Mətbuat icmalı: Prezidentin yeni il çıxışına Facebookda yazılan şərhlər

Fotonun müəllifi President.az

"Azadlıq": Prezidentin yeni il çıxışına Facebookda yazılan şərhlər

"Prezident İlham Əliyevin yeni il çıxışının videoyazısına Facebookda gələn şərhlərdə adamlar kasıblıqdan da şikayətlənirlər, prezidentə deyirlər ki, onların qayğısına qalsın.

Əliyevin tənqidçiləri deyirlər ki, Facebook şərhlərinə görə həbs olunmalarına, tənqidi fikirlərinə görə təqib edilmələrinə baxmayaraq insanlar hələ də belə şərhlər yazırlarsa, onda gərək İlham Əliyev fikirləşsin.

İlham Əliyevə yazılan şərhlərin çoxu indi silinib. Səhifədə yazılıb ki, idarəçi rəsmi prezident.az saytıdır", deyə yazıda qeyd edilir.

Sivil Toplum Platformasının üzvü, hüquqşünas Ələsgər Məmmədli deyir: "Problem dərinləşdikcə insanlar özlərini daha ciddi şəkildə ifadə edəcəklər, əvvəl demədiklərini indi deyə biləcəklər. Burda hətta nifrətli çıxışlar, gözlənilməyən ifadələrin işlədilməsi gözlənilə bilər. Əlbəttə ki, qanunvericiliklə bunu tənzimləyə bilmərik. Məntiqlə qanunvericilikdə bu ifadələrə görə həbs cəzası var idisə və kimlərsə həbs olunurdusa, başqaları eyni şeyi etməməlidir, əgər edirlərsə, demək ki, bu da çəkindirici deyil. Önəmli olan mühitin dəyişməsi, insanların yaşam standartının, insanların rifahının dəyişməsidir".

ABŞ-ın Bakıda səfiri olmuş, indi Corc Mason Universitetinin enerji məsələləri üzrə professoru Richard Kauzlarich deyir ki, İlham Əliyev gərək qisa zamanda durumu dəyişməyi düşünsün. Strateji yol xəritələri kimi uzunmüddətli planları əhalini sakitləşdirməyəcək", - yazıda deyilir.

"Azərbaycandan daha demoktaik ölkələrdə insanlar seçki keçirib, siyasi dəyişiklik tələb edirlər. ABŞ-da və başqa ölkələrdə bu baş verib. Amma Azərbaycan kimi bir şəxsin iradəsi ilə idarə olunan ölkələrdə iqtisadi dəyişikliyin siyasi dəyişikliklə nəticələnəcəyini demək çətindir. Çünki siyasi hakimiyyətin əlində vasitələr var ki, cəmiyyətdəki iqtisadi məyusluğun ölkədə siyasi struktura təsir etməsinin qarşısını alsın," deyə Richard Kauzlarich bildirib.

"Azərbaycan": Silahlı Qüvvələrə Yardım Fonduna 79 milyon manatdan çox vəsait yığılıb

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna cari il yanvarın 1-dək 79 milyon 212 min 496,09 manat, 212 min 373,88 ABŞ dolları, 5935,69 avro və 5 min rubl vəsait yığılıb.

Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.

"Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan edilməyən digər daxilolmalardır.

Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir," - xəbərdə deyilir.

fins.az: Azərbaycanda SIM-kartların satışı mərkəzləşdiriləcək

2017-ci ilin ilk aylarında Azərbaycanda mobil rabitə operatorlarının SIM-kartlarının mərkəzləşdirilmiş satış sistemi tətbiq oluna bilər.

Ölkənin telekommunikasiya bazarındakı mənbənin verdiyi məlumata görə, söhbət operatorların abunəçilərinin onlayn rejimdə müəyyənləşdirilməsinə imkan verən sistemdən gedir. "SIM-kartın satışı zamanı abunəçi haqqında məlumat həm operatorun məlumat bazasına, həm də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat-Hesablama Mərkəzinə daxil ediləcək.

Kartların qeydiyyatı mərkəzləşdirilmiş və bütün operatorlar üçün vahid qaydada aparılacaq. Bu addım həmin sahədə olan nöqsanları aradan qaldırmağa və satışları sistemləşdirməyə imkan verəcək," deyə məlumatda qeyd edilir.

"Yeni Müsavat": Vergilər Nazirliyində 7 departament yaradılıb

Vergilər Nazirliyinin tərkibində 7 departament yaradılıb.

Qeyd edilir ki, nazirliyin tərkibində olan 6 baş idarə eyni adlı departamentə çevrilib və əlavə olaraq bir yeni departament yaradılıb.

Yaradılan departamentlər bunlardır: Vergi siyasəti və strateji araşdırmalar Departamenti, Daxili təhlükəsizlik Departamenti, Vergi risklərinin təhlili və nəzarəti Departamenti, Hüquq Departamenti, Ərazi vergi orqanları ilə iş üzrə Departament, Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi Departamenti. Yeni yaradılan struktura gəlincə, bu, Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu Departamentidir.

Bu barədə daha geniş