Mətbuat icmalı: Prezident İlham Əliyev: "İki uzunqulağın arpasını bölə bilməyən, bizə dərs öyrədir"

Fotonun müəllifi President.az

"Yeni Müsavat": Prezident İlham Əliyev: "İki uzunqulağın arpasını bölə bilməyən, bizə dərs öyrədir"

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib ki, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə 3 pillə irəliləyərək 40-cı pillədən 37-ci pilləyə qalxıb.

"Biz MDB məkanında yenə də birinciyik və bu birinciliyi saxlamışıq. Bax, budur, beynəlxalq aparıcı iqtisadi qurumların hesabatları.

Düzdür, müxtəlif qeyri-hökumət təşkilatları var, hamımız bilirik ki, onlar haradan maliyyələşir, onların hədəfi bizə ləkə vurmaq, bizi qaralamaq, bizim işimizə kölgə salmaqdır. Onların illər boyu apardıqları antiazərbaycan kampaniyaları heç bir nəticə vermir. Onların reytinqlərinə heç fikir verməyə də dəyməz. Eyni zamanda, özlərini böyük iqtisadiyyatçı adlandıran bəzi yerli nümayəndələr də müxtəlif çıxışlar edirlər, müxtəlif qiymətlər verirlər. Tamamilə cəfəng fikirlərdir, bizim gözəl atalar sözü var: "İki uzunqulağın arpasını bölə bilməyən, bizə dərs öyrədir". Yəni, bütün bunlara fikir vermək lazım deyil. Əsas bizim uğurlu inkişafımızdır, aparıcı beynəlxalq iqtisadi qurumların qiymətidir və bizim reallığımızdır" - prezident deyib.

"Azadlıq": Mehman Hüseynov məhkəmədən çıxdı və başına gətirilən dəhşətləri danışıb

Vəkil Elçin Sadıqov deyib ki, blogger Mehman Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (polisin qanuni tələbinə tabe olmamaq) təqsirli bilinərək 200 manat cərimə olunub. Eyni zamanda, məhkəmə qərar verib ki, Mehman Hüseynova işgəncə verilməsi şikayəti ilə bağlı Nəsimi rayon prokurorluğu araşdırma aparsın.

"Məhkəmədən çıxandan sonra Mehman Hüseynov binanın qarşısında jurnalistlərə və onu gözləyənlərə açıqlama verib. Blogger faktiki oğurlanmasını və başına gətirilənləri göz yaşları içində danışıb...

"Mən 3 saat başımda torba, üzü aşağı saxladilar. Ayağıma elektroşok verdilər, vurdular, hiss edirdim ki, burnumdan qan gəlir. Mən dözürdüm. Nəfəsim kəsilirdi. Məni sözlə təhqir edirdilər", - deyə bliogger qeyd edib.

Mehman Hüseynovun sözlərinə görə, onu döyənlərə bildirib ki, nə etsələr də sınmayacaq və peşə fəaliyyətini dayandırmayacaq. "Mən sınmamışam!" deyə blogger bəyan edib", - yazıda deyilir.

Mehman Hüseynovun sözlərinə görə, onu Nəsimi Rayon Polis İdarəsinin rəis müavinin yanına gətirəndə ürəyi gedib:

"Mən özümdən getmişəm. Birdə hiss etdim ki, əlimi qaldırıb hansısa sənədə qol çəkdirirlər. Bunlar bu vəziyyətdən istifadə ediblər".

Mehman Hüseynov deyib ki, onun üstünə təcili yardım çağırıblar", - yazıda deyilir.

Bloqqer məhkəmədən də danışıb:

"Hakim özü mənə ittihamın qurama olduğunu gördü. 200 manat cərimə edildim. O cəriməni də ödəməyəcəyəm", deyə o bildirib.

"Azadlıq": "Azəriqaz" köhnə borcları yeni tariflə hesablayır

"Yanvarın 1-dən etibarən istifadə etdikləri qaza görə borcunu ödəmək istəyən, köhnə sayğaclarını yeni smart tipli sayğaclarla əvəz etmək istəyən sakinlər "sürprizlə" qarşılaşıblar.

Borclarını ödəmək üçün "Azəriqaz" İstehsalat Birliyinin Babək prospektində yerləşən «Azqazservis»-ə yollanan sakinlərdən bir neçə ay və ya il bundan əvvəl istifadə etdikləri qaza görə ödəməni yeni tariflə (istifada olunan qazın 1700 kubmetri 10 qəpikdan qalanı isə 20 qəpik olmaqla) ödəmək tələb olunub", - yazıda deyilir.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev bu məsələdə heç bir qanun pozuntusunun olmadığını deyib.

"Söhbət ondan gedir ki, nə vaxt istifadə olunmasından asılı olmayaraq istehlakçının ödəmə etdiyi tarixdən satış həyata keçirilir. Yəni, istehlakçı istifadə etdiyi qaza görə borcunu dekabr ayında ödəsəydi köhnə tariflə hesablanacaqdı. Ödəməni gecikdirib yanvar ayında etdikləri üçün yeni tariflə ödəməyə məcburdurlar", deyə o bildirib.

