Müxalifət fəalı 10 sutka müddətinə həbs edilib

Nicat Nizamov Fotonun müəllifi GÖZƏL BAYRAMLI
Image caption Nicat Nizamova bu səhər Suraxanı rayon məhkəməsində 10 sutka həbs verilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Suraxanı rayon şöbəsinin fəalı Nicat Nizamova 10 sutka həbs cəzası verilib, partiyanın sədr müavini Gözəl Bayramlı bildirib.

Gözəl Bayramlının sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin polisə müqavimət maddəsi ilə ittiham olunan fəalın çərşənbə axşamı səhəri məhkəməsi keçirilib.

Suraxanı rayon məhkəməsi məlumatı BBC Azərbaycancaya təsdiqləyib.

AXCP rəsmisi fəalın "Nardaran işi" və "siyasi məhbuslar" barədə Facebook sosial şəbəkəsində paylaşdığı məlumatlara görə həbs edildiyini deyir.

"Tamamilə absurd və əsası olmayan maddədir, onu evindən aparıblar, hansı polisə müqavimət ola bilər?", Gözəl Bayramlı bildirib.

Məlumata görə, Nicat Nizamov bazar ertəsi təxminən saat 16.00-da evdən 30 saylı polis idarəsinə aparılıb və bu barədə idarənin həyətinə toplaşan partiya üzvlərinə məlumat verilməyib.

O 10 sutkalıq həbs müddətini Binəqədi müvəqqəti saxlama təcridxanasında keçirəcək.

Gözəl Bayramlının sözlərinə görə, Nizamov bu il AXCP-nin həbs edilən ilk üzvüdür, ötən il isə 31 nəfər inzibati həbs cəzası alıb.