Mətbuat icmalı: 13 ildə 1044 hərbçi itirmişik - 679-u qeyri-döyüş şəraitində

Fotonun müəllifi TOFIK BABAYEV/AFP/Getty Images
Image caption Bakıda hərbi parad (2013)

"Azadlıq": 13 ildə 1044 hərbçi itirmişik - 679-u qeyri-döyüş şəraitində

"Xəzər" Hərbi Tədqiqatlar İnstitutu bildirir ki, 2003-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələri ən azı 1044 hərbi qulluqçusunu itirib.

"Onun 365 nəfəri nəfəri erməni gülləsindən, o cümlədən mina və sursat partlayışından dünyalarını dəyişiblər. 679 nəfəri isə qeyri-döyüş itkiləridir", deyə məlumatda qeyd edilir.

"Təşkilatın araşdırmasının nəticələrinə görə, ümumilikdə, 2003-2016-cı illərdə illərdə bu və digər səbəblərdən yaralanan, xəsarət alan hərbi qulluqçuların sayı 800 nəfərdən artıqdır.

"Xəzər" Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Sümərinli bildirir ki, itkilərlə bağlı rəqəmlər sosial şəbəkələr, KİV və elektron informasiya vasitələrində aparılan davamlı monitorinq nəticəsində ortaya çıxıb: "Təxmini rəqəmlərə görə, 1994-cü ilin mayından - Azərbaycanla Ermənistan arasında atəşkəs müqaviləsinin imzalanmasından bəri Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda itkilərin ümumi sayı 4000 nəfərdən artıqdır"", - xəbərdə deyilir.

"Azadlıq": Tale Bağırzadənin oğluna doğum şəhadətnaməsi verilmir

"Müsəlman Birliyi" Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırov-un həbsindən sonra dünyaya gəlmiş oğluna doğum haqqında şəhadətnamə verilmir. İyulun 25-də doğulan uşaq hələ də dövlət qeydiyyatına alınmayıb. Taleh Bağırovun həyat yoldaşı Leyla İsmayılzadə məhkəməyə müraciət edib.

"Leyla İsmayılzadə iddia ərizəsində göstərib ki, Taleh Bağırovla birgə nikahdan olan üçüncü oğlu iyulun 25-də dünyaya gəlib. Uşağa "Əbülfəzlabbas" adı verilib və doğum haqqında şəhadətnamə almaq üçün Yasamal rayon Qeydiyyat Şöbəsinə müraciət edib. Amma şöbənin rəisi İlahə Ələsgərovanın imzası ilə imtina məktubu alıb", - yazıda deyilir.

Qeydiyyat şöbəsinin rəisinin məktubunda deyilir: "Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu tərəfindən tövsiyə olunan adlar siyahısında "Əbülfəzlabbas" adı mövcud deyil. Göstərilənlərə əsasən, övladınıza "Əbülfəzlabbas" adının verilməsi mümkün deyil".

"Azərbaycan Konstitusiyası vətəndaşın şəxsi və ailə həyatına müdaxiləni qadağan edir. Eyni zamanda, Avropa Konvensiyası da şəxsi və ailə həyatına sayqı nəzərdə tutur. Ailə Məcəlləsinə görə, uşağa ad valideynlərinin razılığı ilə verilir. Dövlətin müəyyənləşdirdiyi qaydalara görə, uşağın mənafeyinə xələl gətirə bilən, cinsinə uyğun gəlməyən və ya gülünc adların qoyulmasına yol verilmir. Bizim uşağa verdiyimiz ad isə bu kateqoriyaya aid edilə bilməz",deyə Leyla İsmayılzadə bildirib.

Yazıda deyilir ki, İddia ərizəsində məhkəmədən də xahiş edib ki, Yasamal Rayon Qeydiyyat Şöbəsinin üzərinə uşağa "Əbülfəzlabbas" adı verilməsi vəzifəsinin qoyulması haqda qərar çıxarılsın.

