Mətbuat icmalı: Ölkə bürüyən qorxulu virusdan necə qorunmalı...

Fotonun müəllifi Getty Images

"Yeni Müsavat": Ölkə bürüyən qorxulu virusdan necə qorunmalı...

Müşahidələr göstərir ki, son günlər Bakıda və rayonlarda əhali arasında sürətlə yayılan kəskin qrip virusu adi qriplərdən ağırlıq dərəcəsi ilə xeyli fərqlənir.

Tibb elmləri doktoru Adil Qeybulla bildirib ki, bu cür qrip virusları artıq hər il yayılır və fərqli şəkildə özünü göstərir: "Yeni yayılan virusun H3N2 olması hələ dəqiq deyil, ancaq ehtimal olunur. Əvvəla, bu virus A qrupu viruslarına aiddir və kifayət qədər təhlükəlidir...

...İlk növbədə xəstəliyin yayılmaması üçün tibbi maskalardan istifadə etməlidir. Xəstə şəxslər dərhal yataq rejiminə keçirilməlidir. Müvəqqəti olaraq işə və ya dərsə getməməlidir. Bundan başqa çoxlu maye qəbul etməli və hərarəti nəzarətdə saxlamalıdır. Daha sonra həkim nəzarətində olmaq lazımdır. Bizim insanlar qrip zamanı daha çox antibiotiklərdən istifadə edirlər. Bu, qətiyyən yolverilməzdir. Antibiotikin virusa qarşı təsiri ümumiyyətlə yoxdur. Sadəcə olaraq, antibiotik immun sistemini daha da zəiflədir. Antibiotik o halda istifadə edilməlidir ki, artıq ağırlaşma var, pnevmaniya var, bakteriyalar fəallaşıb. O halda antibiotik istifadə etmək olar. Antibiotikin hədəfi virus deyil, bakteriyalardır..." - deyə o bildirib.

Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev isə mətbuata açıqlamasında belə deyib: "Əgər hər hansı bir xəstəliyin kütləvi yayılması baş verərsə, qarşısını almaq mümkündür. Bu gün ölkə ərazisində kəskin respirator xəstəliklər, o cümlədən qripə yoluxma ilə bağlı epidemioloji baxımdan narahatedici vəziyyət yoxdur".

"Azadlıq": Banklar biznes kartlarla nağdlaşdırmanı dayandırıb

Bəzi banklarda biznes və korporativ kartlar üzrə nağdlaşdırma əməliyyatları dayandırılıb. Banklardan bildirirlər ki, bu, Vergi Məcəlləsinə edilən dəyişikliyin 2017-ci il yanvarın 1-dən qüvvəyə minməsi ilə bağlıdır.

"Yanvarın 1-dən hüquqi və ya fiziki şəxs olan sahibkarlar bank hesabındakı pulu nağdlaşdırdıqda sadələşdirilmiş vergi tutulacaq. Bu funksiyanı banklar yerinə yetirəcək.

Banklarda isə hələki belə avtomatik sistem qurulmayıb. Ona görə də ötən həftədən banklarda nağdlaşdırma müvəqqəti dayandırılıb. Hazırda banklar həmin sistemin qurulması ilə məşğuldurlar. Kart hesablarından vəsaitlərin nağdlaşdırılması zamanı 1 faizlik vergini avtomatik tutmaq üçün yeni sistem qurulduqdan sonra əməliyyatlar bərpa ediləcək.

Bankların bəziləri artıq yeniliyə hazır olduqlarını bildiriblər. Ancaq əksəriyyəti bu həftə ərzində yeni sistemi işə salacaqlarını bildiriblər", - deyə xəbərdə qeyd edilir.

"Xalq qəzeti": Ədliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatı

Ədliyyə Nazirliyi Quba rayon icra şöbəsinin icra məmurları tərəfindən ötən ilin dekabrın 7-də yetkinlik yaşına çatmayan Nuray Bayramzadənin xalasından alınaraq atasına verilməsi haqda sosial şəbəkələrdə yayımlanmış videosüjetlə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, uşağın anası 2010-cu ildə vəfat etdikdən sonra onu öz qəyyumluğuna götürən xalası M.Eldarova və nənəsi F.Xudaverdiyeva Nurayı atasına verməkdən yayınıb. "Bununla əlaqədar Ə.Bayramov 2012-ci ildə Quba Rayon Məhkəməsində iddia qaldırıb və məhkəmənin qətnaməsinə əsasən uşağın atasına verilməsi qərara alınıb, həmin qətnamə həmçinin apelyasiya və Ali məhkəmələrin qərarları ilə qüvvədə saxlanılıb.

...Axtarış tədbirləri nəticəsində uşağın yeri müəyyən olunaraq icra 2016-cı il dekabrın 7-nə təyin edilib. İcra prosesində qanunvericiliyə uyğun olaraq hər iki tərəfin, eləcə də rayon icra hakimiyyətinin, təhsil şöbəsinin qəyyumluq və himayəçilik orqanının nümayəndələri, polis əməkdaşları, psixiatr, məsləhətçi-psixoloq iştirak ediblər.

Videoçəkilişdən göründüyü kimi, icra prosesində mübahisə uşağın atası və qarşı tərəf arasında yaranıb. O da bildirilir ki, icra prosesi başa çatdıqdan və tərəflər icra qurumunu tərk etdikdən dərhal sonra uşaq atası Ə.Bayramovdan zorla alınaraq xalasına qaytarılıb və həmin vaxtdan onunladır. Bu fakt hazırda Quba rayon polis şöbəsində araşdırılır," deyə məlumatda qeyd edilir.

Məlumatda həmçinin deyilir ki, məsələ ilə bağlı Ədliyyə Nazirliyində xidməti yoxlama aparılır və nəticəsi üzrə ¬qanunamüvafiq tədbirlər görüləcək.

fins.az: ANS rəhbərliyinə cinayət işi açılıb

ANS Müstəqil Yayım və Media Şirkətinin vəzifəli şəxsləri tərəfindən terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlara bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanılıb.

Bu barədə öz Facebook səhifəsində məlumat verən vəkil Elçin Sadıqov bildirib ki, televiziyanın ABŞ üzrə xüsusi müxbiri Qənirə Ataşovanın 27 oktyabr 2016-cı il tarixdə Bakı şəhərindən İstanbul şəhərinə uçarkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıması da bu işlə bağlı olub.

"E. Sadıqov əlavə edib ki, məsələ ilə bağlı prezident İlham Əliyevə müraciət edilib: "Qənirə Ataşova ölkədən çıxışına qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı ölkə rəhbərliyinə müraciət edib. Eyni zamanda AR Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi qarşısında Qənirə Ataşovanın ölkədən çıxışına qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı vəsatət qaldırılıb və məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət edilib.

Jurnalistin öz vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ölkədən çıxışına məhdudiyyətin qoyulması İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 10-cu maddəsinə ziddir", - xəbərdə deyilir.

lent.az: DİN biznes mərkəzindəki güllələnmə ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi Bakıda biznes mərkəzində törədilmiş qətllə bağlı məlumat yayıb. Məlumatda deyilir: "Yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən "Dəmirçi Plaza" MMC-yə məxsus binada icarə əsasında fəaliyyət göstərən "İraq Hava Yolları" şirkətinə məxsus ofisdə, sürücü - Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer - paytaxt sakini Əli Ağalını qətlə yetirib. Xətai RPİ 37-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Bəşirov tutulub. Ondan hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olan "COBALT" markalı tüfəng götürülüb".

Bu barədə daha geniş