Ancaq Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Azadlıq"a açıqlamasında bildirib ki, "Azəriqaz"dan hər cür əcaiblik gözləmək olar. "Azəriqaz" yalnız insanların cibinə girməklə məşğuldur. Bu anormal bir haldır. Artıq bizə bununla bağlı 3 müraciət daxil olub. Bu istehlakçı hüquqlarının pozulmasıdır. Bu istehlakçının düzgün məlumatlandırılmamasının, ümumiyyətlə onun səsinin eşidilməməsinin bariz nümunəsidir. İnhisarçı şirkətlər istehlakçılarla istədiyi kimi davranır və öz şərtlərini diqqtə edirlər. Hökumət üzünü istehlakçılara tərəf çevirməlidir", deyə o bildirib.

"Azadlıq": Taleh Bağırzadə İlham Əliyevə müraciət etdi: "Əgər cəsarətiniz varsa…"

Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə prezident İlham Əliyevə müraciət edib. Taleh Bağırzadə müraciətində yazır:

"Cənab İlham Əliyev!

Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran işi" adlı tamaşa prosesinin birbaşa sizin nəzarətiniz altında olması və bu tamaşa prosesini idarə edən hakimlər briqadasının formal xarakter daşıdığını, sonda bizə veriləcək qondarma həbs cəzalarının da sizin imzanızla təsdiqini tapacağını nəzərə alaraq, qabaqcadan sizə müraciət edirəm.

...Cənab Əliyev! Sizin və hakimiyyətinizin illərdi Tale Bağırzadəyə qarşı zülm və haqsızlıqlarının əsas səbəbi Tale Bağırzadənin şəxsindən qorxmağınızda deyil. Hakimiyyətinizi qorxudan və sarsıdan Tale Bağırzadənin qəlbində daşıdığı nəcib İmam Hüseyn (ə) sevgisi və Hüseyni düşüncələridi.

Əslində, haqqınız da var qorxasınız. Çünki 1400 ildir bu əzəmətli Hüseyni düşüncə - "Ölümü səadət, zalımlarla yaşamağı zillət sayıram" pıçıltısı zalım hakimlərin yuxularını ərşə çəkib, həyatlarını kabusa çevirib.

Sizi əmin edirəm ki, "Nardaran faciəsi"ni törətməklə, günahsız insanların qanını axıtmaqla öz hakimiyyətinizin sonunu yaxınlaşdırdınız...

...Sizdən tələb edirəm ki, əgər cəsarətiniz varsa, mənə veriləcək ömürlük həbs cəzasını başqa bir cəza növü ilə əvəz etməyəsiniz.

Biz bu şərəfli xalqın azadlığı uğrunda, gələcək xoşbəxtliyi naminə nəinki ömürlük həbs cəzası almağa, hətta edam olunmağa, tonqalda diri-diri yandırılmağa hazırıq. Qoy Allah bizim və sizin aranızda Hakim olsun!

fins.az: Avropa İttifaqı bu layihələrə pul ayıracaq

Avropa Qonşuluq Siyasəti üzrə İnformasiya Mərkəzindən bildirilib ki, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi qrantların ayrılması üçün ölkənin kənd ərazilərinin inkişafı üzrə təşəbbüslərlə əlaqədar ərizə qəbulu elan edib.

""Azərbaycanın kənd rayonlarında bazar iqtisadiyyatının və məşğulluğun inkişafı təşəbbüsləri" layihəsinin əsas məqsədi Abşeron yarımadası istisna olmaqla, Azərbaycanın digər bölgələrində yeni iş yerlərinin yaradılmasına və iqtisadi inkişafa kömək etməkdir", - Trendə istinadən verilən xəbərdə deyilir.

"Azərbaycan": Prezident İlham Əliyev: Dövlət Neft Fondunun vəsaitini bu il daha da artıracağıq

"2016-cı ildə əsas vəzifələrdən biri valyuta ehtiyatlarımızı, xüsusilə Neft Fondunun vəsaitini qorumaq idi. Biz buna nail ola bilmişik. Mən indi dünyada gedən proseslərə xalqımızın diqqətini bir daha yönəltmək istəyirəm. Demək olar ki, neftlə zəngin olan bütün ölkələrin valyuta gəlirləri böyük dərəcədə aşağı düşüb. Neft fondları, suveren fondlar, digər fondlar, pensiya fondları, bunların müxtəlif adları var. Bu fondlarda yığılan vəsait kəskin şəkildə aşağı düşmüşdür. Azərbaycanda isə biz demək olar ki, Neft Fondunun gəlirlərini qoruya bildik".

Bu sözləri Prezident İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Ölkə başçısı bildirib ki, Neft Fondunun gəlirləri cəmi 4 faiz aşağı düşüb. "...Yəni, bu gün Azərbaycan Dövlət Neft Fondunda 33 milyard dollar vəsait var. Biz bunu qorumuşuq, qoruyacağıq və əminəm ki, bu il bunu daha da artıracağıq", deyə o bildirib.

"Xalq qəzeti": Prezident Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin dövlət katibinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev yanvarın 10-da Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin inkişaf və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Mari Le Guenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, energetika, mədəniyyət, təhsil və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, parlamentlərarası əməkdaşlıq əlaqələrimizin genişlənməsinin önəmi qeyd olunub. Söhbət zamanı humanitar sahədə əlaqələrin uğurla inkişaf etdiyi bildirilərək, Bakıda Fransız-Azərbaycan Universitetinin fəaliyyətə başlamasının bu sahədə əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edilib", deyə məlumatda qeyd edilir.

Görüşdə, həmçinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyi əminliklə qeyd olunub, əlaqələrimizin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Bu barədə daha geniş