"Azərbaycan": Strateji Yol Xəritəsi: Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə işçi qrup yaradılacaq

"Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Vergilər Nazirliyi, ölkədə fəaliyyət göstərən mobil operatorlar və ödəniş sistemlərinin fəaliyyətində iştirak edən digər subyektlərdən ibarət işçi qrup yaradılacaq. İşçi qrup öz fəaliyyəti çərçivəsində rəqəmsal ödəniş sistemlərinin tətbiqi üzrə beynəlxalq təcrübəni və onun Azərbaycanda tətbiqi perspektivlərini araşdıracaq və müvafiq təkliflər hazırlayacaq."

Bu barədə məlumat "Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"ndə öz əksini tapıb.

İşçi qrup həmçinin rəqəmsal iqtisadiyyata keçidlə bağlı zəruri infrastrukturun formalaşdırılmasına və effektiv tənzimləmə metodlarının tətbiqinə üstünlük verməklə, ödəniş sistemlərinin texniki inkişafı ilə yanaşı, həm də ictimaiyyətin rəqəmsal əməliyyatlar barədə məlumatlılıq səviyyəsinin artırılması istiqamətində də tədbirlər həyata keçirəcək. Tədbirlər rəqəmsal iqtisadiyyata keçidə və rəqəmsal ödəniş sistemlərinin inkişafına təsirlərinə uyğun olaraq prioritetləşdiriləcək.

"Azərbaycan": Şamaxı Astrofizika Rəsədxanasında yeni spektroqraf quraşdırılıb

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsinin iki metrlik teleskopu üçün yeni OLKES-Optik Lifli Kasseqren Eşelle Spektroqrafın (FOCES-Fibre Optic Casseqrain Spectrograph) hazırlanması başa çatdırılıb. "Bu cür yüksək ayırdetməli spektroqrafın quraşdırılması gələcəkdə bir sıra yeni nadir eksperimentlər aparmağa, beynəlxalq əlaqələri inkişaf etdirməyə və rəsədxanaya tədqiqat qrantlarının cəlb olunmasına imkan verəcək.

Ötən il rəsədxana beynəlxalq əlaqələrini genişləndirərək 20-dən çox xarici ölkənin elmi müəssisələri ilə əməkdaşlıq edib", - xəbərdə deyilir.

"Yeni Müsavat": Əli Məsimli: "Ölkədən çıxarılan pullar Azərbaycana qaytarılmalıdır"

"Sistemli islahatlar aparılmayacağı təqdirdə, iqtisadiyyatımızın həm maliyyə, həm real, həm də sosial sektorlarında böhran dərinləşməkdə davam edəcək. Əgər sistemli islahatlar həyata keçirilsə, 2017-ci il Azərbaycan iqtisadiyyatında sonuncu böhran ili olacaq və Azərbaycan tədricən öz inkişafının yeni trayektoriyasına çıxacaq.

...Bizim xaricdəki valyuta ehtiyatları ilə bağlı təkliflərimiz yenə də eynidir. Yəni 2-3 milyard dollarlıq vəsaitdən, həmin maliyyə vəsaiti yırtıcıların yeminə çevrilməsin deyə, ciddi nəzarət mexanizmi yaratmaq şərtilə qeyri-neft sektorunun perspektivli sahələrinə yönəltmək lazımdır. Bununla yanaşı, müxtəlif yollarla ölkədən çıxarılan pullar da ölkəyə gətirilməlidir. Onda nisbətən qısa zaman kəsiyində ölkədə güclü, şaxələnmiş və rəqabətə davamlı qeyri-neft sektoru yaratmaq, deməli, manatın nisbi sabitliyini etibarlı şəkildə təmin etmək, çoxsaylı iş yerləri açmaq, regionları qaldırmaq və həyat səviyyəsini yüksəltmək olar", deyə Əli Məsimli bildirib.

Deputat hesab edir ki, Azərbaycan, valyuta gəlirləri çox olan vaxtlar qəbul etdiyi öhdəliklərə əməl etdikdən sonra daha iqtisadiyyatımız özünə gələnə qədər iri məbləğlı xərcləmələr tələb edən tədbirlərə ev sahibliyini öz üzərinə götürməməlidir.

