Mətbuat icmalı: "Azərbaycanın bank sektoru çökmə ərəfəsində"

Fotonun müəllifi Getty Images

"Xalq qəzeti": XİN Azərbaycanın İslam hərbi koalisiyasına qoşulmasına dair yayılan xəbərlərə münasibət bildirib

"Xarici İşlər Nazirliyi Azərbaycanın İslam hərbi koalisiyasına qoşulması barədə kütləvi informasiya vasitələrində yayılan xəbərlərə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycanın xarici siyasətinin gündəliyində hələlik belə bir məsələnin olmadığını deyib", - məlumatda deyilir.

Nazirlik rəsmisi qeyd edib ki, hər hansı təklif irəli sürüldüyü halda Azərbaycan tərəfindən müfəssəl şəkildə təhlil olunur.

"Xalq qəzeti": Səhiyyə Nazirliyi: Azərbaycanda qrip diaqnozu ilə ölüm faktı qeydə alınmayıb

Azərbaycanda H3N2 virusuna yoluxma nəticəsində əhali arasında ölüm faktlarının baş verməsi barədə yayılan məlumatlara münasibət bildirən Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib ki, Azərbaycanda qrip diaqnozu ilə ölüm faktı qeydə alınmayıb. .

"Onun sözlərinə görə, bu barədə yayılan məlumatlar doğru deyil. Əgər belə hal olsaydı, Səhiyyə Nazirliyi bununla bağlı mütləq açıqlama verərdi. İ.Ağayev bildirib ki, qripdən ölüm faktının təsdiqlənməsi üçün ölmüş şəxsin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələrində müayinə edilməli və ölümün səbəbi aydınlaşdırılmalıdır.

Baş epidemioloq qış mövsümündə kəskin respirator virus infeksiyalarının yayılmasının normal olduğunu qeyd edib. Vurğulayıb ki, hazırda ölkə ərazisində epidemioloji vəziyyət sabitdir. Ölkəmizdə kəskin respirator virus infeksiyalarına yoluxma faktı qeydə alınsa da, bu, epidemioloji səviyyədə deyil.

İ.Ağayev bu virusların yayılmasının qarşısının alınmasında əhalinin tibbi maskalardan istifadə etməsinin vacibliyini də bildirib," deyə yazıda qeyd edilir.

"Yeni Müsavat": Azərbaycanın bank sektoru çökmə ərəfəsində

Qəzet ekspert Əkrəm Həsənovun bank sisteminin durumu və problemli kreditlərlə bağlı fikirlərini dərc edib.

Əkrəm Həsənov bildirib ki, artıq ölkənin ödəniş sistemi iflic olub, heç kim ödəniş etmir: "Hamı gözləyir ki, devalvasiya olacaq. Sahibkarlar da fəaliyyətlə məşğul ola bilmirlər. Ona görə ki, onlar öz mallarını ucuz manata satmaq istəmirlər. Qiyməti dollara bağlamaq isə qanunsuzdur. Buna görə belə iflic vəziyyət yaranıb. Növbəti kəskin devalvasiyalar isə ölkədə kütləvi qiymət artımına aparacaq. Çünki biz ən sadə malları belə idxal edirik, xaricdən dollarla alınır. Valyutamızın dəyərdən düşməsi məhz ona gətirəcək ki, ölkədə bütün qiymətlər qalxacaq. Bu baxımdan, ürəkaçan bir vəziyyət deyil", deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, ötən il ölkənin bank sistemi faktiki olaraq çöküb: "11 bank bağlanıb... Bu il azı 10 bank da bağlanacaq. Əmanətlərin banklardan çıxarılması prosesi güclənəcək. Faktiki olaraq pul kütləsi xeyli azalacaq. Bankların problemli kreditləri, dollar kreditləri ilə bağlı məsələ dolların bahalaşması fonunda daha da gərginləşəcək. Bu il bank-borclu münasibətləri daha da şiddətlənəcək. Əhalinin əlindən əmlakının alınması artacaq. Hökumət isə mövcud qanunvericiliyi dəyişdirməyə hazırlaşır. İqtisadiyyatla bağlı "yol xəritələri"ndə bu göstərilib. Borcluların əlindən əmlakının alınması, icra proseslərinin, girovların satılmasının tezləşdirilməsi kimi məsələlər var..." - Əkrəm Həsənov deyib.

"Azadlıq": Bloqçu Mehman Hüseynov oğurlanıb

Gənc blogger Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında yoxa çıxdığı barədə məlumat yayılıb.

"Mehman bizdən təxminən 8-in yarısı ayrılıb, başqa bir dostu ilə görüşməyə getdi. Sonra həmin dostu ilə də görüşməyib. Ondan bu yana da xəbər yoxdu, telefonu da bağlıdır", deyə bloggerin dostu NİDA-çı gənc Ülvi Həsənli yazıb.

Azadlıq.info yazır ki, Mehman Hüseynov hazırda Nəsimi rayon məhkəməsindədir. Vəkil Elçin Sadıqov məlumat verib ki, bloggerin məhkəmə prosesi saat 15-də başlayacaq.

"Son məlumata görə, Mehman Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin tələbinə tabe olmamaq) maddəsi ilə ittiham olunur. O, hazırda Nəsimi məhkəməsindədir. Məhkəmənin önünə çoxlu sayda ictimai fəal toplaşıb", - məlumatda deyilir.

"Azadlıq": Polis avtomobilini çəkiclə əzən şəxs: "Bezmişdim, əsəbiləşib əzdim"

Yol Patrul Xidmətinin (YPX) avtomobilini çəkiclə əzməkdə və narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Şahin Bəylərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Məhkəmədə Ş. Bəylərov çıxış edərək narkotik vasitə istifadə etmədiyini bildirib: "YPX avtomobilini polis əməkdaşları tərəfindən təhqir olunduğum üçün əzmişəm. Avtomobil idarə edəndə çox vaxt məni saxlayırdılar. Bezmişdim. Buna görə əsəbiləşib, avtomobilə hücum etdim".

(Sosial şəbəkələrdə bu hadisəni əks etdirən video yayılmışdı. - BBC)

Proses yanvarın 16-da davam edəcək.

"Azadlıq": "Nardaran işi" "Məni İlham Əliyev eşitsin, dövləti çevirən onun özüdür"

«Müsəlman Birliyi» Hərəkatının sədri, ilahiyyatçı Tale Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və «Nardaran işi» üzrə həbs olunmuş daha 16 nəfərin işi üzrə davam edən məhkəmənin yanvarın 9-da keçirilən iclasında Taleh Bağırov iddia edib ki, proses daxili işlər naziri Ramil Usubovun müdaxiləsilə keçir.

O həmçinin iddia edib ki, İlham Əliyev də məhkəməni nəzarətdə saxlayır: "Mənim ona ürək sözlərim olacaq. Deyirlər ki, guya biz dövlət çevrilişi hazırlamışıq, hakimiyyəti zorla ələ keçirmək istəmişik. Əslində isə, 11 il ərzində MTN və onun generalları bu dövləti zorlayıb. Məni İlham Əliyev eşitsin, dövləti çevirən onun özüdür".

Bu barədə daha geniş