Yeni vergi dəyişkiliyi: xırda bizneslə məşğul olanlar nə qədər ödəyəcək?

Image caption Yanvarın birindən bir sıra xırda bizneslə məşğul olanlar vergiyə cəlb olunacaq

"Əvvəlki iş yoxdur, insanlar hətta şəkil çəkdirməyə də qənaət edir. Pul ancaq dolanşığa çatır", 14 ilə yaxındır fərdi fotoqrafiya ximəti ilə məşğul olan Adil Çələbiyev deyir.

O, yanvarın birindən başlayaraq vergi məcəlləsinə edilmiş dəyişikliklər nəticəsində fərdi foto, audio-video xidmətləri göstərən şəxslərin ödəyəcəyi sadələşdirilmiş verginin məbləğindən narazıdır. Dəyişikliyə görə, Adil hər ay qazancından asılı olmayaraq 60 AZN vergi ödəməlidir.

2017-ci il yanvarın 1-dən Azərbaycanda vergi məcəlləsində yeni dəyişikliklər qüvvəyə minib. Bu o deməkdir ki, bir sıra xırda bizneslə məşğul olanlar- yəni toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət, çəkməçi, pinəçi, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri, fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, gözətçilər, nəqqaşlıq emalatxanalarında çalışanlar da vergiyə cəlb ediləcək.

BBC Azərbaycancaya danışan yuxarıda göstərilmiş peşə sahiblərindən bir neçəsi dəyişikliyə etiraz etməsə də, digərləri ödəniləcək vergi məbləğindən razı deyil.

Image caption Vergi məbləği peşə sahiblərinin fəaliyyət göstərdiyi rayona görə dəyişir

Kim nə qədər ödəyəcək?

Vergi Məcəlləsinə edilmiş yeni dəyişikliyə görə, xırda biznes sahibləri yeni ildən sadələşdirilmiş vergini sabit məbləğdə ödəyəcək.

Bu məbləğ müxtəlif peşə sahibləri üçün fərqlidir.

  • Toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət - 30AZN
  • Fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət - 30 AZN
  • Çəkməçi, pinəçi - 5 AZN
  • Saat, televizor, soyuducu və digər məişət cihazlarının təmirçisi - 10 AZN
  • Fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, gözətçi və digər analoji işlərlə məşğul olanlar - 10 AZN
  • Nəqqaşlıq emalatxanalarının fəaliyyəti ilə məşğul olanlar - 20 AZN

Məcəlləyə görə, nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği əmsallar tətbiq edilməklə müəyyən edilir. Yəni peşə sahibi fəaliyyətini Bakıda qurubsa onun ödəyəcəyi əmsal 2-dir. Bu o deməkdir ki, o aya yuxarıda göstərilmiş məbləğin 2 qatını verməlidir.

Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində əmsal 1,5, Abşeron rayonunun qəsəbə və kəndləri, Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində əmsal 1, digər rayon və qəsəbələrdə isə əmsal 0, 5 olacaq. Bu o deməkdir ki, məsələn Bakıda fəaliyyət göstərən toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq edənlər aylıq gəlirlərindən asılı olamayaraq hər ay 60 AZN vergi ödəməlidir. Eyni peşə sahibləri Sumqayıt və Xırdalan şəhərlərində fəaliyyət göstərirsə, ödənişin məbləği 45 AZN, Abşeron rayonunun qəsəbə və kəndləri , Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində fəaliyyət göstəririsə 30 AZN, digər rayon və qəsəbələrdə çalışırsa 15 AZN vergi ödəməlidir.

Fotonun müəllifi Adil Çələbiyev
Image caption Fotoqraf: "60 manat böyük məbləğdi"

"Başqa sənətə keçəcəm"

Adil Çələbiyev deyir ki, elə fotoqraflar var ki, fotoaparatın kreditini ödəyə bilmədiyi üçün aparatı satır. Bu səbəbdən o, hər ay 60 AZN vergi ödəməyi real görmədiyini bildirir.

"O vaxt vergi verərsən ki, o sahədə sənə dövlətin dəstəyi olar. Ancaq burda hər şeyi özün edirsən, aparatı özün alırsan. Sonra səndən vergi istəməkləri gülüncdür", deyən müsahibimiz əlavə edir ki, "işin tapılmayan vaxtı vergi vermək dəhşətlidir".

"Əvvəlki iş yoxdu, insanlar hətta şəkil çəkdirməyə qənaət edir. Pul ancaq dolanşığa çatır", o bildirir.

Adil qeyd edir ki, vergi ödəməyin əleyhinə olmasa da, hazırkı şəraitdə bu çətindir.

"60 manat böyük məbləğdir. Qarşıda özüm üçün böyük çətinliklər görürəm", o deyir.

Adil onu da vurğulayır ki, əgər müştəri qıtlığı ilə qarşılaşsa, öz sənətini atıb, başqasını axtaracaq.

Razı qalanlar və qalmayanlar

Öz sözləri ilə desək, sovet vaxtından soyuducu və məişət cihazları təmiri ilə məşğul olan 62 yaşlı Sahib Məmmədov 35 ildir bu işlə ailəsini dolandırdığını deyir.

O, VÖEN açdırıb və illərdir sadələşdirilmiş vergi ödəyicisidir. O, hər 3 aydan bir gəlirinin faizini dövlətə vergi şəklində ödəyib.

"Hökumət xalqdan qazanır, gəlir vergisi verilməlidir", deyən usta yeni qərardan razıdır.

Image caption Pinəçi: "elə ay var ki, qazanc yoxdur"

30 ildir çəkməçi işləyən 57 yaşlı Xaləddin Məmmədov isə məbləğin çox olduğunu deyir. O, vergini ödəyə bilməyəcəyini də qeyd edir.

Onun da VÖEN-i var və dediyinə görə, hər rüb azı 25 manat vergi ödədiyini deyir. Ancaq müsahibimiz vurğulayır ki, peşəsində qazanc azdır.

"Camaatdan pul almaq olmur. Elə müştəri var 3 manat belə verə bilmir", deyən usta "bu pulu (vergini) verə bilməyəcəm" deyə qeyd edir.

Digər müsahibimiz Xəqani Məmədov da 27 ildir pinəçi işləyir. O, hər 3 aydan bir 27-35 manat vergi ödədiyini deyir. Usta yeni vergi məbləğindən narazı deyil. Amma onun sözlərinə görə, elə ay olur ki, qazancı heç olmur.

Ceyhun adlı televizor təmirçisinin bildirdiyinə əsasən, qanuna edilmiş yeni dəyişikliyə görə, o hər ay ödəməli olduğu 20 manat məbləğ çoxdur.

"….məsələn, evdar xanımsınız. Bir ütünün təmirinə nə qədər ödəyərsiz? 3 manat, öldür özünü 5 manat. Aya 5 ütü düzəltsəm 50 manat edir. Bunun 20-ni vergi versəm, evə nə aparım. Uşaqlar oboy yesin?", o sual edir.

"Hər ay arenda haqqı ilə barabər, post patrul, FHN, sanepidemstansiya, uçaskovuya pul ödəyirəm," deyən müsahibimiz vergi ödəməkdə çətinlik çəkəcəyini deyir.

Əlaqəli mövzular

Bu barədə daha geniş