Nicad İbrahim ağzını niyə tikib?
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Hüquq-mühafizə orqanlarından şikayətçi olan Nicad İbrahim dekabrın 30-da ağzını tikib.

İş adamı Nicad İbrahim 9-cu gündür ki, aclıq edir. Hüquq-mühafizə orqanlarından şikayətçi olan iş adamı dekabrın 30-da facebook səhifəsində video-müraciət yayıb, sonra isə kamera qarşısında ağzını tikib.

Nicad İbrahim video-müraciətində bildirib ki, ondan pul alınıb və əvəzində torpaq sahəsi satacaqlarına söz versələr də, ona torpaq sahəsi verilməyib, pulu da qaytarılmayıb.

Nicad İbrahim iddia edir ki, "polislərdə onun ümumilikdə 46910 dollar pulu və sənədli ov tüfəngi qalıb". O, sadalananların geri qaytarılmasını tələb edir. Bu səbəbdən də "ölüm aclığına başladığını" qeyd edir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamaq mümkün olmayıb.

Nicad İbrahim hazırda həyat yoldaşı və iki azyaşlı qızı ilə birlikdə bir uşaq baxçasının eni metr yarım olan dəhlizində məskunlaşıb. Onlar 5 ildir burada məskunlaşıblar. Evdə hərəkət etmək çətindir, stul və stol belə yoxdur.

Həyat yoldaşı Pəvin İbrahim onun aclıq aksiyasını dayandırmasını istədiklərini deyir, amma əlavə edir ki "Nicadın başqa çarəsi yoxdur".

Həyat yoldaşının sözlərinə görə, onun halı tez-tez pisləşir.

"Təcili yardım çağırmağa icaə vermir, güvənmir. Tanış həkim var, o sistem qoşur. Tez-tez havaya çıxarırıq. Amma gecələr boğulur, nəfəs almaqda çətinlik çəkir", deyən Pərvin İbrahim qeyd edir ki, onlarla heç bir qurum maraqlanmayıb.

Videonu BBC Azərbaycanca müxbiri Günel Səfərova və Tural Əhmədzadə hazırlayıb.