Camal Əlinin anası və qohumları azad edilib

Camal Əli

Almaniyada yaşayan azərbaycanlı musiqiçi Camal Əlinin Bakı şəhər Baş Polis İdarəsinə aparılan anası və qohumları azad edilib, o özü BBC Azərbaycancaya bildirib.

Camal Əli qohumlarının saxlanılmasının səbəbinin onun 31 dekabrda Youtube sosial şəbəkəsində paylaşdığı musiqi klipi olduğunu bildirib.

Musiqiçi son Facebook statusunda polislərin yenidən evlərində olduğunu yazıb. "Deyirlər video silinməyənə qədər oturub gözləyəcəyik", o yazır.

Daxili İşlər Nazirliyi BBC Azərbaycancaya bu barədə onlarda məlumat olmadığını bildirib.

"Polisin tələbi odur ki, mən həmin videonu silim. Mən isə dedim ki, silməyəcəyəm. Dedilər ki, anamı və 90 yaşlı nənəmi hər gün aparıb gətirəcəklər. Mən dedim ki, onlar heç nə etməyiblər, polis isə dedi ki, onlar etməyibsə də, sən etmisən. Mən isə dedim ki, tuta bilirsinizsə məni tutun. Dedilər ki, səni tuta bilmirik, ona görə onları tutacağıq", Camal Əli müsahibəsində deyir.

Camal Əli 2012-ci ilin martında Bakıda keçirilmiş mitinqin sonunda 10 sutka həbs edildikdən sonra Almaniyada yaşayır.

Camal Əli son dəfə təxminən saat 13.50-də anası ilə danışdığını söyləyib: "kefi yaxşı idi".

Musiqiçi onu da qeyd edir ki, 55 yaşlı anasını ötən gün də Sabunçu rayon Polis İdarəsinə aparıblar, şifahi xəbərdarlıqdan sonra azad ediblər.

Camal Əli "gənc fəallara qarşı söz və ifadə azadlığının pozulması ilə müşayiət edilən təqiblərə son qoymaq" məqsədilə paylaşdığı "Heykəl Baba (Censored)" adlı musiqi klipini silməyəcəyini bildirib.