Suyu kəsilmiş sakinlər: "Bizi uşaq yerinə qoyublar"
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Suyu kəsilmiş Bülbülə sakinləri: "Bizi uşaq yerinə qoyublar"

Bakı şəhəri Suraxanı rayonunun Bülbülə qəsəbəsində bir qrup ailə Azərsu Açıq Səhmdar Cəmiyyətindən şikayətçidir.

Sakinlərin sözlərinə görə, qurum bir neçə məhəllənin suyunu tamamilə kəsib. Səbəb isə bəzi sakinlərin suya görə yığılmış borcudur.

Beş gündür susuz qaldıqlarını deyən sakinlər bildirirlər ki, Azərsu ASC borcu olmayanlara maşınla su paylayır.

Sakinlər deyirlər ki, borcu olan vətəndaşlara görə borcu olmayanların suyunun kəsilməsi qanuni deyil.

Azərsu ASC-nin sözçüsü Anar Cəbrayıllı problemdən xəbərdar olduğunu deyir və qeyd edir ki, qurumun bu addımı atmasına səbəb ərazidə olan əhalinin kütləvi su borcudur.

“Bir neçə dalanda bu problem var, vətəndaşların kütləvi borcu var, biz onları ödənişə cəlb edə bilmirik. Evin içinə buraxmırlar ki, suyun verilməsini dayandıraq”, deyən qurum sözçüsü qanunun onlara belə addım atmağa icazə verdiyini də qeyd edir.

“Vətəndaşa bildiriş verilir, 1 ay müddətində ödəmirsə, suyun verilməsini dayandırmalıyıq”, o deyir.

Qurum sözçüsü bildirir ki, ərazidə bəzi ailələrin 150, 200, 180 manat su borcu var.

O iddia edir ki, ərazidə olan ailələrin cəmi 15-20 faizinin borcu yoxdur, sonra isə “...ödəmirlərsə, nə etməliyik” deyə sual verir.

Borcu olan qəsəbə sakini isə ödəniş edə bilməməsinin səbəbini işsizlikdə görür. O qeyd edir ki, onun borcuna görə digər ailələrin susuz qalması doğru deyil.

“Mənim borcum varsa, mənim suyumu kəssin”, o əlavə edir.

Hüquqşünas Ələsgər Məmmədli isə deyir ki, işıq, su qaz təchizatı fərdi müqavilə ilə təyin olunur və hər bir abunəçi buna görə sayğac qoydurur.

"Sayğaca da Azərsu ASC giriş-çıxış kontrolları qoymalıdır, abunə öz öhdəliyini yerinə yetirə bilmirsə, onun suyu kəsilməlidir", hüquqşünas deyir.

Onun sözlərinə əsasən, daha öncədən pulu ödəmiş müqavilə öhdəliklərini yerinə yetirmiş şəxsin başqasının borcuna görə suyunun kəsilməsi qanun pozuntusudur.

"İstehlakçı müqavilə öhdəliyi ilə məsuldur, qonşunun öhdəliyi ilə heç kim məsul ola bilməz", o vurğulayır.

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynovun sözlərinə görə, Azərsu-nun istehlakçının suyunu kəsməyə ixtiyarı var, ancaq bu fərdi qaydada aparılmalıdır.

Qurum rəhbəri Bülbülə qəsəbəsində yaranmış vəziyyəti istehlakçı hüqqularının pozulması kimi qiymətləndirir.

Lakin Azərsu ASC-nin sözçüsü Anar Cəbrayıllı bu fikirlərlə razı deyil. O vurğulayır ki, borcu olan vətəndaşlar su təminatının dayandırılması üçün qurum işçilərini evə buraxmadığı üçün, "onlar ərazinin suyunu kəsib, borcu olmayanlara maşınla su göndərirlər".