Mətbuat icmalı: "Bayram günləri Bakıda 369 nəfər xəstəxanaya yerləşdirilib"

Fotonun müəllifi Getty Images

"Azadlıq": Bayram günləri Bakıda 369 nəfər xəstəxanaya yerləşdirilib

Bakı Şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, dekabrın 31-də təcili yardıma 2855, yanvarın 1-də isə 2994 çağırış olub.

Dekabrın 31-də 183, yanvarın 1-də isə 186 nəfər xəstəxanaya yerləşdirildiyi bildirilir. Qeyd edilir ki, təcili yardıma şikayətlər daha çox qızdırma ilə bağlı olub.

"Azərbaycan": Qərargah: İtkin düşən neftçilərlə bağlı axtarış-xilasetmə tədbirləri davam etdirilir

Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisədə itkin düşmüş neftçilərin axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Məlumat AZƏRTAC-a Axtarış-xilasetmə Qərargahından verilib.

"Hazırda axtarış-xilasetmə əməliyyatlarının aparıldığı ərazidə küləyin sürətinin güclənməsi, dalğanın hündürlüyünün artmasına baxmayaraq, əməliyyatlar dənizdə və sahilboyu ərazilərdə fasiləsiz olaraq həyata keçirilir.

Mövcud hava şəraitinin kiçik həcmli gəmilərin hərəkətinə ciddi maneələr törətdiyini nəzərə alaraq, Qərargah tərəfindən, qeyd olunan hava şəraitində texniki göstəriciləri axtarış xilasetmə əməliyyatlarını həyata keçirməyə imkan verən gəmilər həmin əraziyə cəlb edilib.

Eyni zamanda, hava şəraiti ilə əlaqədar, mütəxəssislərin rəyinə əsasən, Qərargah tərəfindən sahilboyu ərazilərdə axtarış-xilasetmə tədbirlərinin intensiv şəkildə davam etdirilməsi barədə müvafiq təlimat verilib.

Axtarışlar uzunluğu 165 kilometr, eni isə 135 kilometr olan geniş ərazidə həyata keçirilir", - xəbərdə deyilir.

"Azərbaycan": Azərbaycanın İstanbuldakı baş konsulluğunda "qaynar xətt" yaradılıb

Yanvarın 1-də İstanbulun Ortaköy rayonundakı "Reina" gecə klubunda törədilən terror aktı ilə əlaqədar Azərbaycanın baş konsulluğunda "qaynar xətt" yaradılıb.

İlkin məlumata görə, yaralılar arasında iki Azərbaycan vətəndaşı olub. Onlardan birinin artıq evə buraxıldığı bildirilir.

"Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev AZƏRTAC-a bildirib ki, həmin şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsi, o cümlədən zərərçəkənlər arasında digər vətəndaşlarımızın olub-olmaması istiqamətində araşdırmalar davam etdirilir", - xəbərdə deyilir.

Fins.az: Azərbaycan yanvarın 1-də sutkalıq neft hasilatını azaldır

Azərbaycan OPEK-lə əldə edilən razılaşma çərçivəsində yanvarın 1-dən sutkalıq neft hasilatını 35 min barel azaldılması prosesinə başlayır.

Dekabrın 10-da Vyanada keçirilən görüşdə OPEC ölkələri gündəlik neft hasilatını 32,5 milyon barel həcmində saxlamaqla bağlı öhdəliklərini bir daha təsdiqləyərək, bu həcmdən artıq neft istehsal etməyəcəklərini bəyan ediblər.

"Görüşdə OPEK-ə üzv olmayan 11 ölkə iştirak edib. Bu ölkələrin 2017-ci il yanvarın 1-dən gündəlik neft hasilatını 558 min barel azaltmaları barədə razılıq əldə olunub. Razılaşmaya əsasən, Azərbaycan üçün bu göstərici sutkada 35 min barel müəyyənləşdirilib.

Ancaq bu o demək deyil ki, Azərbaycan yanvarın 1-də dərhal neft hasilatını 35 min barel azaldacaq. Yanvarın 1-dən OPEK-in qərarı qüvvəyə minir və Azərbaycan neft hasilatının azaldılması prosesinə başlayır.

OPEK neft hasilatının 6 ay ərzində 35 min barel azaldılmasını gözləyir", deyə xəbərdə qeyd edilir.

Əlaqəli mövzular