"Nazirlər Kabinetinin bundan sonra da fəaliyyətini bu cür davam etdirməsini dövlətçiliyimiz üçün təhlükəli hesab edirik. İslahatların sürəti üstümüzə gələn problemlərin sürətindən yüksək olmalıdır ki, itkilərimizi minimuma endirməklə, yenidən sürətli inkişaf trayektoriyasına çıxa bilək. Azərbaycanın buna potensial imkanı yetərincədir. Çatışmayan yeganə məqam isə islahatçı, mobil və çevik hökumət modelinə keçidin sürətləndirilməsidi ilə bağlıdır. Vitse-prezidentlər institutunun uğurlu formalaşdırılması buna impuls verə bilər. Hazırkı dövrün problem, təhlükə və çağırışlarına adekvat cavab verə bilən, islahatçı, optimal ölçülü, makroiqtisadiyyatı günün tələbləri səviyyəsində bilən və Azərbaycan reallıqlarını da nəzərə almaqla tətbiq etməyi bacaran, çevik hökumət modelinə keçidi sürətləndirmək lazımdır. Yalnız bu halda 2017-ci il qeyd etdiyimiz kimi, Azərbaycanda son böhran ili olacaq və iqtisadiyyatımız iqtisadi artımım keyfiyyət və səmərəlilik göstəricilərinin yüksəlməsi ilə müşayiət olunan inkişafın yeni trayektoriyasına yön alacaq," - Əli Məsimli deyib.

fins.az: Mərkəzi Bankdan mesaj: pul gözləməyin!

İqtisadçı Samir Əliyev Mərkəzi Bankın növbəti ilin pul siyasətinin əsas istiqamətləri ilə bağlı Bəyanatına münasibət bildirib.

"Növbəti il də sərt pul kredit siyasəti davam etdiriləcək, iqtisadiyyatın pulla təminatı səviyyəsi 2016-cı ildə olduğu kimi məhdud həcmdə olacaq. İqtisadiyyat yenə pulsuz qalacaq. Deməli, bank sektorunun və ümumilikdə iqtisadiyyatın kiçilməsi prosesi davam edəcək.

Mərkəzi Bankın qarşısında duran əsas vəzifə inflyasiya səviyyəsinin nəzarətdən çıxmasına imkan verməmək olacaq. Milli valyutanın ucuzlaşması fonunda idxal inflyasiyasının təzyiqinin artması ölkədə qiymət artımının zəncirvari reaksiyasını şərtləndirəcək. Tədiyyə balansının və valyuta bazarının tarazlaşdırılması üçün idxalın məhdudlaşdırılması tədbirləri davam etdiriləcək.

Ancaq bəyanatda deyildiyi kimi, "neftin dünya qiymətinin əhəmiyyətli yüksəlməyəcəyi təqdirdə cari hesabda kapitalın və maliyyənin hərəkəti hesabının kəsirini örtə biləcək qədər profisitin yaranması ehtimalı hələ ki, aşağıdır". Dövlət sektorunun irihəcmli xarici borc ödənişləri və strateji enerji layihələrinin maliyyələşdirilməsi öhdəlikləri Azərbaycanın valyuta bazarına mənfi təsir edərək manata təzyiqi artıracaq" - iqtisadçı yazır.

"Böhran dövründə bir qayda olaraq hökumətlər iqtisadiyyatı canlandırmaq üçün xərcləri artırır. Bunun daha çox tələbi stimullaşdırmaq yolu ilə edirlər. Ancaq Azərbaycan iqtisadiyyatının real sektorunun vəziyyəti pul kütləsini böyük həcmdə həzm etmək iqtidarında deyil. Məhz bu amili nəzərə alaraq Mərkəzi Bank pulu sıxmaq siyasətini yeridir. Çoxlu pul kütləsi ağır fəsadlar yaratdığı kimi az pul da böhranla mübarizədə effektivliyi aşağı salır", deyə iqtisadçı qeyd edir.

Bu barədə daha geniş