məhkəmə müşavirəyə gedib.

"Müşavirədən qayıdan məhkəmə heyəti hökmü açıqlayıb. Hakim Eldar İsmayılovun elan etdiyi hökmə əsasən hər iki şəxsə 3 il müddətinə şərti cəza verilib və onlar məhkəmə zalından azadlığa buraxılıblar," deyə yazıda qeyd olunur.

Bu barədə daha geniş