Bloqçu Mehman Hüseynov 200 manat cərimə edilib

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Mehman Hüseynov: Nəfəs ala bilmirdim... ağzımı bağlamışdılar

"Polisin qanuni əmrinə tabe olmamaq"da ittiham edilən bloqçu və RATİ sədri Mehman Hüseynov 200 manat cərimə edilməklə azad edilib.

Mehman Hüseynov azad edildikdən sonra jurnalistlərə deyib ki, saxlanılarkən ona işgəncə edilib, müxbirimiz Günel Səfər deyir: "Köynəyində qan var idi, onu bizə göstərdi".

Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov modern.az-a deyib ki, Mehman Hüseynovun nəinki dedikləri, "aldığı nəfəs də yalandan gedib-gəlir".

"Polis orqanlarında nə adam döyürlər, nə adam toka verirlər. Bunların hamısı Mehman Hüseynovun uydurduğu boş-boş nağıllardır, şər və böhtandan başqa bir şey deyil", DİN sözçüsü deyib.

Vəkil Elçin Sadıqov hakimin Nəsimi rayon prokurorluğunun Hüseynova qarşı işgəncələri araşdırması barədə qərar çıxardığını deyib.

Bloqçu Mehman Hüseynovun vəkili deyib ki, bazar ertəsi axşamından bəri ondan xəbər almaq mümkün olmayıb. Vəkil Elçin Sadıqov bugün saat 10.00-da onun Nəsimi Rayon Məhkəməsinə aparıldığını öyrənib.

Son vaxtlar Mehman Hüseynov Sancaq adlı Facebook səhifəsində lüks villalar barədə videolar paylaşıb. O bu villaların ayrı-ayrı məmurlara və deputatlara aid olduğunu bildirib.

Həbsin səbəbi

Mehman Hüseynovun qardaşı Emin Hüseynov BBC Azərbaycancaya bildirib ki, qardaşı çox güman ki təkcə bloqçu olduğuna görə saxlanılmayıb: "Mehman Sancaqda həmişə yazırdı, fərqli heç nə yazmırdı".

"27 noyabrda Tbilisi şəhərində Reportyorların Azadlığı və Təhlükəsizlik İnstitutunun (RATİ) üzvləri toplaşaraq iki ilin dəyərləndirilməsini apardıqdan sonra Mehman Hüseynovu yeni İdarə Heyətinin sədri seçiblər. Bu o deməkdir ki, Mehman, həm də jurnalist və insan haqları müdafiəçisi kimi fəaliyyət göstərir."

O deyir ki, dekabrın ortalarında Mehmanın yeni sədr olması barədə Ədliyyə Nazirliyinə məlumat verilib və ötən gün Nazirlikdən onun təsdiq edib-edilməməsi barədə məlumat soruşulub: "Əslində 10 iş günü ərzində cavab verilməli idi, amma 14 gün keçib", cənab Hüseynov əlavə edib.

Emin Hüseynov qardaşının həbs səbəbini həmçinin RATİ-nin AŞPA-ya hazırladığı məktubla əlaqələndirir:

"Tutulmanın əsas mahiyyəti odur ki, RATİ adından Avropa Şurasına hazırlanan məktuba imzatoplama kampaniyasına rəhbərlik edirdi.

RATİ 22 yanvarda müzakirə edilməsi üçün AŞPA üzvlərinə, adları rüşvət qalmaqalında keçən azərbaycanlı deputatların Assambleyadan uzaqlaşdırılması, Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun alınması və siyasi məhbuslar üzrə məruzəçi təyin edilməsi üçün məktub hazırlayıb və imzatoplama kampaniyası keçirirdi.

Dünən axşam saat 8-də imzatoplama bitməli idi, bugün isə biz məktubu imzatoplama üçün beynəlxalq təşkilatlara göndərməli idik. Mehman bunun güdazına getdi", cənab Hüseynov deyir.

Daxili İşlər Nazirliyindən bu iddialarla bağlı açıqlama almaq mümkün olmayıb.

"Təzyiq"

Dekabr ayında Avropa Stabillik Təşşəbüsü (European Stability Initiative və ya ESI) təşkilatının "Avropa bataqlığı (Kürü Diplomatiyası İkinci Hissə)" adlı hesabatında Azərbaycanın AŞPA nümayəndə heyətinin iki üzvü- Elxan Süleymanov və Müslüm Məmmədov italiyalı deputat Luka Volonteyə "siyasi məhbuslar" barədə hesabatın müzakirəsi zamanı Azərbaycan nümayəndə heyətinə dəstək üçün rüşvət verməkdə ittiham edilir.

Bu iddialar Luka Volonte-yə qarşı İtaliyanın Milan şəhərində prokurorlar tərəfindən korrupsiya və çirkli puların yuyulması iddiaları üzrə cinayət istintaq işləri üzərində irəli sürülüb. AŞPA-ya Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov bu hesabatın "məhkəməyə təzyiq" olduğunu deyib və Azərbaycana qarşı "provokasiya" kimi qiymətləndirib.

