Mətbuat icmalı: SOCAR yenə "bahalaşmadan danışır"

Fotonun müəllifi Getty Images

"Azadlıq": SOCAR yenə bahalaşmadan danışır

SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov deyib ki, "manatın dollara nisbətən məzənnəsinin aşağı düşməsi səbəbindən SOCAR-ın zərəri yaranır".

"Üzən məzənnə rejimi nəzərə alınmaqla dollarla satın alınan qaza görə ödənişin müvafiq mexanizm işlənib hazırlanması məsələsi gündəmdədir. Lakin hələlik bu məsələ ilə bağlı heç bir danışıqlar aparılmır", Süleyman Qasımov deyib

"Təbii qazın indiki qiymətinin səmərəliliyi bizim üçün ziyanla həyata keçirilir. Əgər manatın dollara nisbətən məzənnəsi azalmaqda davam edərsə, SOCAR aidiyyəti qurumlara müraciət edəcək", - deyə o bildirib.

fins.az: Dərmanlar elektron reseptlə veriləcək

"Azəbaycanda telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsi"ndə elektron reseptlərin tərtib edilməsi nəzərdə tutulur.

"Hər bir həkimin elektron ünvanı və kodu olur. O kodla təyinatın hansı klinikadan hansı həkimin verdiyini müəyyən etmək olur. İcbari tibbi sığortanın tətbiqindən sonra həkimin xəstəyə resept yazmasına ehtiyac qalmır. Xəstənin adı, soyadı və digər məlumatları ilə birgə resept elektron sistemə yerləşdirilir. Xəstə aptekdən şəxsiyyət vəsiqəsini və ya ona veriləcək nömrəni göstərməklə dərmanları ala bilər", - Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

Deputat qeyd edib ki, əgər xəstə kağız formada yazılmış resepti itirərsə və ya resept yararsız hala düşərsə, sonradan lazım olduğunda həmin xəstənin hansı xəstəliklər keçirdiyi, hansı müalicəni aldığı və hansı dərmanları qəbul etdiyi barədə məlumatları əldə etmək çox çətin olur:

"Bəzi hallarda xəstə barəsində təcili qərar qəbul etmək lazım gəlir, lakin xəstə haqqında məlumatların olmaması vaxtında və düzgün qərar qəbul etməyə çətinlik yaradır. Elektron reseptlərin tətbiqindən sonra bu cür problemlər yaşanmayacaq, xəstə haqqında məlumatları çox asan və tez şəkildə əldə etmək mümkün olacaq. Ümumilikdə, elektron resept tətbiqinin üstünlükləri çoxdur" .

Fotonun müəllifi Matt Cardy/Getty Images
Image caption Yeni təşəbbüsə görə xəstə aptekdən şəxsiyyət vəsiqəsini və ya ona veriləcək nömrəni göstərməklə dərmanlar ala bilər.

"Azadlıq": "İlham Əliyev 15 ildir ki, eyni şeyləri deyir"

Azərbaycanda manat davamlı dəyərdən düşsə də, ərzaq, kommunal xidmətlər bahalaşsa da, Milli Bankın və Neft Fondunun ehtiyatları kəskin azalsa da, prezident İlham Əliyevin çıxışları ümidverici və pozitiv olmaqda davam edir.

Əliyevin tənqidçiləri deyirlər ki, prezident həqiqətləri təhrif edir, çünki ÜDM dörd faiz azalıbsa, inflyasiya ikirəqəmlidirsə, manat ucuzlaşırsa, bu, iqtisadi sabitlik deyil.

"Turan" agentliyinin direktoru Mehman Əliyevin sözlərinə görə, pozitiv danışmaq və ümid vermək İlham Əliyevin tərzidir. O, həmişə belə olub:

"...Bəli, İlham Əliyev 15 ildir ki, eyni şeyləri deyir. Bəzi dəyişiklik edir, amma mahiyyət dəyişmir. Azərbaycanın isə bu çıxışlar nəticəsində hansı vəziyyətə gəlib düşməsi göz qabağındadır, reallıqdır".

"Mehman Əliyev deyir ki, avtoritar rəhbərlərin həqiqətləri gizlətmək xüsusiyyəti var, onlar demokratik liderlərdən daha az səmimi olurlar, amma onun fikrincə, belə çıxışlarla nə daxildə, nə də xaricdə auditoriyanı deyilənlərə inandırmaq olmur:

"Əlbəttə ki, özü deyir, özü də eşidir. Bəlkə özü də bəlkə də inanmaq istəyir. Amma beynəlxalq qurumların, Azərbaycanla maraqlanan auditoriyanın ölkə haqqında kifayət qədər məlumatı var və vəziyyəti yaxşı bilirlər. Heç kimi aldatmaq mümkün deyil. Bu tipli bəyanatlarla Azərbaycana investisiya gətirmək mümkün olmayacaq" - yazıda qeyd edilir.

Əlaqəli mövzular