Mətbuat icmalı: SOCAR-ın vitse-prezidenti istintaqa cəlb olunub?

Fotonun müəllifi Getty Images

"Azadlıq": SOCAR-ın vitse-prezidenti istintaqa cəlb olunub?

Yanvarın 11-də bir sıra elektron kütləvi informasi vasitələrində SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun "Gülən işi üzrə" istintaqa cəlb olunduğu barədə məlumat yayılıb.

SOCAR-ın Mətbuat Xidmətinin məsələ ilə bağlı verdiyi açıqlamada deyilir:

"Rəsmi şəkildə bildiririk ki, bu məlumat tamamilə əsassızdır. SOCAR-ın heç bir vitse-prezidenti heç bir cinayət işi üzrə istintaqa cəlb edilməyib. Bildiririk ki, həqiqətə uyğun olmayan məlumatlar yayan sayt rəhbərlərini "Kütləvi İnformasiya Vasitələri haqqında" Qanunun müddəalarına uyğun olaraq məsuliyyət daşıyırlar".

"Azərbaycan": Avropa Şurasının baş katibi Ermənistan tərəfini Azərbaycan əsgərinin cəsədini qaytarmağa çağırıb

Avropa Şurasının baş katibi Torbyorn Yaqland Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş Azərbaycan əsgərinin cəsədinin qaytarılmasına çağıran bəyanat verib.

"Bəyanatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin humanitar aspektlərindən narahatlıq ifadə olunub. Baş katib dekabrın 29-da baş vermiş hadisənin ölümlə nəticələnməsindən və Ermənistan silahlı qüvvələrinin həlak olmuş Azərbaycan əsgərinin cəsədini hələ də saxlamaqda davam etməsindən məlumatlı olduğunu bildirib.

T.Yaqland tərəfləri atəşkəsə əməl etməyə çağırıb və ATƏT-in Minsk qrupunun 2010-cu il Həştərxan Sammitində əldə edilmiş razılaşmalara uyğun olaraq cəsədin təxirə salınmadan qaytarılması ilə bağlı tələbini tam dəstəklədiyini qeyd edib", deyə xəbərdə qeyd edilir.

"Xalq qəzeti": Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb

Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 41 hərbi qulluqçusu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Məlumatda deyilir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Qeyd edilir ki, hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.

"Azadlıq": AŞPA həmməruzəçilərinin Azərbaycana səfəri başlayıb

"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Ştefan Şennax və Sezar Florin Predanın Azərbaycana səfəri başlayıb.

Səfər zamanı həmməruzəçilər Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəliklərinin yerinə yetirilməsi vəziyyətini qiymətləndirəcək", - məlumatda deyilir.

Ştefan Şennax və Sezar Florin Predan Bakıda Azərbaycan Prezidenti, parlamentin sədri, ədliyyə və daxili işlər nazirləri, Ali Məhkəmənin sədri, baş prokuror, vəkillər kollegiyasının sədri, parlament üzvləri, o cümlədən Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə görüşlər keçirəcəklər.

Həmməruzəçilər vətəndaş cəmiyyətinin, müxalifət partiyalarının, eləcə də beynəlxalq ictimaiyyətin nümayəndələri ilə də görüşəcəklər.

Səfərin yanvarın 14-dək davam edəcəyi bildirilir.

"Azadlıq": Dünya hesabatı: Azərbaycan hakimiyyəti repressiyaları dayandırmır

Human Rights Watch təşkilatının 2016-cı il üçün Dünya Hesabatı (World Report 2016) açıqlanıb. Hesabatda dünyanın 90 ölkə və ərazisində insan haqlarının 2016-ci il ərzində vəziyyəti və bu sahədə hökumətlərin fəaliyyəti təhlil edilir. Sənədin Azərbaycan həsr olunmuş fəslində deyilir ki, Azərbaycan hakimiyyəti 2016-cı ildə də fərqli səsləri boğmaqla, bir vaxtlar canlı və müstəqil olan vətəndaş cəmiyyətini daha ağır vəziyyətə salıb.

Hesabatda qeyd edilir ki, məhdudlaşdırıcı qanunlar ölkədə QHT-lərin fəaliyyətini hələ də qeyri-mümkün edir.

"Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü təşkilatı Azərbaycanın bu qurumdakı tam üzvlüyünü bərpa etməkdən imtina edib. Təşkilat Azərbaycana özünün məhdudlaşdırıcı qanuvericiliyini islah etməsi üçün 4 ay vaxt qoyub.

Prezidentin əfv fərmanı ilə azad olunanların əksəriyyətinin üzərində səfər qadağanı qalmaqda davam edir. Həbsxanadan azad edilmiş jurnalistlər üçün peşə fəaliyyətlərini bərpa etmək də təhlükəli olaraq qalır..." - sənəddə deyilir.

Hesabatda qeyd edilir ki, təkcə ötən apreldə Berlində mənzillənmiş müstəqil Meydan TV saytı ilə əməkdaşlıq edən 15 jurnalistə qarşı iqtisadi cinayət və vergidən yayınma maddələri üzrə cinayət araşdırmaları başlanıb.

"2015-ci ilin dekabr ayında Meydan TV-nin sürgün edilmiş üç jurnalistinin qohumları məhkum ediliblər. Onlar sonradan, 2016-cı ilin aprelində əfvə düşüblər.

"Azadlıq" qəzeti borcla əlaqədar üzləşdiyi qısnamalarla bağlı nəşrini dayandırıb, özəl, lakin hökumətyönlü ANS TV Fethullah Gülenlə müsahibənin anonsunu verdikdən sonra lisenziyası ləğv olunub..." -hesabatda daha sonra deyilir.

fins.az: "AZAL" Gəncə reyslərini bağladı

"Azərbaycan Hava Yolları" yanvarın 9-dan Bakı-Gəncə-Bakı uçuşlarını kommersiya baxımından səmərəli olmadığı üçün dayandırıb.

"AZAL Bakı-Gəncə-Bakı reysini "rentabelli fəaliyyət göstərməməsi ilə bağlı olaraq 2015-ci ildə də dayandırmışdı. Lakin bir müddət sonra uçuşlar bərpa edilmişdi.

Uçuşlar hər gün "Embraer" tipli təyyarələr vasitəsilə həyata keçirilirdi. ...Biletlərin qiyməti 30 manatdan başlayırdı", - xəbərdə deyilir.

Bu barədə daha geniş