Vəkil: Qənirə Ataşovanın ölkədən çıxışı ilə bağlı məhkəməyə şikayət verilib

Türkiyədə çevriliş cəhdində ittiham edilən Fethullah Gülenle müsahibə etmiş Qənirə Ataşovanın (ortada) ölkədən çıxışına qadağa qoyulub Fotonun müəllifi Qənirə Ataşova
Image caption Türkiyədə çevriliş cəhdində ittiham edilən Fethullah Gülenle müsahibə etmiş Qənirə Ataşovanın (ortada) ölkədən çıxışına qadağa qoyulub

Fəaliyyəti dayandırılmış ANS Müstəqil Yayım və Media Şirkəti ilə əməkdaşlıq etmiş jurnalist Qənirə Ataşovanın ölkədən buraxılmaması ilə bağlı məhkəmə-nəzarət qaydasında şikayət verilib, vəkil Elçin Sadıqov BBC Azərbaycancaya bildirib.

Onun sözlərinə görə, jurnalistin ölkədən çıxmasına qadağa barədə ötən həftə, Baş Prokurorluğun Ağır Cinayət işlərinə dair istintaq idarəsindən məktub alındıqdan sonra məlum olub.

Həmin məktubda qeyd edilir ki, ANS Müstəqil Yayım və Media Şirkətinin vəzifəli şəxsləri tərəfindən "terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlar" ibtidai istintaqı aparılan cinayət işinə əlavə edilib və Qənirə Ataşovanın sərhəd keçməsinə cinayət işinin istintaq zərurəti üzrə məhdudiyyət qoyulub.

Vəkil Sadıqov hüquqlarını qoruduğu Qənirə Ataşovanın ANS-in vəzifəli şəxsi olmadığını deyir.

Baş Prokurorluq BBC Azərbaycancaya, jurnalistin vəzifəli şəxs olmamasına dair vəkilin sözlərilə əlaqədar bildirib ki, ünvanlanmış məktubda vəkilə rəsmi cavab verilib.

Milli Televiziya və Radio Şurası iyulun 18-də "Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək" məqsədilə ANS telekanalın yayımının müvəqqəti dayandırılması, ANS ÇM Yayım və Media" Şirkətinin eyni tarixli lisenziyasına xitam verilməsi və anspress.com saytı da fəaliyyətinin dayandırılması barədə qərar verib. Bundan sonra MTRŞ-nın müraciət əsasında ANS televiziyasının lisenziyasına xitam verilib.

Hadisə ANS televiziyasının əməkdaşı Qənirə Ataşovanın ABŞ-da yaşayan və Türkiyə rəsmilərinin iyul ayının 15-i ölkədə baş verən çevrilişə cəhddə günahlandırdığı Fethullah Gülen-dən müsahibə almasından sonra baş verib. ANS rəhbərliyi telekanalda müsahibənin anonsunun yayımlanmadığını deyib.

Vəkil Sadıqov 27 oktyabrda Qənirə Ataşova ölkə sərhədindən buraxılmadıqdan sonra Baş Prokurorluğa məktub göndərib.

Məktubun nüsxəsini öz Facebook səhifəsində paylaşan vəkil deyir ki, ANS Müstəqil Yayım və Media Şirkətinin vəzifəli şəxsləri tərəfindən terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlara dair ibtidai istintaqı aparılan 162006055 saylı cinayət işi üzrə Qənirə Ataşovanın "Giriş-çıxış və qeydiyyat" İAMAS üzrə sərhəd keçməsinə məhdudiyyət qoyulduğu məlum olub.

Fotonun müəllifi Elçin Sadıqov
Image caption Vəkil Elçin Sadıqov ötən həftə bu məktubu alıb.

O, hüquqlarını qoruduğu Qənirə Ataşovanın ANS-in vəzifəli şəxsi və ştat üzrə işçisi olmadığını, media qurumu ilə xidmət müqaviləsi əsasında əməkdaşlıq etdiyini və terrorçuluğun təbliğinə yönələn çağırış etmədiyini bildirib.

Sadıqov jurnalistin öz vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ölkədən çıxışına məhdudiyyətin qoyulmasını "İnsan hüquqlarının və əsas azadlıqlarına dair Konvensiyanın 10-cu maddəsinə zidd olduğunu deyir.

Vəkil Sadıqov konkret kiminsə adının çəkilmədiyi cinayət işinin ümumi xarakter daşıdığını söyləyir.

"QHT-lərə və Meydan TV ilə əlaqəli cinayət işlərində də ümumi maddələr istifadə edilib. Bu, qeyri-müəyyən cinayət işinin başladılması halları tendensiyalarına aiddir."

Baş Prokurorluğun sözçüsü Eldar Sultanov BBC Azərbaycancaya bildirib ki, fəaliyyəti ləğv olunmuş ANS Müstəqil Yayım və Media Şirkətinin vəzifəli şəxslərinə qarşı cinayət işi başlanmayıb.

Rəsmi məlumatda həmçinin qeyd edilir ki, şirkətin vəzifəli şəxsləri tərəfindən terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlarla bağlı Baş Prokurorluqda toplanmış materiallar "Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fəthullah Gülənin rəhbərliyi ilə Azərbaycan Respublikasında təhsil müəssisələrində və digər müxtəlif qurumlarda uzun müddət fəaliyyət göstərən "Hizmet harekatı"nın təəssübkeşləri tərəfindən dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd, sosial və dini nifrət, düşmənçiliyin salınmasına yönələn hərəkətlər edilməsi və digər faktlara dair Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi"nə əlavə edilib.

Jurnalist ölkədən çıxışına məhdudiyyətin götürülməsi ilə bağlı ölkə rəhbərliyinə müraciət edib və Baş Prokrorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi qarşısında bununla bağlı vəsatət qaldırılıb, vəkil əlavə edib.

Bu barədə daha geniş