Azərbaycanın “Avropa bataqlığı”

Emin Hüseynov qardaşının saxlanılmasını təzyiq kimi qiymətləndirir:

"Zənnimcə səbəb həmin məktub təşəbbüsünün dayandırılmasıdır. Təzyiq edirlər. İnzibati qaydada saxlayırlar ki, həmin məktubu yaymayın, imzatoplamanı dayandırın. Belə həbslər təkcə Mehmana qarşı baş vermir, bir çox onlarla, yüzlərlə ədalətsizliklər baş verir, biz işimizi davam etdirəcəyik. "

O Mehman Hüseynovun saxlanılarkən döyüldüyünü güman edir.

"Mehman saxlanılarkən onu görüblər, ona zor tətbiq ediblər, vurublar, heçsəsi dəçıxmayıb, ağzını da tutublar, sonra 22 saylı polis bölməsinə aparıblar. Çox güman ki onu orda döyüblər, ona görə vəkili ilə görüşməyə qoymayıblar."

Rəsmi ittiham nədir?

Image caption Jurnalistlər, siyasi fəallar və bir neçə keçmiş siyasi məhbus məhkəmə binası qarşısında gözləyir

2012-ci ildən bəri haqqında açılan cinayət işinə görə şəxsiyyət vəsiqəsi verilməyən Mehman Hüseynovun şəxsiyyəti "DİN-in portalından çıxarışla müəyyən ediləcək", onun vəkili Cavad Cavadov deyib.

Vəkil Sadıqov Mehman Hüseynovun saxlanılması barədə müxbirimizə bildirib ki, protokolda və raportda bloqçunun dünən saat 19.45 radələrində Həzi Aslanov küçəsi ilə Mərdanov qardaşları küçəsinin kəsişməsində saxlanıldığı göstərilib:

"Bir nəfər şikayət edib ki, mən telefonla danışarkən məni ciynimdən vurdu, söydü.. Sonra hadisə yerinə polislər gəlib, guya polislərin də ünvanına nalayiq ifadələr işlətdib və onu Nəsimi polis idarəsinə gətiriblər", vəkil Sadıqov protokola əsasən bildirib.

Müxbirimiz məhkəmə binası qarşısında jurnalistlər, siyasi fəallar və bir neçə keçmiş siyasi məhbusun gözlədiyini deyir.

Məhkəmə prosesindən öncə vəkil Sadıqov müvəkkili ilə görüşə bilmədiyini söyləyib.

"Nəsimi rayon məhkəməsinin hakimi Babək Pənahov polislərə bildirdi ki, mən Mehman Hüseynovla görüşüm, ancaq polislər kiməsə zəng etdilər və rəhbərlikdən göstəriş verdilər ki, vəkillə görüşünə icazə verməyin. Bundan sonra görüşümüzə hələ ki icazə verməyiblər."

O jurnalistlərə bildirib ki, məhkəmə prosesi zamanı bloqçu ilə görüşə bilməməsinə dair vəsatət qaldıracaq.

Dünəndən bloqçudan xəbər alınmayıb

Dostu Ülvi Həsənlinin sözlərinə görə, onlar Mehman Hüseynovdan bazar ertəsi axşam saatlarından xəbər ala bilməyiblər. Gecə saatlarında isə bu barədə Daxili İşlər Nazirliyinin 102-Qaynar Xəttinə müraciət ediblər.

Ülvi Həsənli bildirir ki, onlara daxil olan məlumata görə Mehman Hüseynov bazar ertəsi 5 nəfər mülki geyimli tərəfindən maşına oturularaq naməlum istiqamətdə aparılıb.

Məsələ ilə bağlı DİN-dən məlumat almaq mümkün olmayıb.

Bu, bloqçunun ilk saxlanılması deyil. Mehman Hüseynov 2012-ci ildə polisə müqavimət göstərmək maddəsi ilə saxlanılıb və dindirildikdən sonra sərbəst buraxılıb. Daxili İşlər Nazirliyi bloqçunun İctimai Palatanın aksiyası zamanı hakimiyyət nümayəndəsinə müqavimət göstərməsi faktı üzrə cinayət işi ilə bağlı saxlanıldığını açıqlayıb.

Hüseynov özü o zaman BBC Azərbaycancaya Bakıda keçirilən "Eurovision-2012" müsabiqəsi zamanı RATİ-nin əməkdaşı kimi hadisələri işıqlandırdığına və Demokratiya naminə oxu" kampaniyasının üzvü olduğuna görə saxlanıldığını bildirib.

2013-cü ilin oktyabrında prezident seçkilərinə bir neçə gün qalmış bloqçu sosial şəbəkələrdə namizədlərin debatına 300 Spartalı filmi ilə satirik video hazırladığına görə yenidən saxlanılıb. Baş Prokurorluqda 6 saat dindirildikdən sonra sərbəst buraxılıb.

Bloqçu əlavə edib ki, 2012-ci ildə açılan cinayət işi ilə əlaqədar onun Bakını tərk etməsinə qadağa qoyulub, şəxsiyyət vəsiqəsi və xarici pasportu əlindən alınıb.

İnsan haqları təşkilatları Azərbaycanı son ildə azad sözə təzyiqləri artırmaqda və fəalları həbsə atmaqda ittiham edir. Azərbaycan hökuməti bu iddiaları rədd edir.

Oktyabr ayında hazırlanmış "Siyasi Məhbusların Vahid Siyahısı" adlı sənədə əsasən, Azərbaycanda 4 jurnalist və 2 bloqçu həbsdədir.

Bu barədə daha geniş