Mətbuat icmalı: Türkiyədə terror qurbanı olan azərbaycanlı qadın vətəndə dəfn ediləcək

Fotonun müəllifi Getty Images

Qafqazinfo.az: Türkiyədə terror qurbanı olan azərbaycanlı qadın vətəndə dəfn ediləcək

Yeni il gecəsi İstanbulun elit əyləncə mərkəzi "Reina"da terrorçu tərəfindən güllələnlərdən biri, Rusiya vətəndaşı, azərbaycanlı Nuranə Həsənovanın cənazəsi dəfn olunmaq üçün Azərbaycana gətiriləcək.

Rusiyanın İstanbuldakı konsulluğundan bildiriblər ki, N.Həsənovanın bacısı ölüm faktı ilə bağlı sənədləşdirmə ilə məşğuldur və sənədləşdirmə başa çatan kimi cənazə Azərbaycana yola salınacaq.

"Yeni Müsavat": Azərbaycanın ikinci peykinin buraxılış vaxtı bilindi

"Azərkosmos" ASC-dən Trendə bildirilib ki, Azərbaycanın ikinci telekommunikasiya peyki "Azerspace 2"-nin yığılması prosesi 2017-ci ilin sonunda başa çatacaq.

"İş planına əsasən, peykin buraxılışı 2017-ci ilin dekabrında nəzərdə tutulub.

ASC-nin məlumatına görə, ikinci geostasionar peyk "Azerspace 1"-in əhatə radiusunu genişləndirməyə imkan verəcək. Əhatə olunan bölgələrdə isə siqnal qəbulu daha da güclənəcək", deyə məlumatda qeyd edilir.

"Azadlıq": Qubad İbadoğlu: "1 dollar 2.2-2.8 manat olacaq"

İqtisadçı Qubad İbadoğlu öz feysbuk səhifəsində ölkə iqtisadiyyatının 2017-ci ildəki vəziyyətinə dair gözləntilərini bölüşüb.

"Bu ilin iqtisadiyyatından gözləntiləri müsbət notlarla təqdim edə bilmirəm. ...Hətta rəsmi statistik məlumatlarda da ötən il ərzində Azərbaycan iqtisadiyyatı 4 faizə qədər kiçildi, ərzaq inflyasiyası 15 faizi ötdü, 50 mindən çox iş yerləri bağlandı. Azərbaycan iqtisadiyyatı MDB məkanında ili tənəzüllə başa vuran Belarus və Rusiya ilə nəinki eyni siyahıda yer aldı, hətta bu qara siyahıya liderlik etdi. Beləliklə də start vəziyyəti gözlənildiyindən də xeyli pis olan 2017-ci ildən gözləntilər də nikbinlik yaratmır.

Pis göstəricilərlə 2017-ci ilə keçid edən milli iqtisadiyyatın yeni gerçəkliyin və tələblərinin əsas yükünü aztəminatlı əhali və azad sahibkarlar çəkəcək. İlin birinci yarısı daha ağır olacaq. Bu dövrdə ərzində iqtisadi böhran büdcə böhranına da gətirib çıxaracaq. ...Bu da xüsusilə də 1-ci rübdə büdcədən maliyyələşən təşkilatlarda əmək haqqı və pensiyaların vaxtında verilməsində ciddi çətinliklər yaradacaq," deyə iqtisadçı qeyd edir.

Qubad İbadoğlunun sözlərinə görə, ilin ən böyük problemi işsizlik və inflyasiya olacaq. "Bu il ərzində daha çox ixtisaslı işçilər işlərini itirəcəklər və bu da əmək bazarında iş yerləri uğrunda rəqabəti daha da kəskinləşdirəcək

İnflyasiyaya gəlincə, qiymətlərə artırıcı təsir göstərən mövsümi amillər və inhisarçı şirkətlərin müraciəti əsasında bahalaşan tariflər olacaq. İl ərzində enerji daşıyıcılarının, kommunal xidmətlərin, nəqliyyatda gediş haqlarının bahalaşması ilə bağlı Tarif Şurasının yeni qərarları olacaq. Bu və digər amillərin təsiri ilə 2017-ci ildə də inflyasiya iki rəqəmli olacaq," deyə o bildirir.

