Mətbuat icmalı: "Azercell"in əsas təsisçisi Azərbaycandan gedir

Fotonun müəllifi Getty Images

"Azadlıq": "Azercell"in əsas təsisçisi Azərbaycandan gedir

"Azercell"in əsas təsisçisi "Telia Company" 2016-cı illə bağlı illik hesabatında Azərbaycandakı fəaliyyətini məhdudlaşdırdığını bildirib.

"Hesabatda deyilir ki, "Telia Company" Avrasiya məkanında (Qazaxıstan, Azərbaycan, Özbəkistan, Tacikistan, Gürcüstan, Moldova və Nepal) fəaliyyətini məhdudlaşdırmaq və bir müddət sonra regionu tərk etmək qərarını verib.

Şirkət bunu həmin bazarlarda hökumət müdaxilələri, səhmdarların öz öhdəliklərini yerinə yetirməsini əngəlləyən səbəblərlə izah edib.

"Telia Company" öz payını Azərbaycanda kimə satdığını açıqlamasa da, "ölkə.az" saytı onun öz payını "PaşaHoldinq"ə satdığını yazıb.

...Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Məlumat Layihəsinin (OCCRP) jurnalistləri bir neçə il öncə aşkar etmişdilər ki, "Azercell"də hökumətin payı müəmmalı yollarla Azərbaycan prezidentinin ailəsinə bağlılığı olan şirkətlərə ötürülüb", - yazıda deyilir.

"Azadlıq": SOCAR-ın keçmiş işçisi İŞİD-ə qoşulmağından danışıb

İbad Muxtarov, Məhəbbət Abdullayev, Nizami Mahmudov və Orxan Adıyev "İslam Dövləti" (İŞİD) və terror təşkilatı kimi tanınan başqa qruplaşmaların tərkibində təlimlər keçib döyüşməkdə, soyğunçuluqda, narkotik əkməkdə suçlanırlar. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Məhkəmədə dindirilən İbad Muxtarovun anası Hürü Muxtarova deyir ki, "oğlum heç toyuq başı kəsə bilmirdi, Suriyaya, İŞİD-çilərin yanına necə gedib çıxdı, bilmirəm". Ana ehtimal edir ki, oğlunu qorxudub, zorla silahlı qruplaşmalara cəlb ediblər.

"İ. Muxtarov Suriyaya getməmişdən öncə yaşadığı Qobustan qəsəbəsində mağazaya silahlı hücumla soyğunçuluq etməkdə suçlanır. Özü isə mağazaya girib spirtli içki tələb elədiklərini təsdiqləsə də, soyğunçuluq etmədiklərini söyləyir. Deyir ki, həmin vaxt satıcı onlara pul da təklif edib, amma götürməyiblər: "Uşaqlarla ovdan gəlirdik, yeyib-içəndə soruşdum ki, içki var? Məlum oldu ki, yoxdu. Üstümüzdə pul da yox idi. Ona görə mağazaya girib içki istədik. 3-4 şüşə içki götürüb çıxdıq".

Anası deyir ki, İbad bu hadisədən dərhal sonra Türkiyəyə qaçıb, özü zəng eləyib orada olduğunu deyib. Sonra təxminən iki ay ondan xəbər çıxmayıb. Bir xeyli müddət sonra zəng eləyəndə isə ağlayıb, deyib ki, Suriyadadır, onu zorla təlimlərə aparıblar..." - deyə məqalədə qeyd edilir.

fins.az: Ötən il altı vəzifəli şəxs rüşvət üstündə tutulub

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev ötən gün keçirdiyi mətbuat konfransında bildirib ki, 2016-cı il ərzində keçirilmiş 6 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 6 şəxs cinayət başında tutulub.

O bildirib ki, Baş İdarənin əməliyyat qurumları tərəfindən aparılan araşdırmalar üzrə fakta görə 32 cinayət işi başlanıb.

Prokurorluq rəsmisinin sözlərinə görə, Baş İdarənin əməliyyat qurumları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan 24 şəxs tutulub, 480 cinayət işinin ibtidai istintaqı aparılıb.

lent.az: Bakıda bir gündə iki kişi özünü asıb

Ötən gün Bakıda iki intihar hadisəsi baş verib.

APA-nın məlumatına görə, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yaşayan 61 yaşlı Rafiq Həmid oğlu Vəliyev özünü evində asıb. R. Vəliyevin özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum olmasa da, onun borcu olduğu bildirilir.

Bundan başqa, Bakının Sabunçu rayonunda 1983-cü il təvəllüdlü Pyotr Vozotintsev özünü yaşadığı evdə asaraq öldürüb.

Qeyd edilir ki, hüquq mühafizə orqanlarının əməkdaşları həmin şəxsin çoxlu miqdarda alkoqollu içki qəbul etdiyini müəyyənləşdirib. O, hadisə vaxtı evdə tək olub.

Qafqazinfo.az: Azərbaycanda qrip əleyhinə peyvənd neçəyədir?

Səhiyyə Nazirliyi (SN) Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib ki, Azərbaycanda əhali arasında qrip əleyhinə peyvəndləmə işlərinin dövlət tərəfindən aparılması nəzərdə tutulmur.

"Çünki hər il virusun tipi dəyişir. Ola bilər ki, vaksin həmin virusa təsir göstərməsin. Bu səbəbdən Azərbaycanda hələ ki, qripə qarşı peyvəndləmə işlərinin aparılması nəzərdə tutulmur. Amma əhalinin müəyyən qismi öz istəyi ilə özəl klinikalarda peyvənd olunurlar", deyə o bildirib.

"A.Əliyeva bildirib ki, immunoprofilaktika məqsədi ilə istifadə edilən vaksinlər ölkəyə UNİCEF-in xətti ilə gətirilir və nazirlik tərəfindən tibb müəssisələrinə paylanılır. Qripə qarşı özəl klinikaların istifadə etdikləri peyvəndlər isə müxtəlif əzcaçı firmaların vasitəsilə gətirilir. Lakin ölkəyə gələn bütün vaksinlərin dövlət qeydiyyatı tələb olunduğu üçün onların hamısı SN-nin Analitik Ekspertiza Mərkəzində yoxlamadan keçirilərək qeydiyyata alınır.

...Peyvəndin qiymətinə gəldikdə isə, ötən illə müqayisədə qiymətlər artıb. Ötən il klinikalarda qripə qarşı peyvəndin ən aşağı qiyməti 12 manatdan başlayırdı və 20-25 manata da (10 manat həkim müayinəsinin qiyməti daxil olmaqla) peyvənd etdirmək mümkün idi. Lakin araşdırmalardan aydın oldu ki, bu mövsümdə ən ucuz peyvənd 30 manatdır (həm böyük, həm də kiçiklər üçün, bu qiymətə həkim müayinəsi daxil deyil). Ümumilikdə hazırda klinikalarda həkim müayinəsi olmadan yalnız peyvənd etdirmək üçün təklif olunan qiymətlər 30-42 manat arasında dəyişir. Həkim müayinəsindən keçmək istəyənlərdən isə əlavə olaraq, 30-40 manat ödəmək tələb olunur," - deyə yazıda qeyd edilir.

Bu barədə daha geniş