"Azadlıq": Zəncanda türkcə dərslik kitabı hazırlanıb

İran Azərbaycanında fəaliyyət göstərən internet portallarınınn yaydığı məlumata görə, Zəncan vilayətində Təhsil İdarəsinin əməkdaşlığı ilə "altı illik ibtidai məktəblər" üçün "Ana Dili" adlı türkcə dərslik kitabı çap üçün hazırlanır.

Urmiyədə fəaliyyət göstərən "Yol Press" internet səhifəsi "Ana Dili" dərsliyinin müəllifi Məhəmməd Rza Kəriminin kitabın hazırlanma prosesi ilə bağlı açıqlamalarını və kitabın PDF faylını dərc edib.

""Ana Dili" kitabı təhsil idarəsinin əməkdaşlığı ilə hazırlansa da, dərsliyin məktəblərdə tədris olunacağına dair konkret məlumat verilməyib. Lakin keçən aylarda mətbuatda türk dilinin Zəncan vilayəti məktəblərində tədrisinin yolunun açıldığına dair xəbərlər dərc edilmişdi.

...Ötən avqust ayında İran parlamentinin türk vəkillərindən bir qrup "türk dili və ədəbiyyatının ibtidai və orta məktəblərdə tədrisi üçün dərsliklərin çapı" ilə əlaqədar prezident Həsən Ruhaniyə birgə məktub ünvanlamışdılar", - xəbərdə deyilir.

fins.az: Mərkəzi Bankın manata mesajları

İqtisadçı ekspert Rövşən Ağayev öz bloqunda Mərkəzi Bankın 2017-ci ilin pul siyasətinin istiqamətləri ilə bağlı bəyanatına münasibət bildirib, manatın 2017-ci ildəki taleyindən yazıb.

Bank qeyd edir ki, üzən məzənnə rejiminə tam keçid istiqamətində addımlar davam etdiriləcək.

Ancaq iqtisadçı hesab edir ki, Azərbaycan iqtisadiyyatının problemləri, mövcud strukturu, tədiyyə balansının bütün mövqeləri üzrə valyutaya tələb və təklifin real miqyası sərbəst üzən məzənnəyə keçidi qeyri-mümkün edir.

"Bunu Mərkəzi Bankdan yaxşı bilən ikinci bir təsisat və ya şəxs də yoxdu. Sadəcə Bank demək istəyir ki, yenə də neft bahalanmayacaqsa, bazarın ehtiyaclarına uyğun tələbin qarşısına uyğun həcmdə valyuta təklifi ilə çıxmaq mümkün olmayacaqsa, milli valyutanın yenə də ucuzlaşacaq və biz bunun adını "tam üzən məzənnəyə keçid istiqamətində islahatların davam etdirilməsi" qoyacağıq", deyə o qeyd edir.

Mərkəzi Bankın bəyanatında deyilir: "Dövlət sektorunun xarici borc ödənişləri ilə bağlı irihəcmli valyuta öhdəlikləri və strateji enerji layihələrinin maliyyələşdirilməsi kapital və maliyyə hesabına təsir edəcək. Qeyd olunan amillərin təsiri altında tədiyə balansında gözlənilən irihəcmli kəsirin idarə edilməsi makroiqtisadi sabitliyə təsir edəcək." Rövşən Ağayevin sözlərinə görə, bunun açıqlaması belədir: "Hökumətə xarici borcların qaytarılması və xaricdəki layihələrə (TANAP, TAP və s.) kifayət qədər böyük valyuta lazım olacaq və bu daxili valyuta bazarında vəziyyəti daha da qəlizləşdirəcək".

Bu barədə daha geniş